Bu gün Azərbaycan yalnız iqtisadi və siyasi potensialı ilə deyil, həm də qlobal təşəbbüslərə verdiyi töhfə, etibarlı tərəfdaş və beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi tanınır. Ölkəmiz bu istiqamətdə əldə etdiyi mühüm nailiyyətləri ilə seçilir. Mötəbər beynəlxalq tədbirlərin mərkəzinə çevrilən Azərbaycanda keçirilən konfranslar, forumlar bunu təsdiq edir.
2024-cü ildə Bakının BMT-nin ən böyük tədbiri olan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) qapılarını açması, bu il 57 mindən çox iştirakçının qatıldığı Ümumdünya Şəhərsalma Forumuna (WUF13) uğurlu evsahibliyi ölkəmizin təşkilatçılıq imkanlarının və qlobal etimadının göstəricisidir. Azərbaycanın bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və Qoşulmama Hərəkatına sədrliyi dövründə geniş beynəlxalq dəstək qazanması da qlobal miqyasda etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Təbii ki, bütün bunların əsasında Prezident İlham Əliyevin yürütdüyü siyasət dayanır.
İyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qrupun sədrinə və bütün heyətə Azərbaycanı bu tədbirə ev sahibi kimi seçdiklərinə görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, bu bizim üçün böyük şərəfdir və aramızda güclü əlaqələrin olmasını bir daha göstərir: "...Bildiyiniz kimi, Azərbaycan ikinci dəfədir ki, İllik Toplantıya evsahibliyi edir və bu, həmçinin sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir. 2010-cu ili çox yaxşı xatırlayıram. O vaxt biz ilk dəfə toplantıya evsahibliyi edən ölkə idik. Həmin İllik Toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi. O vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verdi. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı oldu".
Milli Məclisin deputatı Müşfiq MƏMMƏDLİ qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına evsahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və qlobal əməkdaşlıq platforması kimi mövqeyinin növbəti təsdiqidir: "Son illər Azərbaycan yalnız regional deyil, həm də beynəlxalq miqyasda mühüm siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi etibarlı məkan kimi tanınıb. Dövlətimizin ardıcıl və balanslı xarici siyasəti, təhlükəsizlik və sabitlik mühiti beynəlxalq təşkilatların və tərəfdaş ölkələrin Azərbaycana olan etimadını daha da artırıb".
Deputat qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının yenidən Bakıda keçirilməsi təsadüfi deyil və bu, Azərbaycanın islam dünyasındakı nüfuzunun artmasının, iqtisadi əməkdaşlığın inkişafına verdiyi töhfələrin və beynəlxalq maliyyə institutları ilə uğurlu tərəfdaşlığının göstəricisidir: "Eyni zamanda bu cür tədbirlər ölkəmizin investisiya potensialının, iqtisadi imkanlarının və inkişaf modelinin təqdimatı baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın mötəbər beynəlxalq forumlara və konfranslara uğurla evsahibliyi etməsi göstərir ki, ölkəmiz qlobal dialoq, əməkdaşlıq və tərəfdaşlıq üçün etibarlı platformaya çevrilib. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"