Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Cahangir Cahangirov musiqi tariximizi öz yaradıcılıq irsi ilə zənginləşdirmişdir. Bəstəkarın yaradıcılığı müxtəlif janr və formaları əhatə etmiş, yaradıcılıq üslubu və fərdi bəstəkarlıq xüsusiyyətləri hər bir əsərində öz əksini tapmışdır.
Cahangir Cahangirov dahi Üzeyir bəy Hacıbəylinin, eyni zamanda dünya klassik bəstəkarlarının ənənələrinə əsaslanan istedadlı bəstəkar, dirijor-xormeystr, ictimai xadim və pedaqoq olmuşdur. Yaradıcılığa 1940-cı illərdə qədəm qoyan bəstəkar bir-birinin ardınca gözəl əsərlər yaradaraq inkişaf etmişdir. O, bəstəkarlıq sahəsində ilk addımlarını mahnı və xor musiqisi ilə başlamış və bütün yaradıcılığı boyu məhz bu janra üstünlük vermişdir.
Cahangir Cahangirov 1921-ci ildə Balaxanıda anadan olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Mütəxəssislərin fikrinə görə, Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə birgə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.
Bəstəkarın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. 1945-ci ildə vətənpərvərlik yanğısı ilə Təbrizdə qurulmuş "Azərbaycan Milli Hökuməti" himninin musiqisini bəstələyən bəstəkarın bu sıradan xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradaraq bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın sütunlu salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. Böyük bəstəkar 1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.
Cahangir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində C.Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir bəy Hacıbəylinin sənət ənənələrini davam etdirib. Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olur. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymayıb. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənib. 1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Cahangir Cahangirovun irihəcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da var. Bu mahnılar asanlıqla ürəklərə yol tapır. Cahangir sənətinin başlıca məziyyəti müasirlik və dövrün tələbi ilə ayaqlaşmaqdır. Məhz bunun üçündür ki, bəstəkarın mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. bəstəkar mahnıları dillər əzbəridir. Bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan "ayrılaraq" xalq arasında geniş yayılıb. Bu mənada "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı"nı, "Koroğlu" filmindən "Xanəndə qızın mahnısı"nı, "Dəli Kür" filmindən "Ana Kür" və "Bayatılar" mahnılarını yada salmaq yerinə düşər. Bu mahnılarda lirik ifadə çox güclüdür. Onu da qeyd edək ki, Cahangir Cahangirov uzun müddət tanınmış şair Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.
Şairlərdən söz düşmüşkən, Füzuli dühası, Füzuli lirikası Cahangir Cahangirovun yaradıcılıq təxəyyülünə çox yaxındır. O üzdən bəstəkar vaxtaşırı Füzuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürləri, xüsusilə "Eşitməzdim" qəzəl-romansı həddindən artıq cəlbedicidir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə, bəstəkar 1950-ci ildə "Stalin" mükafatına, 1958-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, 1963-cü ildə Azərbaycan SSR Xalq artisti fəxri adlarına, iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülmüşdür. Haqqında "Bəstəkar Cahangir Cahangirov" adlı sənədli film çəkilmişdir.
Xalqımızın qəlbində əbədiyaşarlıq qazanan Cahangir Cahangirov 1992-ci ildə dünyasını dəyişmişdir.
Rəhman SALMANLI,
"Azərbaycan"