Süni intellektin yaratdığı məzmun yaradıcı peşələrdə real insanları sıxışdırıb arxa plana keçirir. Çində uzun illər aktyorluq sənətini öyrənən aktyorlar süni intellekt vasitəsilə yaradılan videolar səbəbindən işlərini itirmək təhlükəsi ilə üzləşiblər. Bu barədə yazıçı Nin Hanyi “İzvestiya”qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, süni intellektin yaratdığı məzmun yaradıcı peşələrdə çalışan real insanları sıxışdırıb arxa plana keçirir. Yazıçı neyron şəbəkələr tərəfindən tamamilə yaradılan əsərlərin bədii dəyərə malik olub-olmadığına da şübhə ilə yanaşıb. O hesab edir ki, neyron şəbəkələr həqiqi insani duyğuları yaşamaq və şəxsi təcrübəyə əsaslanmaq qabiliyyətinə malik deyil.
“Süni intellektin yaradıcılığa təsirindən söhbət gedəndə buna sevinə bilmirəm. Çünki onun köməyi ilə yaradılan videolar real insanları sıxışdırıb arxa plana keçirir. Çində uzun illər aktyorluq sənətini öyrənən bir çox aktyor bu cür videolar səbəbindən işlərini itirmək təhlükəsi ilə üzləşib”, – deyə Nin Hanyi bildirib.
O əlavə edib ki, Çin internetində süni intellekt vasitəsilə yaradılan videoların bu barədə mütləq qeyd ilə paylaşılması qaydası qüvvədədir. Əks halda, həmin məzmun silinir, müəllifin hesabı isə bloklanır.
“Eyni vəziyyət ədəbi əsərlərlə də bağlıdır. İnsanlar tamamilə süni intellekt tərəfindən yaradılan məzmunu bəyənmirlər. Müəllif bunu qeyd etməsə və oxucular əsərin necə yaradıldığını özləri müəyyənləşdirsələr, həmin əsər də dərhal silinəcək. Müəllif mətnin bir hissəsini özü yazıb, süni intellektdən isə səhvlərin yoxlanılması və ya ayrı-ayrı hissələrin işlənməsi üçün istifadə edibsə, bu üsulların birləşdirilməsi normal qarşılana bilər. Lakin tamamilə süni intellekt tərəfindən yaradılan əsərlər oxucuların xoşuna gəlmir”, – deyə yazıçı vurğulayıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”