11 İyul 2026 08:00
1271
SİYASƏT
A- A+
TOVUZ DÖYÜŞLƏRİ: qətiyyət və gücün nümayişi

TOVUZ DÖYÜŞLƏRİ: qətiyyət və gücün nümayişi


İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında erməni qəsbkarları üzərində qazandığı qələbə nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Qarabağ və Şərqi Zəngəzur erməni işğalçılarından azad olundu. Xalqımız uzun illərdən bəri gözlədiyi tarixi Zəfəri böyük sevgi və coşqu ilə qeyd etdi.

Amma 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə gedən yol başlanğıcını Tovuz döyüşlərindən götürmüşdü. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatlarında zəngin təcrübə qazanmış Azərbaycan Ordusunun hissələri Tovuz döyüşlərində də erməni işğalçılarına sarsıdıcı zərbələr vurmuşdu. Gücünü, qüdrətini separatçılara göstərmiş, ölkəmizin ərazisinin hər qarışını işğalçılardan cəsarətlə qorumuşdu. 

12 iyul 2020-ci ildə günorta saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatçı qrupları Azərbaycanın dövlət sərhədini pozaraq Tovuz rayonu istiqamətində yeni mövqelər ələ keçirmək üçün hücuma keçdilər. Düşmənin əsas məqsədi əlverişli yüksəkliklərə yiyələnmək idi. Mövqelərində ayıq-sayıq dayanan hərbi qulluqçularımız işğalçıların qarşısını almaq üçün təcili olaraq müvafiq tədbirlər görməyə başladılar. Neçə vaxtdan bəri susan silahlar bir an içində dilə gəldi. Görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində düşmən hücumunun qarşısı qətiyyətlə alındı, ağır itki verən işğalçılar geri çəkildilər. 

Amma düşmən silahı yerə qoymadı. Növbəti gün gecə və səhərə yaxın Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq üçün iriçaplı pulemyotlardan, qumbaraatanlardan, minaatan qurğulardan və digər silahlardan istifadə edərək yenidən mövqelərimizi atəşə tutdular. Təxribatın qarşısını almaq üçün hərbi birləşmələrimiz tərəfindən sərt cavab tədbirləri görüldü. Əks-həmlələr qarşısında duruş gətirməyən düşmən irəli gedə bilməyəcəyini görüb hücumlarını dayandırdı. Döyüş meydanlarında məğlubiyyətə uğrayan yağılar bunun əvəzini həmin gün sərhəd kəndlərinə atəş açmaqla çıxdılar. Tovuzun Ağdam, Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutdular. Əhali arasında qorxu və vahimə yaratmağa çalışdılar. Amma çirkin məqsədlərinə çata bilmədilər. Çünki qoşunlarımız tərəfindən qısa müddət ərzində düşmənin bu təxribatçı hərəkətlərinə qarşı sərt cavab tədbirləri həyata keçirildi. Dəqiq atəş zərbələri ilə Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti, zirehli texnikaları, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası və başqa zəruri hərbi infrastrukturu darmadağın edildi. İşğalçıların ordumuzun mövqelərini ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Düşmən bir addım da olsun irəliləyə bilmədi.

Əməliyyatlara əlavə qüvvələr cəlb edən işğalçılar həmin gün gecə və səhər saatlarında yenə də hücumlarını davam etdirdilər. İyulun 14-də erməni silahlı birləşmələri Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlar və artilleriya qurğularından fasiləsiz olaraq atəşə tutdular. Təəssüflər olsun ki, həmin gün olduqca gərgin keçən əməliyyat zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə hərbi qulluqçumuz şəhid oldular. Onların qisasını ordumuzun  cəsur zabit və əsgərləri aldılar. Ağır itkilər verən ermənilərin geri çəkilməkdən başqa çarələri qalmadı. 

Beləcə Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə Zəfərin başlanğıcı kimi yazıldı. Uğurla başa çatan döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadir və hazırdır. 

Tovuz döyüşləri zamanı erməni işğalçılarının onlarla canlı qüvvəsi, zirehli texnikası, dayaq məntəqəsi, artilleriya qurğuları və başqa silah-sursatları məhv edildi. Azərbaycan Prezidenti İlham Əliyev zabit və əsgərlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan, igidlikdən söz açaraq demişdir: "Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib". Dövlətimizin başçısı Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünün qorunacağını qətiyyətlə bildirdi. 

Tovuz döyüşləri həm də xalq və Prezident, xalq və ordu birliyinin sarsılmaz olduğunu göstərdi. Azərbaycan Ordusu bir daha sübut etdi ki, Ermənistan silahlı qüvvələri onun gücü və qüdrəti qarşısında çox zəifdir. Çünki Azərbaycan qısa müddət ərzində güclü və qüdrətli ordu yaratmış, müdafiəsini və təhlükəsizliyini  yüksək səviyyədə təmin etmişdir. 

Tovuz döyüşləri ordumuzun vətənpərvər, yurdunu, torpağını sevən olduğunu bir daha göstərdi. Zabit və əsgərlərimizin əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq nümunələri gənclərin vətənpərvərlik hisslərini daha da coşdurdu. Yurdunu, torpağını sevən, onun uğrunda hər an döyüşə hazır olan oğullar dəstə-dəstə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon bölmələrinə üz tutaraq Vətən torpaqları uğrunda vuruşmağa hazır olduqlarını bildirdilər. Tovuz döyüşlərinin davam etdiyi günlərdə Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdi. Düşmənə nifrət, axıdılan nahaq qanlar xalqımızda qələbə ovqatını daha da gücləndirdi. Erməni quldurları bu döyüşlərdə həm də onu gördülər ki, Azərbaycan Ordusunun generalları və yüksəkrütbəli zabitləri öz əsgərləri ilə çiyin-çiyinə vuruşurlar. Tabeliyində olan şəxsi heyəti qələbəyə ruhlandırır, cəsarətləri ilə onlara nümunə göstərirlər. 

Ermənilərin təxribatı nəticəsində başlayan Tovuz döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə sona çatmasını Ermənistanın bir çox hərbi ekspert də etiraf etdi. Ermənistan silahlı qüvvələrinin yüksəkrütbəli zabiti Arkadi Ter-Tadevosyan İrəvandakı "İmpuls 106.5 FM" radiosuna verdiyi müsahibəsində bildirmişdir ki, Azərbaycan Ordusu bu döyüşlərdə öz hədəfinə çatdı: "Onlar Ermənistanın bəzi hərbi obyektlərini darmadağın etməklə bərabər, həm də bizim əsas hərbi obyektlərimizin bir çoxunun yerini təsbit etməklə gələcək döyüşlərdə böyük üstünlüklər qazanmağı bacaracaqlar. Bu və ya digər ağır nəticələrə görə deyə bilərəm ki, Tovuz döyüşlərində Ermənistan ordusu məğlub tərəfdir".

Ermənilərin də etiraf etdikləri kimi, Tovuz döyüşləri Ermənistan silahlı qüvvələrinin hərbi gücsüzlüyünü, zəifliyini, Azərbaycan Ordusunun isə güclü, qüdrətli olduğunu bir daha göstərdi. Bu, xalqımızın döyüş ruhunun, vətənpərvərlik hissinin, torpağa sevgisinin, düşmənə nifrətinin yüksək səviyyədə olduğunun təcəssümü idi. Azərbaycan Ordusu Aprel döyüşlərində, Günnüt əməliyyatında, Tovuz döyüşlərində başladığı uğurlu əməliyyatlarını 44 günlük Vətən müharibəsində davam etdirdi, 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızı azad etdi. Bu səbəbdən hərb tariximizə böyük hərflərlə yazılmış Tovuz döyüşləri xalqımızın yaddaşında qəhrəmanlıq səhifəsi kimi qalacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!