Böyük tarixi qələbələrin miqyası yalnız onların əldə edildiyi anda qazandırdığı nəticələrlə ölçülmür. Belə qələbələrin həqiqi əhəmiyyəti zaman keçdikcə, siyasi nəticələr iqtisadi coğrafiyanı dəyişdirdikdə, yeni marşrutlar açdıqda və inkişaf üçün tamamilə fərqli imkanlar yaratdıqda daha aydın görünür. Bu baxımdan bu gün Naxçıvan Muxtar Respublikası ətrafında baş verən proseslər xüsusi diqqət çəkir.
Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri muxtar respublikanın rolunun artıq yalnız ölkədaxili regional inkişaf çərçivəsi ilə məhdudlaşmadığını göstərir. Naxçıvan Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirəcək yeni nəqliyyat və iqtisadi arxitekturanın əsas həlqələrindən birinə çevrilir. Perspektivdə bu sistemə enerji infrastrukturu da əlavə olunacaq. “Bu yeni mərhələnin möhkəm tarixi təməli var. Naxçıvan hər zaman Azərbaycan dövlətçiliyində xüsusi yer tutub. Ulu Öndər Heydər Əliyevin adı muxtar respublikanın siyasi tarixinin bütöv bir dövrü ilə bağlıdır. Sonrakı illərdə Naxçıvanın təhlükəsizliyinin, sosial dayanıqlılığının və davamlı inkişafının təmin edilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. Bu inkişafın hansı şəraitdə təmin edildiyini də nəzərə almaq lazımdır. Onilliklər ərzində Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması Naxçıvan üçün obyektiv iqtisadi və logistik məhdudiyyətlər yaratmışdır. Buna baxmayaraq, muxtar respublikada müasir infrastruktur formalaşdırılmış, enerji və ərzaq təhlükəsizliyi təmin edilmiş, genişmiqyaslı sosial layihələr həyata keçirilmişdir. Bu gün isə artıq Naxçıvanın geoiqtisadi mövqeyinin özü dəyişir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısının bərpası məsələsi tamamilə yeni siyasi məzmun qazanıb. Bu, artıq yalnız nəqliyyat məsələsi deyildi, söhbət uzunmüddətli münaqişənin başa çatmasından sonra regionda yeni kommunikasiya sisteminin formalaşdırılmasından gedirdi. Prezident İlham Əliyev Naxçıvanda bu prosesin tarixinə ətraflı toxunaraq bildirdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısı ilə bağlı müddəa məhz Azərbaycanın qəti mövqeyi nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata daxil edilmişdi. Lakin sonrakı illərdə praktiki irəliləyiş baş vermədi. Dönüş nöqtəsi isə 2025-ci il avqustun 8-də keçirilmiş tarixi Vaşinqton Zirvə Görüşü oldu. Bundan sonra layihə TRIPP, yəni “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” formatında yeni siyasi və beynəlxalq məzmun qazandı.
S.Fətəliyeva deyib ki, Azərbaycan Horadiz-Ağbənd avtomobil yolunun tikintisini demək olar ki, başa çatdırıb, Ermənistan sərhədinə doğru dəmir yolunun inşası isə sürətlə davam etdirilir: “Eyni zamanda, Naxçıvan ərazisində də dəmir yolu infrastrukturu yenilənir. Yeni texniki iqtisadi əsaslandırmaya görə, Naxçıvan dəmir yolunun uzunluğu 194 kilometr olacaq. Strateji hədəf bu nəqliyyat xəttinin yükaşırma qabiliyyətini ən azı 15 milyon tona çatdırmaqdır. Lakin bu layihənin əhəmiyyəti Azərbaycanın iki hissəsi arasında nəqliyyat əlaqəsinin bərpasından qat qat genişdir. Naxçıvanın coğrafi mövqeyi unikaldır. Muxtar respublika Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Yeni kommunikasiyaların açılması onun nəqliyyat sistemindəki mövqeyini kökündən dəyişir. Naxçıvan son məntəqədən tranzit məkanına çevrilir. Məhz burada baş verən transformasiyanın əsas mahiyyətlərindən biri üzə çıxır.
Uzun illər Azərbaycanı Qərb istiqaməti ilə birləşdirən əsas nəqliyyat xətləri Gürcüstan üzərindən keçib və bu marşrut bundan sonra da öz strateji əhəmiyyətini saxlayacaq. Naxçıvan üzərindən yeni xəttin yaranması isə Azərbaycanın nəqliyyat imkanlarını şaxələndirməklə, Türkiyə və oradan Avropaya əlavə çıxış formalaşdıracaq. Eyni zamanda, TRIPP daha böyük geoiqtisadi sistemə qoşulur. Söhbət Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizdən gedir. Digər mühüm perspektiv isə Naxçıvan və Culfa dəmir yolu qovşağı vasitəsilə İran istiqamətində yaranır. Bu xətt İran üzərindən Fars körfəzinə doğru çıxış imkanları açır. Beləliklə, yeni infrastruktur həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qollarından birinə çevrilmək potensialına malikdir. Başqa sözlə, söhbət artıq bir nəqliyyat dəhlizindən deyil, müxtəlif istiqamətlərin kəsişdiyi yeni logistik qovşaqdan gedir. Həmin qovşağın mərkəzində isə Naxçıvan dayanır”.
Deputat vurğulayıb ki, TRIPP-in gələcək əhəmiyyətini yalnız hərəkət edəcək qatarların, avtomobillərin və daşınacaq yüklərin həcmi ilə qiymətləndirmək düzgün olmaz. Nəqliyyat magistralı ətrafında iqtisadi fəaliyyət formalaşdığı zaman onun real inkişaf effekti yaranır. İldə 15 milyon ton yükün hərəkəti logistika terminallarına, anbar komplekslərinə, xidmət müəssisələrinə, emal sənayesinə, istehsala, mehmanxana və digər xidmət sahələrinə yeni tələbat yarada bilər. Bu isə investisiyalar, sahibkarlıq imkanları və yeni iş yerləri deməkdir. Məhz buna görə növbəti mərhələdə yeni marşrut boyunca istehsal və logistika klasterlərinin yaradılması perspektivi ön plana çıxır. Naxçıvan Sənaye Parkının yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Muxtar respublika yalnız tranzit ərazi deyil, daşınan məhsullar və formalaşan ticarət axınları ətrafında əlavə dəyər yaradan iqtisadi mərkəzə çevrilmək imkanı əldə edir. Layihəyə beynəlxalq maraq da Naxçıvanın yeni rolunun artıq daha geniş coğrafiyada qiymətləndirildiyini göstərir. Avropa İttifaqının nümayəndələrinin Naxçıvana səfər edərək dəmir yolu infrastrukturu ilə yerində tanış olması bunun göstəricilərindən biridir.
S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev Naxçıvan dəmir yolunun yenidən qurulması üçün beynəlxalq konsorsiumun yaradılması imkanını da istisna etməyib. Bununla yanaşı, prinsipial şərt də müəyyənləşdirilib: nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmalıdır. Dövlət başçısı, aydın şəkildə bildirib ki, xarici investorların iştirak edib etməməsindən asılı olmayaraq, Azərbaycan bu layihəni öz imkanları hesabına həyata keçirməyə qadirdir. Bu yanaşma Azərbaycanın bugünkü iqtisadi siyasətinin mühüm xüsusiyyətini nümayiş etdirir. Beynəlxalq əməkdaşlıq layihələri genişləndirən və onların cəlbediciliyini artıran imkan kimi nəzərdən keçirilir, lakin onların həyata keçirilməsinin zəruri şərti deyil. “TRIPP-ə yalnız nəqliyyat layihəsi kimi deyil, daha geniş infrastruktur platforması kimi baxdıqda perspektivlər daha da böyüyür. Gələcəkdə bu xətt elektrik enerjisinin ötürülməsi, rəqəmsal kommunikasiyalar və ehtiyac yarandığı halda digər enerji infrastrukturu üçün də mühüm arteriyaya çevrilə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, layihə yalnız dəmir və avtomobil yolları ilə məhdudlaşmır. Buradan fiber optik kabel, elektrik xətləri, gələcəkdə zərurət yaranarsa, neft və qaz kəmərlərinin də keçməsi mümkündür.
Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa istiqamətində yeni enerji xəttinin yaradılması xüsusilə mühüm perspektivlər açır. Digər tərəfdən, Mərkəzi Asiyada istehsal olunan “yaşıl enerji”nin Xəzər dənizi və Azərbaycan üzərindən Qərb bazarlarına çatdırılması istiqamətində də konkret planlar mövcuddur. Bu mənada Naxçıvan gələcəkdə yalnız nəqliyyat deyil, həm də enerji axınlarının kəsişdiyi strateji mərkəzlərdən birinə çevrilə bilər. Baş verən proseslərin nəqliyyat və iqtisadi hesablamalardan kənara çıxan mühüm siyasi tərəfi də var. Kommunikasiyalar qarşılıqlı maraqlar və asılılıq yaradır. Region ölkələrini dəmir yolları, enerji xətləri, rəqəmsal infrastruktur və ticarət əlaqələri birləşdirdikcə sabitliyin və sülhün konkret iqtisadi dəyəri formalaşır. Məhz buna görə TRIPP Azərbaycan və Ermənistan arasında sülh gündəliyindən ayrılıqda nəzərdən keçirilə bilməz”, – deyə o əlavə edib.
Deputat qeyd edib ki, onilliklərlə davam edən qarşıdurmadan sonra region qapalı sərhədlər və blokadalar məntiqindən açıq kommunikasiyalar və iqtisadi əməkdaşlıq mərhələsinə keçmək imkanı əldə edib. Ermənistan üçün də yeni nəqliyyat arxitekturasında iştirak daha geniş bazarlara çıxış və tranzit imkanları yarada bilər. Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlavə bağlantı əldə edir. İran isə Şimal-Cənub dəhlizindəki mühüm mövqeyini saxlamaqla yanaşı, Naxçıvan istiqamətində yaranacaq yeni imkanlardan faydalana bilər. Siyasi iradə və qarşılıqlı maraqlar düzgün uzlaşdırıldığı təqdirdə bu model bütövlükdə region üçün yeni iqtisadi imkanlar yarada bilər.
S.Fətəliyeva vurğulayıb ki, bütün bu prosesləri 2020-ci ildə baş vermiş tarixi hadisələrdən ayrı təsəvvür etmək mümkün deyil: “Cənubi Qafqazda formalaşan yeni nəqliyyat arxitekturasının siyasi başlanğıc nöqtəsi Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı zəfər, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi nəticəsində yaranmış yeni reallıqdır. Hərbi qələbə regiondakı qüvvələr nisbətini və siyasi vəziyyəti dəyişdi. Azərbaycanın sonrakı strategiyası isə göstərdi ki, məqsəd münaqişəni başqa formada davam etdirmək deyil, əldə olunmuş nəticəni uzunmüddətli sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa çevirməkdir. Döyüş meydanındakı qələbədən sonra daha mürəkkəb mərhələ başladı. Bu mərhələnin əsas məqsədi hərbi siyasi nəticələri davamlı sülh, kommunikasiya və iqtisadi qarşılıqlı maraqlar sistemi ilə möhkəmləndirməkdir. Məhz bu konteksdə “Prezident İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı” tezisi öz real məzmununu tapır. Müharibədə qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Sülhün qələbəsi isə yaranmış yeni reallığın geridönməzliyini təmin etməlidir”.
Deputat bildirib ki, illərlə Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmamasından irəli gələn məhdudiyyətlərlə üzləşən muxtar respublika indi öz coğrafiyasını strateji üstünlüyə çevirmək üçün tarixi imkan əldə edir. Burada Mərkəzi Asiyadan, Cənubi Qafqazdan, Türkiyədən, İrandan və Avropadan gələn yolların kəsişməsi üçün yeni perspektiv yaranır. Bu səbəbdən Naxçıvan ətrafında gedən proseslər yalnız bir bölgənin inkişaf tarixçəsi deyil, daha geniş transformasiyanın tərkib hissəsidir. Azərbaycan tarixi Zəfərinin nəticələrini ardıcıl şəkildə hərbi siyasi müstəvidən geoiqtisadi müstəviyə keçirir. Bu strategiyanın tam reallaşması ilə Cənubi Qafqazın yeni iqtisadi xəritəsində ən böyük dəyişikliklərdən biri məhz Naxçıvanda görünəcək. Muxtar respublika nəqliyyat marşrutlarının son nöqtəsindən regionun iqtisadi gələcəyini müəyyənləşdirən əsas qovşaqlardan birinə çevriləcək.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”