Ölkəmizdə ictimai nəqliyyat infrastrukturunun yenilənməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxış keçiriblər.
"BakuBus" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, tikintisinə ötən ilin dekabr ayında başlanılan və 2,72 hektar ərazini əhatə edən avtobus parkında yuma məntəqəsi, təmir mərkəzi və inzibati bina fəaliyyət göstərir. Park, ümumilikdə, 112 sərnişin avtobusunun yerləşdirilməsi imkanına malikdir. Avtobusların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə ərazidə 16 şarj stansiyası quraşdırılıb. İlkin mərhələdə 53 sərnişin tutumuna malik 60 ədəd "BYD" markalı avtobus Naxçıvan sakinlərinin xidmətinə təqdim olunub.
MMC rəsmisi qeyd edib ki, burada bir avtobusun yuyulması orta hesabla 3-6 dəqiqə ərzində həyata keçirilir. Parkda istifadə olunan suyun 85 faizi filtrasiya edilərək yenidən emal olunacaq. Avtobus parkının istifadəyə verilməsi ilə 222 nəfərin işlə təmin edilib. Avtobuslarda ödənişlər tamamilə nağdsız formada həyata keçirilir. Sərnişinlər “CityCard” ilə yanaşı, “BakıCard” ödəniş sistemindən də istifadə edə bilərlər. Bundan başqa, sərnişinlər “Google Pay” və “Apple Pay” vasitəsilə, “BakıCard” mobil tətbiqində yaradılan QR kodla, həmçinin bank kartlarını NFC vasitəsilə yaxınlaşdırmaqla ödəniş edə biləcəklər. Avqustun 7-dən etibarən “CityCard”ın satışı Naxçıvanın poçt mərkəzlərində həyata keçirilir.
Ə.Əliyevanın sözlərinə görə, ilkin mərhələdə 9 marşrut xətti üzrə avtobusların fəaliyyətinə başlanılıb. Marşrut xətləri və dayanacaqlar optimallaşdırılıb. Bununla bağlı məlumatlar "BakuBus" MMC-nin rəsmi sosial media platformalarında sərnişinlərin diqqətinə çatdırılıb.
“BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnuniyyətinin artırılması, eləcə də müasir və rahat nəqliyyat xidmətlərinin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır"- deyə o əlavə edib.