12 Avqust 2026 14:22
371
SİYASƏT
A- A+
Naxçıvandan keçən qlobal zəfər yolu 

Naxçıvandan keçən qlobal zəfər yolu 


Muxtar respublika müasir nəqliyyat-logistika infrastrukturunun qurulması ilə beynəlxalq  iqtisadiyyatın mərkəzi ünvanına çevrilir


Cənubi Qafqazın hərb və diplomatiya xəritəsini yenidən cızan 44 günlük Vətən müharibəsi işğala son qoymaqla yanaşı, həm də illərdir təcrid şəraitində qalan Naxçıvan Muxtar Respublikasının geosiyasi taleyində əsaslı dönüş yaratdı. Tarixi sınaqlardan, uzunmüddətli blokadanın çətinliklərindən məğrur çıxan bu qədim türk yurdu, məhz Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar sayəsində indi Avrasiyanın ən mühüm geoiqtisadi qovşaqlarından birinə çevrilir. Döyüş meydanında qazanılan zəfər, diplomatiya masasında Zəngəzur dəhlizi (TRIPP) layihəsi kimi transmilli təşəbbüslərlə möhkəmləndirilərək Naxçıvanın tarixi missiyasını bərpa edir.


İqtisadi maraqların kəsişdiyi mərkəz


Naxçıvanın strateji əhəmiyyəti onun coğrafi yerləşməsindən və tarixi rolundan qaynaqlanır. Türkiyə, İran və Ermənistan kimi üç fərqli dövlətlə həmsərhəd olan bu məkan, əsrlər boyu Avropa ilə Asiyanı birləşdirən qədim İpək yolunun strateji qapısı olub. Ancaq zamanın hərbi-siyasi burulğanlarında ana torpaqdan ayrı düşməsinə və dəhlizlərin qapanmasına baxmayaraq, Naxçıvan öz coğrafi çəkisini heç vaxt itirməyib. Bu gün isə həmin coğrafi üstünlük müasir nəqliyyat-logistika infrastrukturunun qurulması ilə yenidən qlobal iqtisadiyyatın mərkəzi ünvanına çevrilir. 200 milyonluq böyük bir regional bazara birbaşa çıxış imkanı əldə edən muxtar respublika, regional güclərin və qlobal aktorların iqtisadi maraqlarının kəsişdiyi mərkəz statusunu qazanır. 

Avqustun 11-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də vurğuladı ki, döyüş meydanında əldə edilən nəticələr diplomatik masada öz təsbitini tapdı: “Bildiyiniz kimi, Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz idi. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz idi. Biz bu məqsədə doğru inamla və məharətlə irəlilədik və artıq ona yaxınlaşmışıq”.

Gerçəklikdir ki, Zəngəzur dəhlizinin açılması təkcə nəqliyyat məsələsi deyil, həm də tarixi ədalətin və təhlükəsizliyin bərpası anlamına gəlir. Dəmir yolları, logistika mərkəzləri və transmilli iqtisadi layihələr vasitəsilə təmin edilən bu yeni reallıq, Naxçıvanı dünyaya geoiqtisadi baxımdan əvəzolunmaz məkan kimi qəbul etdirir. Eyni zamanda bu hal bütün regionun gələcək sabitliyi və rifahının etibarlı zəmanətinə çevrilir.

Bu isə Azərbaycan Prezidentinin həm müharibədə qələbə qazanan sərkərdə, həm də regiona uzunmüddətli sülh və iqtisadi inteqrasiya gətirən müdrik lider kimi adını tarixə yazdırmasının əyani təsdiqidir. 

Postmüharibə dövründə Ermənistanın öhdəliklərdən yayınmaq və prosesi ləngitmək cəhdlərinə baxmayaraq, Bakının sərgilədiyi qətiyyətli mövqeyi uğurlu nəticə verdi. 

Faktdır ki, İkinci Qarabağ müharibəsindən sonrakı beş il ərzində Zəngəzur dəhlizinin açılması üçün heç bir əməli addım atılmadı və məsələ ötən ilin avqust ayına qədər dondurulmuş vəziyyətdə qaldı. Lakin Azərbaycanın qətiyyətli siyasəti və ABŞ-nin vasitəçiliyi ilə 8 avqust 2025-ci ildə keçirilən tarixi Vaşinqton Zirvəsi bu ləngiməyə son qoydu. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq bu layihə Orta dəhlizin ən mühüm halqasına çevrilərək Avrasiya nəqliyyat şəbəkəsini yenidən formalaşdırır.

Vaşinqton Zirvəsində əldə olunmuş razılaşmalar və TRIPP layihəsinin təsdiqlənməsi döyüş meydanında qazanılan zəfərin diplomatik masada təsbit olunmasının parlaq sübutudur.

Prezident İlham Əliyevin cari ilin 8 avqustunda ABŞ Prezidenti Donald Trampla telefon söhbəti zamanı və ona ünvanladığı məktubda vurğuladıqları layihənin strateji çəkisini tam aydınlığı ilə gözlər önünə sərir: “TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir”.


Qlobal logistikanın yeni mərkəz nöqtəsi


İndiyədək Mərkəzi Asiya və Xəzər hövzəsindən Avropaya doğru yönələn əsas yük axınları yalnız Gürcüstan üzərindən keçirdisə, Naxçıvan marşrutunun işə düşməsi ilə yüklərin daşınmasının böyük hissəsi bu yeni və daha qısa yola yönələcək. Naxçıvan eyni zamanda iki böyük transmilli dəhlizin - Orta dəhlizin və Şimal-Cənub dəhlizinin kəsişməsində yerləşir. Orta dəhliz  Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən qısa və effektiv dəmir yolu xəttidir. Şimal-Cənub dəhlizi isə Culfadan İrana, oradan qurulan xətlərlə Fars körfəzinə və Pakistana qədər uzanan strateji ticarət qoludur. 

Dövlətimizin başçısı müsahibəsində Naxçıvanın unikal nəqliyyat imkanlarını belə xarakterizə etdi: “Zəngəzur dəhlizinin açılışından sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq. Zəngəzur dəhlizindən Naxçıvana girişi olan dəmir yolu və Culfa dəmir yolu stansiyasından İrana dəmir yolu var. Bu layihə daha tez həyata keçirilə bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə yönəlib. Oradan, məsələn, bu bölgəyə yaxın olan Pakistana qədər uzana bilər. Bu, Naxçıvanın mərkəzində olduğu çox vacib bir nəqliyyat layihəsi olardı”.

Naxçıvan dəmir yolunun yükdaşıma gücünü 1.5 milyon tondan 15 milyon tona çatdırmaq üçün 194 kilometrlik yeni xətt layihələndirilib. Azərbaycan bu nəhəng layihəni öz daxili maliyyə imkanları ilə yekunlaşdırmağa tam qadirdir, lakin beynəlxalq tərəfdaşlığa da imkan yaradır. 

“Naxçıvan Dəmir Yolunun bərpasına gəldikdə, prinsipcə beynəlxalq konsorsium yaradıla bilər. Əlbəttə ki, Azərbaycan dövlətinin nəzarət payı olduğu təqdirdə, beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq... ...Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməməli və mümkün qədər tez bizimlə danışıqlar aparmalıdır. Çünki bürokratik əngəllər və süründürməçilik bizim, Azərbaycan idarəetmə metodumuz deyil. Biz problemləri müəyyən edir, qərarlar qəbul edir və dərhal həyata keçirməyə başlayırıq”, - deyə, Prezident İlham Əliyev müsahibəsində qeyd edib. 

İkinci Qarabağ müharibəsi başa çatan kimi dövlətimiz Naxçıvana aparan yolların tikintisinə başlayıb və Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, tamamlanıb.

Göründüyü kimi, Asiyadan Avropaya gedən ticarət yollarının kəsişməsində yerləşən Naxçıvan, öz tarixi missiyasını müasir dövrün tələblərinə uyğun olaraq bərpa edir.

Avropa İttifaqının və digər qlobal oyunçuların Naxçıvan seqmentinə göstərdiyi diqqət, bölgənin yaxın gələcəkdə yalnız nəqliyyat deyil, həm də ciddi investisiya və sənaye mərkəzinə çevriləcəyini göstərir. Keçmişin blokada şəraitindəki Naxçıvanı, bu gün Prerzident İlham Əliyevin uzaqgörən hərbi və diplomatik strategiyası sayəsində Avrasiya qitəsinin əvəzolunmaz nəqliyyat qovşağına çevrilir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

15:05
12 Avqust

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması Türk dünyasına da töhfə verəcək

15:01
12 Avqust

Naxçıvanın inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir

14:53
12 Avqust

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

14:47
12 Avqust

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur 

14:45
12 Avqust

Yeni yoxlama sistemindən sonra Aİ ölkələrinin hava limanlarında növbələr artıb

14:43
12 Avqust

Prezidentin muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:42
12 Avqust

Naxçıvan - tarixi qayğıdan yeni geosiyasi və iqtisadi mərhələyə

14:40
12 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ 

14:35
12 Avqust

Paytaxt üzrə 4490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

14:30
12 Avqust

Qədim Naxçıvanın turizm imkanları

14:27
12 Avqust

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

14:25
12 Avqust

Naxçıvandan keçən qlobal zəfər yolu 

14:22
12 Avqust

Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  

14:20
12 Avqust

“BakuBus” Naxçıvanda - yeni park, yeni marşrutlar və nağdsız ödəniş imkanları

14:14
12 Avqust

Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 

14:05
12 Avqust

Türk professor: Temperaturun yüksəlməsi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər

14:00
12 Avqust

Fransadakı AES-də üç reaktor bağlanıb

13:56
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!