Qlobal iqtisadiyyat həssas bir tarazlıq üzərində qurulub. Bu tarazlığın mərkəzində isə əsasən qara qızıl, neft dayanır. Son dövrlərdə birjalardakı gərginlik dövlətlərlə yanaşı, hər bir sadə istehlakçını da dərindən narahat edir. Dünyanın aparıcı enerji mərkəzlərində neftin qiyməti durmadan yüksəlir, bu isə qlobal miqyasda yeni iqtisadi dalğalanmanın xəbərçisidir.
Beynəlxalq Enerji Agentliyinin, ABŞ Energetika İnformasiya Administrasiyasının və Dünya Bankının analitik hesabatlarından aydın olur ki, Yaxın Şərqdə yaşanan hərbi-siyasi gərginliklər və logistik qırılmalar səbəbindən enerji qiymətləri son illərin ən kəskin hədlərinə doğru irəliləyir. Təbii qaz bazarındakı qiymət artımları ilə paralel şəkildə neft sektorunda dalğalanmaların dərinləşməsi "enerji təhlükəsizliyi" anlayışını yenidən gündəmin ilk sıralarına daşıyır. Necə ki, Avropada təbii qazın bahalaşması Yaxın Şərqdəki böhranlar və Hörmüz boğazındakı nəqliyyat maneələri ilə birbaşa əlaqədardır, neft bazarındakı bahalaşmanın da kökündə məhz həmin məsələlər dayanır.
Qeyd edək ki, qlobal neft tədarükünün əsas damarlarından biri məhz Hörmüz boğazıdır. Bu strateji marşrutdan daşımaların məhdudlaşması və ya bəzi dövrlərdə təhlükəsizlik səbəbindən dayandırılması dünya bazarlarına çıxarılan xam neft həcmini kəskin şəkildə azaldır. Beynəlxalq təşkilatların məlumatlarına görə, qlobal neft ehtiyatları son dövrlərdə görünməmiş dərəcədə sürətlə əriyib. Ehtiyatların azalması fond birjalarında və treyderlər arasında ciddi təşviş yaradır.
Hərbi münaqişələr və risklər nəticəsində bir sıra böyük neft yataqlarında hasilatın məcburi şəkildə dayandırılması və ya həcmlərin azaldılması beynəlxalq təklif qıtlığını daha da dərinləşdirir. Bütün bu amillərin nəticəsidir ki, "Brent" markalı xam neftin qiyməti bir barel üçün 85-95 dollar və daha yuxarı rəqəmlər ətrafında dəyişir. Bazarda təklif ilə tələb arasındakı balansın pozulması qiymətlərin aşağı düşməsinə imkan vermir.
Neftin bahalaşması heç vaxt bir sektorla məhdudlaşmır. Yanacaqdoldurma məntəqələrindəki qiymət artımı prosesin yalnız görünən tərəfidir, əsl təsir bütün iqtisadiyyatı əhatə edən böyük bir dəyişiklikdir. Enerji daşıyıcılarının bahalaşması qlobal miqyasda fabriklərin, sənaye müəssisələrinin işləmə xərclərini artırır. Nəticədə daşımalar, beynəlxalq logistika və yükdaşıma tarifləri bahalaşır. Logistika və istehsal xərclərinin artması ərzaq məhsullarının qiymətlərinə yüksəldici təsir göstərir. Qara dəniz regionundakı logistik pozuntular, infrastruktur çətinlikləri və sabit bioyanacaq tələbatı səbəbindən, günəbaxan yağı kimi qlobal yeməli yağlar metrik ton üçün orta hesabla 1,370-1,600 dollar civarında qiymət təzyiqi ilə üzləşib. Xam neftin bir barel üçün 88,50 dollar ətrafında hərəkət etdiyi bir dövrdə bu cür xammal qiymətləri istehlak səbətinə də təsir edir. Tarladan masaya qədər hər bir mərhələdə yanacaq və enerji xərcləri rol oynadığı üçün bu, istehlak səbətində də əks olunur.
Dünya Bankının təhlillərinə görə, enerji qiymətlərindəki artım templəri səbəbindən bir çox dövlətlər yenidən sərt inflyasiya təzyiqləri ilə üz-üzə qalıb. Ona görə ərzaq təhlükəsizliyi və istehlakçıların qorunması məqsədilə dövlətlər tərəfindən sərt tənzimləmə tədbirləri görülür. Məsələn, cari ilin iyul ayında Cənubi Koreyanın rəhbərliyinin soya sousu və yeməli yağlar üçün "tam GMO etiketlənməsi" sistemini tətbiq etməsi səbəbindən qlobal bazarlardakı qiymət artımları hökumətləri əlavə nəzarət sistemlərinə əl atmağa vadar edir. Avropa və Asiya bazarlarında yanacaq məhsullarının, dizel və təyyarə yanacağının ixracındakı fasilələr sənaye sahələrini alternativ enerji mənbələrinə yönəlməyə məcbur edir. Lakin qısamüddətli dövrdə neftdən asılılığı tamamilə aradan qaldırmaq mümkün olmadığı üçün qiymət artımının ağır yükü sonda istehlakçının üzərinə düşür.
Dünya neft bazarındakı mövcud mənzərə bir həqiqəti açıq göstərir: hərbi münaqişələr aradan qalxmalı, sülh və təhlükəsizlik təmin olunmalıdır. Logistik dəhlizlər təhlükəsiz rejimdə bərpa olunmayınca qiymətlərdə stabillikdən danışmaq çətindir. Həm təbii qazın, həm də neftin bahalaşması qlobal enerji sisteminin nə qədər həssas və kövrək olduğunu bir daha sübut edir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"