Təbiətdə yaşayış mühitinin formalaşmasından bitki toxumlarının yayılmasına qədər mühüm rol oynayan fillər qanunsuz ovlanma və təbii məskənlərinin kiçilməsi səbəbindən sürətlə azalır.
Anadolu Agentliyi xəbər verir ki, hər il avqustun 12-də qeyd olunan “Dünya Fil Günü” bu heyvanların üzləşdiyi təhlükələrə diqqət çəkmək və qanunsuz fil sümüyü ticarətinin qarşısını almaq məqsədi daşıyır. İlk dəfə 2012-ci ildə təsis edilən fil gününün budəfəki mövzusu “Fillərin gələcəyi üçün qlobal həmrəylik” olaraq müəyyən edilib. Bu çərçivədə dövlətlərin, yerli cəmiyyətlərin və təşkilatların birgə fəaliyyət göstərməsinin vacibliyi vurğulanır.
Təbiətşünaslar ekosistemin fəaliyyətindəki mühüm rola görə filləri “ekosistem mühəndisləri” adlandırırlar. Fillərin təbiətə verdiyi əsas töhfələr bunlardır: onlar yedikləri bitkilərin toxumlarını peyin vasitəsilə uzaq məsafələrə daşıyaraq meşələrin yenilənməsinə kömək, ağacları və sıx kolluqları yararaq açdıqları cığırlarla günəş işığının torpağa çatmasını təmin edirlər. Bununla yanaşı, kiçik heyvanlar və bitkilər üçün yaşayış şəraiti yaradır, quraqlıq dövründə su tapmaq üçün qazdıqları quyulardan digər canlılar da yararlanırlar.
Beynəlxalq Təbiəti Mühafizə Birliyinin “Qırmızı siyahısı”na əsasən, Afrika meşə fili “ciddi təhlükədə”, Afrika savannası və Asiya filləri isə “təhlükədə” kateqoriyasındadır. Təxminən bir əsr əvvəl sayı milyonlarla olan fil populyasiyasının hazırda Afrikada 400 minə, Asiyada isə 40 minə qədər azaldığı bildirilir.
Qanunsuz ovçular fil sümüyü əldə etmək üçün Afrikada hər gün təxminən 100 fili məhv edirlər. Bu da ildə 35 mindən çox filin itirilməsi deməkdir. İtki göstəricisi fillərin təbii artım sürətini üstələdiyindən populyasiyanın bərpası çətinləşir. Təhdidlərin qarşısını almaq üçün ABŞ 2016-cı ildə, Çin isə 2017-ci ilin sonunda ölkə daxilində fil sümüyü ticarətini qadağan edib.
Qanunsuz ovla yanaşı, meşələrin qırılması, kənd təsərrüfatı sahələrinin genişlənməsi və infrastruktur layihələri də fillərin yaşayış mühitini daraldaraq insan-fil münaqişələrini artırır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”