Şuşada keçirilən IV Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunsa da, tədbirdə iqtisadi məsələlərdən də ətraflı bəhs edilmişdir. Prezident İlham Əliyevə verilən suallar iqtisadiyyatın bir sıra sahələrinə aid olmuş və toxunulan mövzu cavablarda öz geniş əksini tapmışdır.
Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu, Qarabağda və Şərqi Zəngəzurda gedən geniş quruculuq, rəqəmsal transformasiyanın və süni intellektin inkişafı... Bunlar ətrafında söhbət gedən mövzuların yalnız bir qismidir. Eyni zamanda forum boyu əsas mövzulardan biri enerji sektoruna aid olmuşdur. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın ölkəmizə son səfərlərinin hələ də diqqət mərkəzində olduğu bildirilmişdir.
"Euronews" telekanalının Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə idarəedici redaktoru Ceyn Vizerspun Azərbaycanın artıq 16 ölkəyə qaz tədarük etdiyini, onlardan 14-nün Avropa ölkəsi olduğunu vurğulamışdır.
Cari ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başladığımız və bunun qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsi olduğu nəzərə çatdırılmışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edir və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdədir.
Prezidentimiz qaz ixracından danışarkən mühüm bir məsələyə də toxunmuşdur. Bu da ixrac infrastrukturunun genişləndirilməsi məsələsidir: "Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına tələbat kəskin şəkildə artdı. Avropa Komissiyası bizə müraciət edərək hasilatı mümkün qədər tez artırmaq üçün əlimizdən gələni etməyimizi xahiş etdi və biz bunu etdik. Yeri gəlmişkən, Avropa Komissiyasının prezidentinin Azərbaycana son səfəri zamanı da qeyd olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz tədarükümüzü 65 faiz artırmışıq və bu göstərici gələcəkdə də artacaq. Buna görə də mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin bu istiqamətdə əsas maneə Avropa İttifaqının "yaşıl gündəliy"idir. Avropa maliyyə institutları faydalı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsində maraqlı deyillər. Bu baxımdan əsas sual ondan ibarətdir ki, boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması üçün zəruri maliyyə vəsaiti haradan cəlb edilməlidir".
Digər vacib bir məsələ də uzunmüddətli müqavilələrin bağlanmasıdır. Prezident İlham Əliyev: "Bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var. Çünki hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün irihəcmli investisiyalar tələb olunur. Əgər müəyyən vaxtdan sonra bizə "təşəkkür edirik, artıq qazınıza ehtiyacımız yoxdur" deyilərsə, onda biz nə edəcəyik?", - deyə bəyan etmişdir.
İndi Azərbaycan heç nəzərdə tutmadığı bir bazara - Suriyaya qaz ixracına başlayıb. Oradan yüksək tələbatın mövcud olduğu qonşu bazarlara çıxış imkanları da var.
Ölkəmizdə bərpaolunan enerji sahəsində də genişmiqyaslı işlər həyata keçirilir. Bu enerji mənbələri artıq xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə həmin göstərici daha da artacaq. Belə ki, 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmaq hədəflənib. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə edilən bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.
Ümumiyyətlə isə gündəlikdə kifayət qədər geniş məsələlər durur. Bunları sıralamaq çətindir, çünki hər biri vacibdir. İstər işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasının başa çatdırılması olsun, istərsə də yeni nəqliyyat marşrutlarının və bağlantı imkanlarının formalaşması, rəqəmsal transformasiyanın və süni intellektin inkişafı...
"Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq", - deyə dövlətimizin başçısı bildirmişdir.
Ölkəmizdə bu sahədə artıq böyük işlər görülüb və işlər yekunlaşıb. Lakin qeyd etdiyim kimi, həm ənənəvi enerji resurslarımıza, həm də bərpaolunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bizim bərpaolunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda ümumi gücü 340 meqavat olan su-elektrik stansiyaları artıq istifadəyə verilib. Bundan əlavə, növbəti bir il ərzində 340 meqavat gücündə günəş-elektrik stansiyalarının tikintisi də başa çatdırılacaq. Buna görə, elektrik enerjisinin Avropa bazarına ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var və bizim əlavə imkanlarımız var".
"Yaşıl enerji"nin ixracı barədə söz düşəndə 2024-cü ildə Bakıda imzalanmış müqavilə xatırlanmışdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair həmin müqaviləni COP29-un davam etdiyi günlərdə imzalamışdılar. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır.
Yeri gəlmişkən, Qazaxıstanın nümayəndəsinin sualını cavablandırarkən Prezident İlham Əliyev bildirmişdir ki, bu ölkə ilə Azərbaycanı, həmçinin geniş coğrafi ərazini birləşdirəcək və rəqəmsallaşma, süni intellekt, verilənlər bazaları və sairə ilə bağlı proseslərin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzərində ikitərəfli əməkdaşlıq edirik. Qazaxıstandan müəyyən həcmdə neft Azərbaycan ərazisindən nəql olunmağa başlayıb.
Şuşa Qlobal Media Forumunun iştirakçıları ölkəmizin iqtisadi inkişafını əyani görmək imkanı da qazanırlar. Onlar bunu məmnuniyyətlə dilə də gətirirlər. Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, hüquqşünas və senator Kristian Auqustin Nikolesku Taqalisin sözləri onların bir çoxunun fikirlərinin demək olar ki, eynidir: "Azərbaycana üçüncü dəfədir səfər edirəm və ötən il eyni vaxtda mənə gözəl ölkənizin ən yüksək və ən gözəl dağ zirvəsinə - Heydər Zirvəsinə qalxmaq nəsib oldu. Nəinki Azərbaycanın təbii gözəlliyi, həmçinin ölkənizin innovasiya, rəqəmsal idarəçilik və bərpaolunan enerji kimi bir çox sahədə əldə etdiyi gözəl tərəqqi mənə xoş təəssürat bağışlayır. Son illər ərzində Azərbaycan regional və beynəlxalq səviyyədə öz strateji mövqeyini inkişaf etdirmək, onu gücləndirmək kimi maraqlı prosesdən keçdi".
Flora SADIQLI,
"Azərbaycan"