12 Avqust 2026 13:36
121
İQTİSADİYYAT
A- A+
Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur

Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur

Uzun illər Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikası (MR) sosial-iqtisadi inkişafının, nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsinin və strateji əhəmiyyətinin daha da artdığı yeni mərhələyə qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri çərçivəsində açılışı olan və təməli qoyulan obyektlər muxtar respublikanın sosial-iqtisadi inkişafına, infrastruktur imkanlarının genişləndirilməsinə və əhalinin rifahının daha da yüksəldilməsinə hesablanıb.

Bu layihələr muxtar respublikanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, onun nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və regional əhəmiyyətinin artırılması baxımından da yeni perspektivlər yaradır. Həmin layihələr yalnız bu günün ehtiyaclarının qarşılanmasına deyil, həm də Naxçıvanın uzunmüddətli və dayanıqlı inkişafına, əhalinin rifahının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, investisiya imkanlarının genişləndirilməsinə və regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.


Naxçıvan Sənaye Parkı iqtisadi potensialı daha da gücləndirəcək

Dövlətimizin başçısı Naxçıvan əhalisinin sosial-iqtisadi vəziyyətini daim diqqətdə saxlayıb. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması yaxın gələcəkdə yüzlərlə iş yerinin açılmasına və ümumi iqtisadi inkişafa verilən böyük töhfə olacaq.




Sənaye parkı muxtar respublikada biznesin inkişafı üçün yaradılır. Bu gün Azərbaycanda dövlət əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün iş adamları və biznes qurumlarına şərait yaradır, iqtisadi dövriyyənin artması üçün layihələr həyata keçirir. Həmin işlərin məqsədi özəl sektorun inkişafına nail olmaqdan ibarətdir

İqtisadi potensialın daha da gücləndirilməsi məqsədilə 2024-cü il 5 dekabr tarixində Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla Naxçıvan Sənaye Parkı yaradılıb. Sənaye parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur.

Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Sənaye Parkı rezidentlərə hazır infrastruktur və güzəştlər hesabına yeni istehsal sahələrinin qurulmasına, investisiyaların cəlbinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.

Sənaye Parkının yaradılması Naxçıvanda istehsal imkanlarının genişləndirilməsi və yeni iqtisadi dəyər zəncirlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Layihənin reallaşdırılması yerli xammal və resurslardan daha səmərəli istifadə etməyə, yeni müəssisələrin fəaliyyətə başlamasına və məşğulluğun artırılmasına imkan verəcək. Bu isə öz növbəsində Naxçıvanın iqtisadi fəallığının yüksəlməsinə və muxtar respublikanın investisiya baxımından cəlbediciliyinin daha da artmasına şərait yaradacaq.


Muxtar respublikada şaxələndirilmiş enerji infrastrukturu formalaşdırılır

Naxçıvanda enerji sektorunda həyata keçirilən layihələr muxtar respublikanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın dayanıqlı inkişafının və iqtisadi təhlükəsizliyinin strateji dayaqlarından biri enerji təminatının şaxələndirilməsi və müasir enerji infrastrukturunun formalaşdırılmasıdır. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.



25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Hazırda layihənin icrasında 218 nəfər işçi çalışır. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.



Gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasının inşası “Enerso” MMC tərəfindən aparılır, topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqat işləri isə davam edir. Cari ilin sonunadək tikinti işlərinə başlanılması nəzərdə tutulur. Layihənin bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.

Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 MVt-dır. Bunun da 108 MVt-ı, yəni 5.2 faizi Naxçıvanın payına düşür. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 MVt olacaq. Bundan bşaqa, hazırda gücü 36 meqavat olan “Ordubad” və 15,6 meqavat gücündə “Tivi” su elektrik stansiyalarının, eləcə də “Çevirici” yarımstansiyalarının tikintisi davam etdirilir. “Naxçıvan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının və Regional Rəqəmsal İdarəetmə Mərkəzinin, həmçinin “Çeşməbasar”, “Qapalı tipli Naxçıvan” və “Babək” yarımstansiyalarının inşası başa çatdırılıb.

Bu işlərin davamlılığının təmin edilməsi məqsədilə 2024-cü il 23 dekabr tarixində imzalanmış Sərəncamla muxtar respublikada yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər müəyyən edilib. 2025-ci il 5 avqust tarixində təsdiq olunmuş Sərəncamla isə paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpasına dair 2026–2030-cu illəri əhatə edən Tədbirlər Planı qüvvəyə minib. Tədbirlər Planı şəbəkədə itkilərin azaldılmasına, enerji təchizatının fasiləsizliyinin və keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi həm enerji təminatının dayanıqlılığını artıracaq, həm də Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılmasına imkan verəcək. Bu layihələr iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin enerji təminatı və ətraf mühitin qorunması baxımından da mühüm nəticələr vəd edir.

Enerji təhlükəsizliyinin təmin edilməsində tarixi əhəmiyyət daşıyan mühüm layihələrdən biri İğdır-Naxçıvan təbii qaz boru kəməridir. 2025-ci il martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilən kəmər muxtar respublikanın qaz təchizatını şaxələndirərək etibarlı enerji təminatının daha da gücləndirilməsinə imkan yaradıb.


Naxçıvanda müasir dəmir yolu infrastrukturu yaradılır


Nəqliyyat infrastrukturunun inkişafı Naxçıvanın iqtisadi potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dəmir yolu bağlantısının bərpası və müasir nəqliyyat infrastrukturunun yaradılması yük və sərnişin daşımalarının daha səmərəli təşkilinə, regionun logistika imkanlarının genişlənməsinə şərait yaradacaq.



Eyni zamanda, yeni nəqliyyat bağlantıları Naxçıvanın tranzit imkanlarını artırmaqla onun regional iqtisadi əlaqələrdə mövqeyini daha da gücləndirəcək. Bu layihələrin reallaşdırılması sahibkarlıq fəaliyyəti, turizm və ticarətin inkişafına, yeni investisiyaların cəlb olunmasına əlavə imkanlar yaradacaq. Beləliklə, nəqliyyat sahəsində görülən işlər Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafının mühüm dayaqlarından birinə çevriləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri yekunlaşdıqdan sonra dəmir yolunun buraxılış qabiliyyəti illik 15 milyon ton nəzərdə tutulur. Horadiz-Yuxarı Mərcanlı-Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissə müvəqqəti istismara verilib və 2024-cü ilin mayından “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına yükdaşımalar həyata keçirilir. Bu günədək həmin istiqamət üzrə ümumilikdə 43 min ton yük daşınıb.

Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.

Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.

Əraziyə hazırda 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda qeyd olunan dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.

Bütün bunlar Naxçıvanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır. Dəmir yolu layihələrinin reallaşdırılması yük və sərnişin daşımalarının artmasına, ticarət əlaqələrinin genişlənməsinə və yeni iqtisadi imkanların formalaşmasına mühüm töhfə verəcək.


Şəhər nəqliyyatında xidmətlərin keyfiyyəti yüksəldilir

Naxçıvanda şəhər nəqliyyatının müasirləşdirilməsi və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeni elektrik mühərrikli avtobusların istifadəyə verilməsi sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, ictimai nəqliyyatın yenilənməsinə və ətraf mühitə mənfi təsirin azaldılmasına xidmət edəcək. Bu addım muxtar respublikada müasir və ekoloji cəhətdən daha təmiz nəqliyyat sisteminin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəfər çərçivəsində Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıblar. “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik “BYD” markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.



Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb, həmçinin avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb. Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər. Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək. “BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək. Üç hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb, o cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq.

2023-cü ildən indiyədək Naxçıvan Muxtar Respublikasında ümumilikdə 183,6 kilometr uzunluğunda avtomobil yolu əsaslı təmir edilib. Bu göstərici Naxçıvanda yol infrastrukturunun yenilənməsi istiqamətində son illərdə mühüm işlər görüldüyünü göstərir. Avtomobil yollarının əsaslı təmiri nəqliyyatın rahatlığını və təhlükəsizliyini artırmaqla yanaşı, muxtar respublikanın sosial-iqtisadi inkişafına da müsbət təsir edir.



Göründüyü kimi, Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələyə keçdiyini göstərir. Sənaye, enerji və nəqliyyat sahələrində reallaşdırılan layihələr həm mövcud imkanların genişləndirilməsinə, həm də gələcək inkişaf üçün dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edir. Bu proses Naxçıvanın iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, investisiya və məşğulluq imkanlarının artırılmasına, eləcə də muxtar respublikanın regional nəqliyyat-logistika və enerji məkanında rolunun gücləndirilməsinə geniş imkanlar yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxt üzrə 4490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

14:30
12 Avqust

Qədim Naxçıvanın turizm imkanları

14:27
12 Avqust

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

14:25
12 Avqust

Naxçıvandan keçən qlobal zəfər yolu 

14:22
12 Avqust

Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  

14:20
12 Avqust

“BakuBus” Naxçıvanda - yeni park, yeni marşrutlar və nağdsız ödəniş imkanları

14:14
12 Avqust

Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 

14:05
12 Avqust

Türk professor: Temperaturun yüksəlməsi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər

14:00
12 Avqust

Fransadakı AES-də üç reaktor bağlanıb

13:56
12 Avqust

Banklararası təminatsız bazarın həcmi 35 faiz artıb

13:52
12 Avqust

Süni intellektdən gəlir əldə etmək niyə çətindir?

13:48
12 Avqust

Fillərin sayı sürətlə azalır

13:46
12 Avqust

Yeniyetmə voleybolçular dopinq barədə maarifləndiriliblər

13:44
12 Avqust

Tuna çayında suyun səviyyəsinin enməsi Rumıniyanın atom stansiyasını təhlükəyə salıb

13:42
12 Avqust

Barmaqları şıqqıldatmaq zərərlidirmi?

13:40
12 Avqust

İnsanların nə qədər günəş işığına ehtiyacı var?

13:38
12 Avqust

Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur

13:36
12 Avqust

Süni intellekt işi yüngülləşdirirmi? 

13:34
12 Avqust

Yuxu pozuntusu Altzheymerin ilk xəbərçisi ola bilər

13:33
12 Avqust

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

13:28
12 Avqust

Naxçıvan Türk dünyasının birləşdirici məkanına çevriləcək

13:22
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!