Səbəb nə qədər qəribə də olsa, meduzalardır
Mütəxəssislər bildirirlər ki, həddindən artıq balıq ovu, plastiklərlə çirklənmə və iqlim dəyişikliyi səbəbindən dənizlərin istiləşməsi meduzaların çoxalması üçün əlverişli şərait yaradıb.
Energetika şirkəti EDF bildirib ki, Fransanın şimalındakı "Qravlin" atom elektrik stansiyasındakı üç reaktor enerji bloklarını soyutmaq üçün istifadə edilən nasosların tıxanmasından sonra bağlanıb. EDF-in açıqlamasında həmçinin dördüncü reaktorun gücünün yarıya endirildiyi, yalnız bir reaktorun tam gücdə işlədiyi barədə məlumat verilib. Digər, altıncı reaktor isə bundan əvvəl planlaşdırılmış təmir üçün bağlanmışdı. Amma "yaranmış vəziyyət obyektlərin və personalın təhlükəsizliyinə, habelə ətraf mühitə təsir göstərmir".
Bu il Fransanın nüvə enerjisi istehsalı həddindən artıq isti və quraqlıq səbəbindən pozulub. İyun və iyul aylarında EDF anomal yüksək temperatur səbəbindən bir neçə reaktoru dayandırıb. "Frans Press" agentliyi EDF-nin 2015-ci ildən bəri dərc edilən məlumatlarına əsasən xəbər verir ki, son bağlanmalardan əvvəl belə, Fransanın nüvə stansiyalarında elektrik enerjisi istehsalı kəsiri 15,6 faizə çatmışdır.
Şimaldakı Dünkerk şəhəri yaxınlığında yerləşən "Qravlin" atom elektrik stansiyası Qərbi Avropanın ən böyük analoji obyektidir və ərazidə altı 900 meqavattlıq reaktor fəaliyyət göstərir. Bir il əvvəl meduzalar dəniz suyu verən nasos stansiyalarını tıxadıqdan sonra stansiya müvəqqəti olaraq bağlanmışdı.
Meduza sürüləri əvvəllər digər ölkələrdə də nüvə elektrik stansiyalarının bağlanmasına səbəb olmuşdu. 2013-cü ildə İsveçdə bir nüvə elektrik stansiyası 3 gün bağlanmışdı, Yaponiyada isə 1999-cu ildə baş verən oxşar hadisə istehsalın kəskin azalmasına səbəb olmuşdu.
Rizvan CƏFƏROV,
"Azərbaycan"