Hər il məktəblilərin yay tətili başlanan kimi atasından xahiş edərdi ki, onu kəndə əmisigilə yola salsın. Bütün yay boyu dupduru suları dağlardan süzülüb gələn Axınca çayında üzərək möhkəmlənər, Əyri dərənin kəklikotusunun, yarpızının rayihəsini ciyərlərinə çəkər, böyürtkən, moruq kollarından əlləri ilə dərib yediyi meyvələrlə qarşıdakı qışın şaxtasından, soyuqdəyməsindən sığortalanardı...
Bəzən kənd uşaqları ilə dağa-daşa dırmaşaraq yorulanda, lalələrdən sanki xalı şərmiş yamaca uzananda baxışları Qaraqayanın, Dolmatlının, Genqüzeyin zirvələrinə yönələrdi. Ən çox da qəlbi Qaraqaya dağının başına pərvazlanardı. Bir dəfə dostlarından kimsə zarafat elədi: "Alpinist olsaydın, çatdığın zirvəyə Sahib adı verərdik". Hamı güldü. Çünki haqqında danışacağımız igidin adı Sahib idi.
Haqverdi kişi ailəsinin sonbeşiyinə bu adı min arzu-kamla vermişdi. Düşünmüşdü ki, digər övladları pərvazlanıb ev-eşik yiyəsi olandan sonra ata ocağına yurdçu kimi kiçik oğlu sahiblik edəcək. Bəlkə də heç ağlına gətirməmişdi ki, oğlunun qəlbində daha böyük və müqəddəs bir hiss - vətəninə, torpağına sahiblik hissi kök atacaq. Məqamı gələndə - yurda yağı basqın edəndə isə bu hisslə döyüşə atılacaq, onu qarşıda ölüm gözlədiyini bilə-bilə geriyə dönməyəcək...
Sahib özündən yaşca böyük olan üç bacısı və üç qardaşı kimi Bakının Binəqədi rayonundakı 115 nömrəli orta məktəbdə oxuyurdu. Ailə Bakıda yaşayırdı, soykökü isə Tovuz rayonunun Ağdam kəndindən idi. Sahib bu ata-baba kəndini çox sevirdi. Amma burada xoşuna gəlməyən bir məqam da var idi. Ağdam sərhəd kəndi olduğundan buraya ermənilər tez-tez gələrdi. Xüsusilə yay vaxtı bağ-bostanın tör-töküntülərini yığıb aparardılar. Özlərini çox mehriban göstərməyə çalışsalar da, Sahib hələ uşaqkən onların sifətindəki yaltaqlıq və riyakarlığı aydın görərdi...
Sahib Hüseynov orta təhsilini başa çatdırandan sonra Bakıdakı 25 nömrəli texniki-peşə məktəbində oxudu. Təmirçi-çilingər peşəsinə yiyələndi. 1989-cu ildə onu keçmiş sovet ordusu sıralarına xidmətə çağırdılar. İki il Polşada xidmət etdikdən sonra Bakıya qayıtdı.
...1991-ci ilin sonu idi. Atası əsgəri xidmətini başa çatdırıb evə dönmüş Sahib üçün münasib iş yeri axtarırdı. O isə yenidən əsgər olmaq qərarına gəlmişdi. Bu dəfə öz yurdunun əsgəri olmaq, doğma Azərbaycanını müdafiə etmək istəyirdi. Anası Pərizal xanım oğlunun fikrini biləndə çox narahat oldu. Axı ananın gözü yollardan təzəcə yığılmışdı.
- Narahat olma, ana, uzağa getmirəm. Xahiş etmişəm ki, məni Tovuza göndərsinlər, öz kəndimizə, - dedi.
1992-ci ilin fevralında Sahib könüllü olaraq ata-baba yurdunun imdadına tələsdi. Çətin vaxtlar idi. Düşmən dağların qoynuna sığınmış bu kəndə, onun əkin-biçinlə, heyvandarlıqla, quşçuluqla məşğul olan dinc sakinlərinə rahatlıq vermirdi. Məqsəd insanları bu gözəl məkandan pərən-pərən salmaq idi, amma onlarla bacara bilmirdi. Kənd vuruşur, şəhid verir, cavanlar canından-qanından keçir, camaat mərdliklə dözüb dayanırdı.
Sahib Ağdam kəndinə, bax, belə bir dövrdə gəlmişdi. Kəndi qoruyan igidlərlə birlikdə dağlara çəkilmişdi. Komandirlərinin tapşırıqlarını həmişə ləyaqətlə yerinə yetirirdi. Neçə dəfə düşmənlə göz-gözə dayanmış, qeyrətlə döyüşmüşdü.
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunanda Sahib artıq iki ildən çox idi ki, doğma torpağın müdafiəsində dayanmışdı. Yenə də dağlardan kəndə keşik çəkirdilər.
Artıq 1994-cü ilin ortaları idi. Komandiri iyulun 14-də Sahibin ad günü olduğunu eşidib o ərəfədə onu yaxınlıqda yaşayan əmisi Teymur kişigilə göndərir. Bu icazə Sahibə, əlbəttə ki, mərd döyüşçü olduğu üçün verilir.
Əmisinin evinə çatar-çatmaz yolda atəş səsləri eşidən Sahib ayaq saxlayır. Ürəyində "namərdlər atəşkəsi pozdular", - deyir və dərhal geriyə dönməyi qərara alır. Döyüşə atılır... və bu onun son döyüşü olur.
Sahib bu ali məqama elə zirvədə, kəndi əhatə edən dağlardan birinin - Qaraqayanın başında çatır. Bir vaxtlar ətəyində dayanıb zirvəsinə həsrətlə baxdığı Qaraqayanın…
İllər keçsə də, Vətən öz igid övladını unutmur. Prezident İlham Əliyevin 24 iyun 2010-cu il tarixli sərəncamı ilə Sahib Hüseynov "Hərbi xidmətlərə görə" medalına layiq görülüb. Bakının Rəsulzadə qəsəbəsində Sahib Hüseynov küçəsi var.
23 yaşı tamam olan gün əbədiyyətə qovuşan şəhidimiz yaşasaydı, indi 55 yaşını qeyd edərdi. Doğmaları, dostları, döyüş yoldaşları, həmkəndliləri bu günü unutmayıblar. Sahib Hüseynovun eyni zamanda şəhidliyinin 32 ili tamam olur.
32 il. Bu illər ərzində Sahibin vuruşduğu yerlərdə nələr oldu, igidlər düşmənlə neçə döyüşə atıldı, neçə oğul həyatından, neçəsi sağlamlığından keçdi... 2020-ci ilin məlum Tovuz hadisələri də məhz bu məkanda baş vermişdi. Xalqımızın ən yeni tarixinin qəhrəmanlıqlarından biri bu dağlarda göstərilmişdi.
Tovuzun Ağdam kəndinin Şəhidlər xiyabanında 1990-cı illərin əvvəlində yurdun müdafiəsinə qalxan igidlərlə yanaşı, 2020-ci ilin iyul hadisələrində və 44 günlük Vətən müharibəsində fədakarlıq göstərən oğullar uyuyur. 32 il əvvəl Sahibin də son mənzilinin uğrunda həyatından keçdiyi kənddə olmasına camaat özü qərar vermişdi. Bura kənd sakinlərinin hər gün gül-çiçəyə qərq etdiyi qürur yeridir.
Flora SADIQLI,
"Azərbaycan"