2002-ci il iyunun 15-də uzun zamandan bəri Sumqayıtda yaşayan Kamran kişinin ailəsində oğlan uşağı dünyaya gələndə həyat yoldaşının da, özünün də sevinci yerə-göyə sığmırdı. Yaxınları, doğmaları sevinclərinə qoşularaq onlara gözaydınlığı verir, ünvanlarına xoş sözlər deyirdilər. Hamı ürəkdən arzulayırdı ki, yeni doğulmuş körpə validenyləri üçün də, qoynunda dünyaya göz açdığı Vətən üçün də layiqli ovlad olsun, həmişə onların başını uca etsin.
Dünyaya gəlişi ilə valideynlərinə, yaxınlarına böyük sevinc bəxş edən körpənin adını Əli qoydular. "Adı ilə böyüsün, bəxtini, taleyini Tanrı versin" deyib ürəkdən dualar etdilər. Aylar, illər hiss olunmadan karvan kimi qatarlanıb üzü gələcəyə getdikcə Əli də yavaş-yavaş böyüyürdü. Yaşı çatanda Sumqayıt şəhər 13 nömrəli orta məktəbdə oxumağa getdi. Dərslərindən aldığı yüksək qiymətlərlə doğmalarını sevindirdi.
Zaman tez ötüb keçdi. 2020-ci ilin yayı idi. Yaşıdları kimi ona da ordu sıralarına çağırıldığı barədə çağırış vərəqi gəlmişdi. Neçə vaxt idi ki, bu günü, bu anı intizarla gözləyirdi. Vətənə əsgər olmaq, əldə silah torpaqlarımızın keşiyində dayanmaq, onu erməni işğalçılarından göz bəbəyi kimi qorumaq istəyirdi. Artıq illərdən bəri arzusunda olduğu gün gəlib çatmışdı.
2020-ci ilin iyulunda valideynləri, doğmaları Əlini ordu sıralarına yola saldılar. Tapşırdılar ki, torpaqlarımızın keşiyində ayıq-sayıq dayansın, yurdumuzu, el-obamızı düşmənlərdən qorusun, Vətənə layiqli əsgər olsun, komandirlərin tapşırıqlarını qüsursuz yerinə yetirsin. Əli Vəliyev verilən məsləhətləri sakitcə dinləyir, eşitdiklərini yaddaşına yazırdı. Valideynlərini əmin etdi ki, nümunəvi xidməti, bilik və bacarığı, cəsarəti ilə onların başını uca edəcək.
Əli Vəliyev ordu sıralarına bu ovqatla, bu həvəslə, bu arzu ilə getdi. Elə ilk günlərdən başlayaraq, doğmalarına verdiyi sözü yerinə yetirərək, təlim-məşqlərdə fəal iştirak edərək hərbi bilikləri dərindən mənimsədi. Təlimlərdə çalışqanlığı və fəallığı ilə seçildi. Nümunəvi xidməti ilə komandirlərinin və əsgər yoldaşlarının rəğbət və hörmətini qazandı. Buna görə dəfələrlə komandirlərindən təşəkkür aldı.
Əgər 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamasaydı, illərdən bəri susan silahlar bir payız günündə gurlamasaydı, əsgər Əli Vəliyev verdiyi sözü yerinə yetirəcəkdi - valideynlərinin yanına alnıaçıq, başıuca qayıdacaqdı. Amma müharibənin başlaması onun digər arzusuna yol açdı. Vətən torpaqlarını erməni işğalçılarından azad etmək, bu yolda vuruşmaq, düşməni məhv etmək Əli Vəliyevin ən başlıca istəyi idi. Üzərinə düşən bu müqəddəs vəzifənin məsuliyyətini ürəyində, qəlbində dərindən hiss edən əsgər İkinci Qarabağ müaribəsinin başladığı ilk günlərdən silaha sarılaraq qələbə ovqatı ilə döyüşlərə yollandı.
Əlinin döyüş yolu Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində olan əlverişli yüksəkliklərin azad olunması uğrunda gedən əməliyyatlardan başladı. Elə ilk həmlədən əsgər Əli özünə əlverişli mövqe seçərək cəsarətlə vuruşur, komandirin döyüş tapşırıqlarını dəqiq yerinə yetirirdi. Erməni işğalçıları neçə ildən bəri möhkəmləndikləri mövqelərdən çıxmaq istəmir, ciddi müqavimət göstərirdilər. Əsgər Əli Vəliyev güllələri geri çəkilmək istəməyən düşmənin üstünə dolu kimi yağdırırdı.
Müharibənin üç günü arxada qalmışdı. Silahlar isə susmurdu. Düşmən xeyli geri oturdulmuşdu. Qəsbkarların keçilməz hesab olunan mövqeləri darmadağın edilmişdi. Talış və Suqovuşan kəndləri istiqamətinə gedən yollar açılmışdı. İndi gərgin döyüşlər bu istiqamətdə gedirdi. Ordumuz yağıların müqavimətini qıra-qıra irəliləyirdi. Əsgərlərimizdən sarsıdıcı zərbə alan, məğlubiyyətin acısını dadan düşmən tələm-tələsik mövqelərini tərk edirdi. 19 yaşlı əsgər Əli Vəliyev də bu döyüşlərdə ön sıralarda vuruşurdu.
Təəssüflər olsun ki, sentyabrın 30-da - müharibənin 4-cü günü düşmənin atdığı mərmi əsgər Əlinin yaxınlığına düşdü. Partlayış səsi ətrafı başına götürdü. Bu qəfil partlayışdan yayınmaq mümkün deyildi. Cəsur əsgərin yenicə başladığı döyüş yolu yarımçıq qaldı. Ömrünün ən gözəl çağında - 19 yaşında yurdumuzun azadlığı uğrunda gedən əməliyyatlarda növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Əsgər Əli Vəliyev Qarabağ uğrunda gedən döyüşlərdə sonadək vuruşmaq istəyirdi. Amma nə edəsən ki, onun həm arzuları, həm də ömür yolu yarıda qaldı.
Əlinin yaşadığı evin qapısını qara xəbər döydü. Şəhid olduğu haqqında xəbər onun doğmalarını, yaxınlarını sarsıtdı. Valideynlərinin kəsilməyən ah-naləsi, qurumayan göz yaşları hamını kədərləndirdi. Əli hələ kiçik yaşlarından bayraq vurğunu idi. Bütün tədbirlərdə bayrağı öpüb gözləri üstünə qoyardı.
İllər əvvəl çəkilmiş həmin kadrları özündə qoruyub saxlayan şəkillərə illər sonra həyəcansız baxmaq mümkün deyil. Bir anlıq əlimizi yazıdan çəkib diqqətlə o şəklə baxırıq. Budur, növbəti tədbirlərin birində balaca Əli yenə bayrağımızı sevgi dolu ürəklə öpür. Şəhid Əli Vəliyevi bir zamanlar öpüb gözünün üstünə qoyduğu üçrəngli bayrağa büküb, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında azadlığı uğrunda vuruşduğu Vətən torpağına tapşırdılar.
İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Əli Kamran oğlu Vəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olundu.
Şəhid Əli Vəliyev ordu sıralarına yola düşəndə valideynlərinə verdiyi sözə əməl edərək Vətənə layiqli əsgər kimi xidmət etdi. Doğmalarının, yaxınlarının yanına alnıaçıq, başıuca və qəhrəman kimi döndü. Əli Vəliyev beləcə qısa, amma olduqca şərəfli, gələcək nəsillərə nümunə olacaq bir ömür yaşadı. Fəxr ediləsi, qürur duyulası bir ömür!
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"