12 Avqust 2026 12:17
160
SİYASƏT
A- A+
Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar

Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar


Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin ən mühüm səhifələri ilə sıx bağlı olub. Ulu Öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı, cənab Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi nəticəsində muxtar respublika bu gün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu sözləri Milli Məclisin deputatı Səbinə SALMANOVA deyib. Onun sözlərinə görə, Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir: “Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və bölgənin gələcək inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Möhtərəm Prezident İlham Əliyev indiyədək Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Bu faktın özü Naxçıvanın dövlət siyasətindəki xüsusi yerini aydın şəkildə nümayiş etdirir”.

Deputat bildirib ki, Naxçıvanın müasir inkişaf tarixindən danışarkən, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin bu qədim diyarla bağlı fəaliyyətini xatırlamaq lazımdır: “Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyinin tarixində xüsusi mərhələ təşkil edir. Məhz həmin mürəkkəb illərdə Naxçıvanda dövlətçilik ənənələrinin qorunması, milli iradənin möhkəmləndirilməsi və Azərbaycanın müstəqillik yolunun müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu siyasi irs sonrakı mərhələdə möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni məzmunla zənginləşdirildi. Naxçıvanda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mühüm layihələrin reallaşdırılması muxtar respublikanın simasını əsaslı şəkildə dəyişdirdi. Uzun illər Ermənistanın yaratdığı blokada şəraitində yaşayan Naxçıvanın inkişafının təmin edilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin və iqtisadi imkanlarının göstəricisi idi. Ən mürəkkəb dövrlərdə belə bu qədim diyarımız diqqətdən kənarda qalmadı. Əksinə, Naxçıvanın dayanıqlı inkişafı üçün mühüm layihələr həyata keçirildi, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüldü”.

S.Salmanova qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb: “Bu reallıqlar Naxçıvanın qarşısında da tamamilə yeni imkanlar açır. Azərbaycanın hərbi-siyasi Zəfəri yalnız ərazi bütövlüyümüzün bərpasını təmin etmədi, eyni zamanda regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirdi. İndi Azərbaycan yeni reallıqların formalaşmasında təşəbbüskar və əsas aktorlardan biri kimi çıxış edir. Bu strategiyanın mühüm istiqamətlərindən birini nəqliyyat-kommunikasiya layihələri təşkil edir. Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşımalarının həyata keçirildiyi yollar deyil. Onlar dövlətlərin iqtisadi potensialını, siyasi çəkisini və regional inteqrasiya imkanlarını artıran strateji vasitələrdir.

Bu baxımdan Naxçıvanın qarşıdakı dövrdə rolu misilsiz olacaq. Uzun illər blokada şəraitində yaşayan bu qədim diyarımız artıq blokadanın yaratdığı məhdudiyyətlərlə deyil, qarşısında açılan geniş imkanlarla xarakterizə olunacaq. TRIPP layihəsi də məhz bu yeni reallığın mühüm elementlərindən biridir. Regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, yeni marşrutların yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının formalaşmasına geniş imkanlar yaradır. Bu bağlantının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə uzlaşdırılması isə Naxçıvanın regional və beynəlxalq tranzit sistemində əhəmiyyətini daha da artıracaq.

Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması təkcə ölkəmizin daxili nəqliyyat imkanlarının genişləndirilməsi demək deyil. Bu, eyni zamanda Türkiyə, İran, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni iqtisadi əlaqələrin qurulması üçün mühüm platformadır”.

Parlamentari Naxçıvanın coğrafi mövqeyinin ona tarixən böyük strateji üstünlüklər qazandırdığını söyləyib: “Türkiyə və İranla sərhəddə yerləşməsi, Azərbaycanın digər ərazilərinə yaxınlığı və tarixi ticarət yollarının üzərində qərar tutması Naxçıvanı əsrlər boyu mühüm iqtisadi və kommunikasiya məkanına çevirib. Lakin son onilliklərdə yaranmış blokada bu imkanların tam reallaşdırılmasına ciddi maneələr yaradıb. Qarşıdakı mərhələdə isə vəziyyət dəyişəcək. Yeni nəqliyyat bağlantıları Naxçıvanın regional ticarət və logistika sisteminə daha fəal şəkildə qoşulmasına şərait yaradacaq.

Bu baxımdan Naxçıvanın qarşısında yeni dirçəliş dövrü açılır. Böyük ticarət yollarının, logistika xətlərinin və yük axınlarının mühüm hissəsinin bu ərazidən keçməsi üçün real imkanlar yaranacaq. Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsi onun geniş regional bazarlara çıxış imkanlarını artırır. Bu coğrafi üstünlük yeni dəmir yolları, avtomobil yolları, logistika mərkəzləri, gömrük infrastrukturu və sənaye istehsalı ilə tamamlandıqda muxtar respublikanın iqtisadi potensialı daha da yüksələcək.

Məsələnin digər mühüm tərəfi Naxçıvanın Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni bağlantılarda rolunun artmasıdır. Şərqdən Qərbə uzanan nəqliyyat marşrutlarının gücləndirilməsi Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, ölkəmizi Avrasiya məkanında mühüm logistika mərkəzlərindən birinə çevirəcək. Gələcəkdə bu marşrutların böyük yükdaşıma potensialına malik regional dəhlizə çevrilməsi Naxçıvana da yeni iqtisadi imkanlar qazandıracaq. Bu, həm də Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir. Nəqliyyat və logistika ilə yanaşı, yeni sənaye müəssisələrinin, istehsal klasterlərinin, xidmət sahələrinin və ixrac yönümlü iqtisadi fəaliyyətin genişlənməsi üçün əlverişli şərait yaranacaq”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biri hərbi-siyasi qələbənin davamlı sülhə və iqtisadi inkişafa çevrilməsidir: “Prezident İlham Əliyev həm müharibəni, həm sülhü qazandı” tezisi məhz bu reallığın ifadəsidir. Döyüş meydanında əldə edilən Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Diplomatik müstəvidə formalaşan yeni reallıqlar isə regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəlilədilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratdı.

Bu gün Azərbaycan qalib dövlət kimi qarşısında yeni məqsədlər müəyyənləşdirib. Dəmir yollarının çəkilməsi, avtomobil yollarının yenilənməsi, logistika mərkəzlərinin yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi Zəfərin sülh və rifah dividendinə çevrilməsinin nümunələridir. Bu mənada Naxçıvan xüsusi əhəmiyyət daşıyır. Çünki burada nəqliyyat bağlantısının bərpası həm Azərbaycanın daxili bütövlüyünün daha da möhkəmlənməsi, həm də regionun ümumi iqtisadi inteqrasiyasının dərinləşməsi deməkdir”.

S.Salmanova onu da vurğulayıb ki, Naxçıvanın gələcək inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir: “Burada həyata keçiriləcək layihələr yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın tranzit və logistika potensialını artıracaq. Ən əsası isə Naxçıvan artıq kənarda qalan coğrafi məkan deyil. Əksinə, o, Cənubi Qafqazın yeni nəqliyyat-kommunikasiya xəritəsinin əsas elementlərindən birinə çevrilir.

Türkiyə ilə Azərbaycanın birbaşa bağlantısının güclənməsi, İranla əməkdaşlığın genişlənməsi, Ermənistanla sülh şəraitində kommunikasiyaların bərpası və Şərq-Qərb marşrutlarının inkişafı Naxçıvanın strateji əhəmiyyətini daha da artıracaq. Bu proses Azərbaycanın regional mövqeyinin möhkəmlənməsinə, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına, Avrasiya məkanında yeni ticarət marşrutlarının inkişafına mühüm töhfə verəcək.

Ulu Öndər Heydər Əliyevin siyasi irsi üzərində formalaşan və Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yeni məzmun qazanan Naxçıvan strategiyası artıq yeni mərhələyə daxil olur. Dünən blokadanın yaratdığı məhdudiyyətlərlə mübarizə aparan Naxçıvan sabah regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilmək perspektivi qazanır. Bu gün Naxçıvan üçün yeni era başlayır. Bu eranın əsasını isə milli iradə, siyasi sabitlik, Zəfərdən doğan yeni reallıqlar və Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası təşkil edir”.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur

13:36
12 Avqust

Süni intellekt işi yüngülləşdirirmi? 

13:34
12 Avqust

Yuxu pozuntusu Altzheymerin ilk xəbərçisi ola bilər

13:33
12 Avqust

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

13:28
12 Avqust

Naxçıvan Türk dünyasının birləşdirici məkanına çevriləcək

13:22
12 Avqust

“Çelsi” ispaniyalı futbolçunun transferini elan edib

13:20
12 Avqust

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

13:12
12 Avqust

Naxçıvan ölkəmizə yeni strateji üstünlüklər qazandıracaq

12:48
12 Avqust

Naxçıvanın inkişafı bütövlükdə Azərbaycanın strateji imkanlarını genişləndirir  

12:41
12 Avqust

Prezidentin diplomatik uzaqgörənliyi Cənubi Qafqazdakı geostrateji qeyri-müəyyənliyə son qoyub 

12:26
12 Avqust

Naxçıvan üçün yeni era: Zəfərdən doğan inkişaf və böyük imkanlar

12:17
12 Avqust

Azərbaycanın gənc alimləri Tatarıstanda XIII Beynəlxalq Arxeologiya Məktəbində iştirak edirlər

12:02
12 Avqust

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 

12:00
12 Avqust

Özbəkistanda neft-qaz bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub

11:55
12 Avqust

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

11:50
12 Avqust

Günəşdən işığa: Naxçıvanın “yaşıl enerji” hədəfləri 

11:37
12 Avqust

Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ 

11:12
12 Avqust

SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

11:09
12 Avqust

Beynəlxalq Əmək Təşkilatı: Qlobal miqyasda işsiz gənclərin sayı təqribən 257 milyon nəfərə çatıb

11:07
12 Avqust

"Sabah" UEFA Çempionlar Liqasında pley-offa yüksəlib

11:06
12 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub

10:40
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!