Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə, ümumilikdə, 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Vəsaitin yol, enerji, təhsil, mənzil və kənd təsərrüfatına yönəldilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsas konturlarını müəyyənləşdirir. Xüsusilə yol infrastrukturuna 70 milyon manat, enerji layihələrinə isə 66 milyon manat ayrılması diqqət çəkir. Yol layihələri rayonlararası əlaqələrin, yükdaşımaların və kənd təsərrüfatı məhsullarının bazarlara çıxışının yaxşılaşdırılmasına xidmət edəcək. Enerji layihələri, o cümlədən “Şəms-1”, “Qərbi Üfüq”, Ordubad və Tivi su elektrik stansiyaları isə Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsi və bərpa olunan enerji potensialından daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında iqtisadçı Mətin Kamal deyib.
Onun sözlərinə görə, investisiya paketində ən böyük pay yol infrastrukturuna və energetikaya ayrılıb: “Yol təsərrüfatına 70 milyon manat, enerji layihələrinə isə 66 milyon manat vəsait nəzərdə tutulması təsadüfi deyil. Yol infrastrukturu iqtisadiyyatın bütün sahələrinə birbaşa təsir edən əsas amillərdən biridir. Keyfiyyətli yollar daşınma xərclərini və vaxt itkisini azaldır, rayonlararası iqtisadi əlaqələri gücləndirir, kənd təsərrüfatı məhsullarının bazarlara çıxışını asanlaşdırır. Başqa sözlə, yol tikintisinə qoyulan vəsait yalnız asfalt və tikinti layihəsi deyil, həm də iqtisadi dövriyyənin sürətləndirilməsi üçün investisiyadır. Enerji istiqamətindəki sərmayələr isə daha uzunmüddətli nəticə vəd edir. Günəş və hidroenerji layihələrinin paralel şəkildə həyata keçirilməsi Naxçıvanın enerji portfelinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Mətin Kamal qeyd edib ki, “Şəms-1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyaları, eləcə də Ordubad və Tivi su elektrik stansiyaları üzrə layihələr Naxçıvanın enerji strategiyasında yeni mərhələdən xəbər verir. “Burada əsas məsələ yalnız əlavə elektrik enerjisi istehsal etmək deyil. Enerji mənbələrinin müxtəlifləşdirilməsi regionun enerji təhlükəsizliyini artırır və gələcəkdə xarici enerji təminatından asılılığın azalmasına imkan yaradır. Xüsusilə Günəş enerjisi baxımından Naxçıvanın təbii potensialı bu istiqamətdə böyük imkanlar yaradır. Buna görə də bərpa olunan enerji layihələrini yalnız ekoloji layihə kimi qiymətləndirmək düzgün olmaz. Bu layihələr, eyni zamanda, iqtisadi təhlükəsizlik və uzunmüddətli enerji strategiyasının tərkib hissəsidir”, - deyə iqtisadçı bildirib.
İnvestisiya paketinin diqqət çəkən digər istiqamətinin sosial infrastruktur olduğunu söyləyən Mətin Kamalın sözlərinə görə, 1000 yerlik yataqxananın, 640 yerlik məktəbəqədər müəssisələrin yaradılması və mənzil fondunun təmiri ilk baxışda birbaşa iqtisadi gəlir gətirən layihələr kimi görünməyə bilər. Lakin uzunmüddətli perspektivdə onların iqtisadi əhəmiyyəti kifayət qədər böyükdür. Məsələn, müasir təhsil infrastrukturu gələcək əmək bazarının keyfiyyətinə təsir edir. Məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsi isə ailələrin, xüsusilə valideynlərin əmək bazarında iştirak imkanlarını artırır. Yəni, bu istiqamətdəki xərclər sadəcə sosial məsələ deyil. Əslində bunlar insan kapitalına qoyulan investisiyalardır.