Naxçıvanın son yarım əsrdən artıq inkişaf tarixinə nəzər saldıqda Ulu Öndər Heydər Əliyevdən Prezident İlham Əliyevə uzanan vahid dövlətçilik və quruculuq xətti aydın görünür. Müxtəlif dövrlərdə imkanlar və qarşıya qoyulan vəzifələr dəyişsə də, əsas məqsəd Naxçıvanın qorunması, inkişaf etdirilməsi və Azərbaycanın ümumi tərəqqisinin mühüm dayaqlarından birinə çevrilməsi olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov deyib.
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə Naxçıvanın sosial-iqtisadi inkişafında mühüm dönüş yaranıb. 1970-1980-ci illərdə yeni sənaye müəssisələri yaradılıb, mövcud istehsal sahələri genişləndirilib, şəhər və sosial infrastruktur inkişaf etdirilib. “Təbriz” mehmanxanasının tikintisi də həmin dövrün şəhərsalma və xidmət infrastrukturu baxımından mühüm layihələrindən biri idi. Həmin illərdə yaradılan trolleybus sistemi isə Naxçıvanın müasir şəhər nəqliyyatına keçidinin göstəricisi idi: “1990-cı illərin əvvəllərində Naxçıvan ağır blokada və iqtisadi çətinliklərlə üzləşəndə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti muxtar respublikanın taleyində həlledici rol oynadı. Müdafiə və idarəetmə imkanları gücləndirildi, Türkiyə və İranla əlaqələr genişləndirildi, Naxçıvanın blokadanın ağır nəticələrindən qorunmasına mühüm töhfə verildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı tarixi missiyası həm onun inkişaf etdirilməsi, həm də ən ağır şəraitdə qorunması ilə xarakterizə olunur”.
O deyib ki, Prezident İlham Əliyevin siyasətində bu xətt yeni mərhələdə davam etdirilir. Naxçıvanda müasir otel kompleksinin təməlinin qoyulması, elektrik avtobus parkının istifadəyə verilməsi, DOST Mərkəzinin fəaliyyətə başlaması və enerji infrastrukturu ilə bağlı layihələr iqtisadi, sosial və ekoloji inkişafın paralel aparıldığını göstərir. Dünən trolleybus olan yerdə bu gün elektrik avtobuslarının, “Təbriz” mehmanxanasının davamı kimi müasir turizm infrastrukturunun yaradılması tarixi varisliyin simvolik nümunələridir: “Naxçıvanın enerji sahəsində də mühüm dəyişiklik baş verir. Bir vaxtlar enerji çatışmazlığı ilə üzləşən muxtar respublikada yeni generasiya güclərinin və bərpa olunan enerji mənbələrinin yaradılması onun gələcəkdə enerji istehsalçısı və regional enerji qovşağı kimi mövqeyini gücləndirə bilər”.
Deputat qeyd edib ki, Naxçıvanın qarşısında açılan ən böyük perspektiv isə coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsidir. Azərbaycanla Ermənistan arasında sülh prosesinin və regional kommunikasiyaların inkişafı Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yeni quru bağlantısının formalaşması üçün imkan yaradır. TRIPP və digər kommunikasiya layihələri Naxçıvanın Türkiyə, Mərkəzi Asiya və Avropa arasında mühüm nəqliyyat və logistika xəttinə çevrilməsinə şərait yarada bilər. Əsas məqsəd yalnız yüklərin Naxçıvandan keçməsi deyil, həmin yük axınları ətrafında logistika mərkəzləri, anbar və servis kompleksləri, emal müəssisələri və sənaye klasterləri yaratmaqdır. Bu halda Naxçıvan tranzit ərazidən istehsal və logistika mərkəzinə çevrilə bilər.
“2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər də bu proses üçün yeni siyasi və iqtisadi imkanlar yaradıb. Qarşıdurma ilə xarakterizə olunan coğrafiyada indi nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq layihələri müzakirə olunur. Müharibədə əldə edilən qələbənin davamı kimi əsas məqsəd dayanıqlı sülh, açıq kommunikasiyalar və qarşılıqlı iqtisadi maraqlar sistemi yaratmaqdır. Beləliklə, Naxçıvanın inkişafında yeni mərhələ formalaşır: Ulu Öndər Heydər Əliyevin dövründə sənayeləşən və ağır illərdə qorunan Naxçıvan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasirləşən, enerji və nəqliyyat imkanlarını genişləndirən, gələcəkdə isə regional logistika, enerji və iqtisadi qovşağa çevrilə biləcək Naxçıvana transformasiya olunur”.