2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl və keyfiyyətlə çoxsaylı irimiqyaslı layihələr gerçəkləşdirilib. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və media nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam sərbəst, maneəsiz şəraitin yaradılması və bütün digər addımlar Mərkəzi Seçki Komissiyasının (MSK) hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.
Seçkilərin hazırlanması və keçirilməsi zamanı ən önəmli prinsiplərdən biri aşkarlıqdır. Bilavasitə şəffaflığa xidmət edən bu meyarın təmin olunması məqsədilə seçki kampaniyası boyunca müxtəlif metod və qaydalardan, fərqli müşahidə formalarından istifadə olunur. Aşkarlıq institutunun müxtəlif elementləri - yerli və beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin yaxından iştirakı, beynəlxalq metod kimi tətbiq olunan "exit-poll" keçirilməsi, seçki komissiyalarının şəffaf fəaliyyəti, eyni zamanda qaynar xətt, internet resursları və ölkəmizdə geniş tətbiq olunan veb-kameralar olduqca mühüm əhəmiyyətə malikdir. Bütün bu sadalananlar seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və aşkarlığın daha dolğun təminatına şərait yaradır.
Azərbaycanda keçirilən seçkilərin bütün mərhələlərində aşkarlığın təmin olunması üçün beynəlxalq hüquq normaları ilə yanaşı, Seçki Məcəlləsində nəzərdə tutulmuş mövcud prosedurlar və konkret hüquqi əsaslardan istifadə olunur. MSK seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçki komissiyalarının fəaliyyətinin seçicilər və digər seçki subyektləri üçün şəffaflığını daim diqqətdə saxlayır. Müşahidəçi statusu olan şəxslərə seçki komissiyalarının iclaslarını, səslərin hesablanması, dairə və məntəqə seçki komissiyalarında seçki bülletenləri və səsvermənin nəticələrinə dair protokollar da daxil olmaqla, bütün seçki sənədləri ilə aparılan işi müşahidə etmək, həmçinin dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini əldə etmək imkanı yaradılır. Müşahidəçi statusu olan şəxslərdən seçki komissiyalarının iclaslarında iştirak etmək və yuxarıda sözügedən sənədlərlə tanış olmaq üçün seçki komissiyalarından əlavə icazə almaq tələb olunmur və onların seçki sənədləri ilə iş aparılan və ya səslər hesablanan yerə sərbəst daxil olmaları təmin edilir.
Aşkarlıq institutunun əsas formalarından olan müşahidəçilik fəaliyyəti ictimaiyyətin xüsusilə önəm verdiyi qarşılıqlı nəzarət funksiyasıdır. Öz mütərəqqiliyi ilə diqqət çəkən Seçki Məcəlləsi həm yerli, həm də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı və fəaliyyəti üçün geniş imkanlar yaradır. Məmnuniyyətlə demək olar ki, Azərbaycan müşahidəçilərin akkreditasiyasına dair Seçki Məcəlləsində nəzərdə tutulan prosedurlar baxımından öz sadəliyinə və rahatlığına görə bir çox ölkələrə nümunədir.
Seçki prosesinin müşahidəsi bir qayda olaraq müşahidəçinin öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında aparılır. Seçki komissiyalarının iclaslarında, seçki sənədləri və səslərin hesablanması ilə əlaqədar işin gedişində media nümayəndələrinin də eynilə iştirak etmək hüququ var. Ölkənin bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq, seçkilərin keçirilməsinə 10 gün qalanadək MSK-ya təqdim edilir. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqları təmsil olunacaq namizədin adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın, siyasi partiyalar blokunun adı və hüquqi ünvanı göstərilir. İki fotoşəkil də əlavə olunan hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilir. Ərizəçinin müşahidəçi qismində qeydiyyatından imtina olunması halı yalnız ərizədə göstərilən məlumatlar yanlış olduqda baş verə bilər. Müşahidənin aparılmasına icazə verildikdə müşahidəçiyə MSK-nın müəyyən etdiyi formada lövhəcik verilir.
Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə isə seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilir. Bu ərizədə də yuxarıda qeyd edilən məlumatlar göstərilir və ərizəyə iki fotoşəkil əlavə olunur. Müşahidənin aparılmasına icazə verildikdə dairə seçki komissiyası müşahidəçiyə MSK-nın müəyyən etdiyi formada lövhəcik verir.
Yeri gəlmişkən, aşkarlığın təminatı və ictimaiyyətin məlumatlandırılmasında mühüm yer tutan media nümayəndələri də seçki komissiyalarının bütün iclaslarını işıqlandıra, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokollarla və qərarlarla tanış ola, habelə seçki prosesini maneəsiz, tam sərbəst izləyə və müvafiq məlumatları ala bilərlər.
Müşahidəçilik fəaliyyətində başqa bir məqam isə ondan ibarətdir ki, digər seçki subyektləri ilə bərabər yerli və beynəlxalq müşahidəçilər seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermə prosesi və onun yekunlarının müəyyənləşdirilməsi və seçki protokollarının tərtib olunmasını müşahidə edə bilərlər. Seçki gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız MSK-da qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər. Bu qəbildən olan müşahidəçilər püşkatma yolu ilə müəyyən edilir və hər bir seçki komissiyası üçün belə müşahidəçilərin sayının 10-dan artıq olmaması şərti gözlənilir.
Seçki Məcəlləsi, həmçinin keyfiyyətli, obyektiv və qərəzsiz müşahidənin aparılması üçün konkret prinsiplər müəyyən edir: bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməli, müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalı, müşahidə açıq aparılmalı və müşahidənin yekunları faktlara əsaslanmalıdır. Bu, birbaşa seçki prosesinin müşahidəsinin səmərəliliyini artırmağa və seçki praktikasının təkmilləşdirilməsinə xidmət edir.
Qeyd etmək lazımdır ki, müşahidə seçkilər elan olunduğu gündən başlanır və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra seçkilərin yekunlarının rəsmi dərc edildiyi gün bitir. Həm yerli, həm də beynəlxalq müşahidəçilər eyni hüquq və vəzifələrə malikdirlər. Onların seçici siyahıları ilə tanış olmaq, səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsində olmaq, seçki bülletenlərinin verilməsini, səsvermə yerindən kənarda seçicilərin səs verməsini, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək kimi hüquqları var. Müşahidəçilər, habelə seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxa, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış ola, səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət edə bilər. Müşahidəçilər, həmçinin səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların surətini əldə etmək hüququna malikdirlər.
Seçki qanunu müşahidəçilərin fəaliyyəti ilə bağlı bir sıra məsuliyyətləri də özündə ehtiva edir. Belə ki, seçicilərə seçki bülletenləri vermək, seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək, seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteninin alınması haqqında imza etmək və bülleteni doldurmaq, seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək, seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək, seçicilər arasında təşviqat aparmaq, hər hansı bir namizədin, siyasi partiyanın, siyasi partiya bloklarının dəstəklənməsinə yönəldilən və ya bu cür qiymətləndirilə bilən çağırışlar etmək, seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək və öz statusu ilə bağlı suallar istisna olmaqla, seçicilərin suallarına cavab vermək müşahidəçilərə qadağan edilir. Qanunvericiliyin bu tələblərini pozan müşahidəçinin akkreditasiyası onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə orqanı tərəfindən ləğv oluna bilər.
Azərbaycanda keçirilən seçkilər daim çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, eləcə də yerli və beynəlxalq media nümayəndələrinin iştirakı ilə xarakterizə olunur. Seçkiləri izləmək üçün sadə və operativ həyata keçirilən prosedurlar, ildən-ilə aparılan təkmilləşdirmələr və müasir dünya standartlarına uyğun yeniliklərin uğurla tətbiqi bunun başlıca səbəblərindəndir. Yerli müşahidəçilər MSK və ya dairə seçki komissiyalarında, beynəlxalq müşahidəçilər isə MSK-da akkreditə olunmaqla müvafiq lövhəcik əldə edir və bütün seçki prosesini maneəsiz şəkildə izləmək imkanı qazanırlar. Yalnız belə lövhəciyin olması beynəlxalq müşahidəçiyə seçkilərin hazırlanması və keçirilməsi dövründə fəaliyyət göstərmək imkanı verir. Həm yerli, həm də beynəlxalq müşahidəçilər bütün fəaliyyətləri zamanı qərəzsiz və bitərəf olmalıdırlar. Beynəlxalq media nümayəndələri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq akkreditasiyadan keçdikdən sonra MSK-ya müraciət edir və onlar lövhəciklə təmin edilirlər. Seçkilər zamanı yerli media nümayəndələrinin heç bir qeydiyyatdan keçmədən prosesləri izləmələrinə də hərtərəfli şərait yaradılır.
Prezident seçkiləri ilə əlaqədar MSK ardıcıl şəkildə çoxsaylı layihələr həyata keçirib ki, bunların da böyük bir qismi məhz seçki prosesində aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin olunması üçündür. Yerli və beynəlxalq müşahidəçilər, xarici və yerli media nümayəndələri üçün seçki prosesini əvvəldən axıradək sərbəst müşahidə etmək üçün hər cür şərait yaradılıb. Bütün seçki subyektləri, eləcə də müşahidəçilər üçün Azərbaycan, ingilis və rus dillərində müxtəlif maarifləndirmə materialları - "Seçki günü üçün yaddaş", "Müşahidəçilər üçün yaddaş" və s. hazırlanıb, aşağı seçki komissiyalarına və maraqlı subyektlərə çatdırılıb, həmçinin MSK-nın internet səhifəsində yerləşdirilib.
MSK respublikada keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da geniş istifadə edir. Azərbaycanın seçki tarixində artıq 16 ildir tətbiq olunan və seçki prosesini canlı, fasiləsiz izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi həqiqətən böyük nailiyyət olmaqla bərabər, seçki praktikasında yeni bir mərhələnin də başlanğıcıdır. Son illərdə keçirilən seçkilərdə olduğu kimi, cari il prezident seçkilərində də 1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq. Bu proses MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi və sıx əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir. Veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması, nəticələrin müəyyənləşdirilməsi və rəsmi protokolların hazırlanmasını arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edir. Builki seçkilərdə şəffaflığın təmin olunmasında iştirak edən çoxsaylı aşkarlıq institutları ilə yanaşı, veb-kameraların da tətbiq olunması internet istifadəçiləri tərəfindən seçki günü proseslərin birbaşa izlənməsinə və beləliklə, aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq.
MSK-nın 115 nömrəli qaynar xətti də uzun illərdir ki, seçkilərdə iştirak edən tərəflərin etibarlı məlumat mənbəyinə çevrilib. Müxtəlif mövzularla bağlı avtomatlaşdırılmış telefon və elektron qaynar xətlər vasitəsilə daxil olan sorğular, eləcə də digər hüquqi məsələlər dərhal cavablandırılır və operativ şəkildə müvafiq addımlar atılır.
Seçkilər zamanı səsvermə günü ərzində MSK-ya ötürülən məlumatlar da müxtəlif vasitələrlə birbaşa yayılır. Seçki prosesinin digər mərhələlərində olduğu kimi, seçkilər başa çatdıqdan və seçki məntəqələri bağlandıqdan sonra maraqlı şəxslərin maneəsiz şəkildə məlumat alması məqsədilə ölkə üzrə bütün seçki məntəqələrindən səsvermənin yekunlarına dair daxil olan ilkin məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin xüsusi proqram təminatı vasitəsilə birbaşa Komissiyanın internet səhifəsinə ötürülməklə bütün yerli və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunur.
MSK-nın internet səhifəsi (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) də seçki subyektlərinin maarifləndirilməsi və şəffaflığın təmin edilməsində olduqca əhəmiyyətli vasitələrdən biridir. Seçkilərlə bağlı məlumatlar operativ şəkildə səhifədə yerləşdirilir və mütəmadi yenilənir. Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar (Komissiyanın iclaslarından dərhal sonra yerləşdirilməklə) Azərbaycan və ingilis dillərində internet səhifəsində mövcuddur. Prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı barədə MSK-nın qərarları və məlumatlar iclasdan dərhal sonra Azərbaycan və ingilis dillərində internet səhifəyə qoyulub. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, qeydə alınmış namizədlər haqqında məlumat, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, MSK-nın mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar da internet səhifəsinə yerləşdirilib. Komissiyanın sosial media platformalarındakı səhifələrində də məlumatlar mütəmadi yerləşdirilməklə ictimailəşdirilir.
Qeyd olunan bütün vasitə və hüquqi əsaslar qarşıdan gələn prezident seçkilərinin də geniş aşkarlıq mühitində azad və ədalətli şəkildə keçirilməsinə, proseslərin bütün ictimaiyyət, xüsusilə də Azərbaycan xalqı və seçicisi üçün şəffaf olmasına öz layiqli töhfəsini verəcəkdir.
Rəşid YUSİFBƏYLİ,
Mərkəzi Seçki Komissiyası Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri