Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin ən mühüm səhifələri ilə sıx bağlı olub. Ulu Öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi nəticəsində muxtar respublika yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.
O bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və bölgənin inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyinin tarixində xüsusi mərhələ təşkil edir. Məhz həmin mürəkkəb illərdə Naxçıvanda dövlətçilik ənənələrinin qorunması, milli iradənin möhkəmləndirilməsi və Azərbaycanın müstəqillik yolunun müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu siyasi irs sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən yeni məzmunla zənginləşdirildi. Naxçıvanda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mühüm layihələrin reallaşdırılması muxtar respublikanın simasını əsaslı şəkildə dəyişdi. Uzun illər Ermənistanın yaratdığı blokada şəraitində yaşayan Naxçıvanın inkişafının təmin edilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin və iqtisadi imkanlarının göstəricisi idi. Ən mürəkkəb dövrlərdə belə bu qədim diyarımız diqqətdən kənarda qalmadı. Əksinə, Naxçıvanın dayanıqlı inkişafı üçün mühüm layihələr həyata keçirildi, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüldü”.
S.Salmanova qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb: “Bu reallıqlar Naxçıvanın qarşısında da tamamilə yeni imkanlar açır. Azərbaycanın hərbi-siyasi Zəfəri yalnız ərazi bütövlüyümüzün bərpasını təmin etmədi, eyni zamanda, regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirdi. İndi Azərbaycan yeni reallıqların formalaşmasında təşəbbüskar və əsas aktorlardan biri kimi çıxış edir. Bu strategiyanın mühüm istiqamətlərindən birini nəqliyyat-kommunikasiya layihələri təşkil edir. Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşımalarının həyata keçirildiyi yollar deyil. Onlar dövlətlərin iqtisadi potensialını, siyasi çəkisini və regional inteqrasiya imkanlarını artıran strateji vasitələrdir. Bu baxımdan Naxçıvanın qarşıdakı dövrdə rolu misilsiz olacaq. Uzun illər blokada şəraitində yaşayan bu qədim diyarımız artıq blokadanın yaratdığı məhdudiyyətlərlə deyil, qarşısında açılan geniş imkanlarla xarakterizə olunacaq”.
“Naxçıvanın inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir”, - deyən deputat bildirib ki, burada həyata keçiriləcək layihələr yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın tranzit və logistika potensialını artıran amil olacaq. Ən əsası isə Naxçıvan artıq kənarda qalan coğrafi məkan deyil. Əksinə, o, Cənubi Qafqazın yeni nəqliyyat-kommunikasiya xəritəsinin əsas elementlərindən birinə çevrilir.