Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Kevin Hamilton Azərbaycanın çox gözəl, dinamik inkişaf edən və mühüm ölkə olduğunu vurğuladı. Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsi imzalanarsa regionda əməkdaşlıq üçün yeni imkanların yarana biləcəyinə ümidvarlığını bildirən səfir dedi ki, biz regionda daha yaxşı münasibətlərin qurulmasını arzulayırıq ki, bunun nəticəsində bizim həm Azərbaycan, həm də Ermənistan ilə əlaqələrimiz inkişaf etsin.
Səfir Kanadanın həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, ədalətli, əhatəli və daimi sülh müqaviləsi üzərində fəal iş aparıldığından məlumatlı olduğunu dedi.
Dövlətimizin başçısı torpaqlarımızın işğalı dövründə orada etnik təmizləmə və soyqırımının törədildiyini, ərazilərimizin kütləvi şəkildə dağıdıldığını qeyd etdi. Prezident İlham Əliyev həmin dövrdə münaqişənin həlli ilə bağlı çox böyük səylər göstərildiyini, lakin bu səylərin uğursuz olduğunu bildirdi. Belə ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilmədi, daha doğrusu olmaq istəmədi. Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyirdi. Dövlətimizin başçısı bu qənaətə prezidentlik fəaliyyətində öz şəxsi təcrübəsi əsasında gəldiyini dedi. Prezident İlham Əliyev 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü və Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü xatırladı və bütün bunların heç bir nəticə vermədiyini dedi. Dövlətimizin başçısı bildirdi ki, keçmiş Minsk qrupunun üzvləri və Ermənistan tərəfi bunu istəmirdi. Ermənistan tərəfi torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi.
Dövlətimizin başçısı bildirdi ki, hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Azərbaycan Prezidenti qeyd etdi ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub.
Prezident İlham Əliyev vurğuladı ki, COP29 məsələsində Ermənistan bizim bu tədbirə ev sahibliyi etməklə bağlı məhdudiyyətini aradan qaldırdı, biz isə onların COP-un idarəedici orqanlarında iştirakına qarşı çıxmadıq. Dövlətimizin başçısı qeyd etdi ki, açığı, o, belə hesab etmir ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bizim hansısa bir ölkə ilə ikitərəfli münasibətlərimiz üçün mühüm rol oynaya bilər.
Qlobal səviyyədə diplomatik fəaliyyətimizi şaxələndirdiyimizi deyən dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin olduğunu qeyd etdi və vurğuladı ki, bu sənədlərin çoxu torpaqlarımızın işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz.
Dövlətimizin başçısı bir məqamı da vurğuladı ki, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər. Prezident İlham Əliyev vurğuladı ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.
Azərbaycan Prezidenti qeyd etdi ki, bununla yanaşı, hesab edir ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik. Dövlətimizin başçısı dedi: “Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”. Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.
Qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirdi ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd etdi.
Səfir dövlətimizin başçısına hörmətini ifadə edərək, məlumatlara görə minnətdarlığını bildirdi.