12 Avqust 2026 08:00
182
SİYASƏT
A- A+
Uzaq Vaşinqtondan yaxın münasibət

Uzaq Vaşinqtondan yaxın münasibət


Azərbaycan və ABŞ Cənubi Qafqazda yeni düzən formalaşdırır


Ölkəmizin böyük nailiyyətlərlə müşayiət edilən xarici siyasətində son dövrün ən mühüm hadisələrindən biri ABŞ ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və bunun Azərbaycanla Ermənistan arasında sülh prosesinin nəticələri ilə paralel inkişaf etməsidir. 2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-yə səfəri bu baxımdan tarixi mərhələnin başlanğıcına çevrildi. 

Vaşinqtonda - Ağ Evdə keçirilən görüşlər və əldə olunan tarixi razılaşmalar həm Azərbaycan-ABŞ əlaqələrinin yeni strateji məzmun qazanmasına, həm də Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin mühüm siyasi nəticələrlə tamamlanmasına şərait yaratdı. Vaşinqton görüşünün ildönümü münasibətilə 4 gün öncə - avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasındakı telefon danışığı isə həmin tarixi hadisənin birillik siyasi nəticələrinin qiymətləndirilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Vaşinqton Zirvə görüşündən ötən bir il ərzində regionda sülh və sabitliyin qorunması, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişafı ilə bağlı qarşılıqlı əminlik yaradan mühüm nəticələr 2025-ci ildən başlanmış prosesin artıq davamlı xarakter aldığını göstərir. Bu mənada bir il öncəki Vaşinqton görüşünə və 2026-cı ilin avqustunda baş tutan telefon danışığına bir-birini tamamlayan vahid siyasi proses kimi yanaşmaq lazımdır. 

Zirvə görüşü ilə dövlət rəhbərlərinin telefon danışığı arasındakı birillik müddət, əslində, Azərbaycanla ABŞ arasında yeni siyasi xəttin formalaşması və möhkəmlənməsi dövrü oldu. Bu müddət ərzində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı yeni hüquqi-siyasi çərçivə qazandı, Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə keçdi, regionda sabitlik qorundu, iki ölkə arasında iqtisadi və tranzit əlaqələr formalaşmağa başladı, TRIPP layihəsinin icrası istiqamətində praktiki işlər irəlilədi, ABŞ-nin Cənubi Qafqazda sülh və bağlantılar gündəliyində rolu daha da gücləndi. Bütün bunlar Vaşinqton görüşündə əldə edilmiş razılaşmaların ümumən regionun gələcək inkişaf modelinə təsir göstərən siyasi və geoiqtisadi proseslərin başlanğıc nöqtəsinə çevrildiyini göstərir. 

ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi barədə düzgün qənaətlərin formalaşması üçün əvvəlki dövrün siyasi mənzərəsinə nəzər salmaq lazımdır. Məlumdur ki, Donald Trampdan əvvəlki Bayden administrasiyası dövründə ABŞ-nin Azərbaycana münasibəti tendensioz xarakter daşıyırdı. Bu yanaşma isə həmin dövrə qədər ikitərəfli münasibətlərdə əldə edilmiş nəticələrə ciddi zərbə vururdu. Həmin yanlış münasibət regiondakı proseslərə də mənfi təsir göstərərək Cənubi Qafqazda sülh və ədalətin təmin olunması istiqamətində imkanları xeyli dərəcədə məhdudlaşdırırdı. Regionun aparıcı dövləti kimi Azərbaycanın mövqeyinin və potensialının lazımi səviyyədə qiymətləndirilməməsi ABŞ-nin Cənubi Qafqaz siyasətində müəyyən problemlərə rəvac verirdi. Halbuki regionda dayanıqlı sülhün təmin olunması üçün ölkəmizin siyasi və iqtisadi çəkisinin, təhlükəsizlik imkanlarının və regional layihələrdə rolunun nəzərə alınması obyektiv zərurət idi.

Donald Trampın Prezident seçilməsi ilə ABŞ xarici siyasətində yeni yanaşmaların formalaşması isə iki dövlət arasındakı həm əlaqələrə, həm də münasibətlərə öz müsbət təsirini göstərdi. İlham Əliyevin də bəyan etdiyi kimi, dünyada sülhün təmin olunmasını prioritet istiqamətlərdən birinə çevirən yeni administrasiyanın siyasəti Cənubi Qafqaza münasibətdə də ciddi imkanlar yaratdı. Bu baxımdan, ABŞ-Azərbaycan əlaqələrində baş verən transformasiya, eyni zamanda Vaşinqtonun Cənubi Qafqazda sülhün təmin edilməsinə, regional kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə baxışının dəyişməsi ilə də müşayiət olunur. Məhz buna görə ABŞ-Azərbaycan əlaqələrindəki dəyişiklərlə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması bir-birini tamamlayan vahid prosesin tərkib elementləridir.


Strateji tərəfdaşlıq


Bir il əvvəl Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüş və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu görüşün ən mühüm nəticələrindən biri "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya"nın hazırlanması barədə razılaşma oldu. 

Belə bir sənədin hazırlanması iki ölkə arasındakı münasibətlərin ayrı-ayrı əməkdaşlıq sahələrindən daha geniş strateji çərçivəyə keçirilməsinin göstəricisidir. Azərbaycan-ABŞ münasibətlərində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, təhlükəsizlik və regional bağlantılar kimi istiqamətlər artıq daha geniş strateji perspektivdə nəzərdən keçirilməkdədir. Vaşinqton səfəri zamanı "Azadlığa dəstək Aktı"na 907-ci düzəlişlə bağlı qərar və TRIPP layihəsi üzrə razılaşma da münasibətlərin yeni mərhələsinin konkret göstəricilərinə çevrildi. Bütün bunlar ABŞ-Azərbaycan əlaqələrinin transformasiyasının əsas nəticələri sırasındadır. Məsələn, 907-ci düzəlişin aradan qaldırılması münasibətlərin siyasi yükünü dəyişir. Çünki Azərbaycan-ABŞ münasibətlərində uzun müddət mübahisə mövzusu olmuş ən əhəmiyyətli məsələlərdən biri məhz 907-ci düzəliş idi. Bu düzəlişlə bağlı yeni yanaşmanın formalaşması Bakı-Vaşinqton əlaqələrində siyasi etimadın güclənməsi baxımından son dərəcə mühümdür. Azərbaycan üçün uzun müddət siyasi narazılıq doğuran məhdudiyyətlərdən birinin aradan qaldırılması ABŞ-nin rəsmi Bakı ilə iş birliyinə yeni prizmadan yanaşdığını nümayiş etdirir. Beləliklə, iki ölkə arasında münasibətlərin transformasiyası yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına paralel şəkildə keçmişdən qalmış siyasi problemlərin həllinə yanaşmanın dəyişməsi ilə də xarakterizə olunur.


Sülh və dayanıqlı inkişaf marşrutu 


Bir il əvvəl Vaşinqtonda əldə edilmiş razılaşmalar sırasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu", başqa sözlə, TRIPP layihəsi xüsusi yer tutur. Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutan bu layihə ümumilikdə Cənubi Qafqazın yeni regional nəqliyyat sisteminin formalaşdırılması baxımından da strateji əhəmiyyət daşıyır. 

TRIPP layihəsinin əhəmiyyəti 2026-cı il avqustun 8-də Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında keçirilmiş telefon danışığında da xüsusi vurğulanıb. Telefon danışığı zamanı Azərbaycan ərazisində nəqliyyat infrastrukturu üzrə işlərin artıq başa çatmaq mərhələsində olduğu bildirilib və Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümid ifadə olunub. Cəmi bir il əvvəl Vaşinqtonda siyasi razılaşma kimi gündəmə gələn layihənin 2026-cı ildə, xüsusən Azərbycanın əməli səyləri ilə artıq praktiki icra mərhələsinə keçməsi sülhün real iqtisadi və nəqliyyat nəticələrinə çevrilməkdə olduğunu göstərir. Beləliklə, Azərbaycanın əsas müəlliflərindən olduğu sülh yalnız siyasi sənədlərin imzalanması ilə məhdudlaşmır, bu prosesin davamlılığı regionda yeni iqtisadi və nəqliyyat əlaqələrinin yaranması ilə möhkəmlənir.

Bu baxımdan, tarixi Vaşinqton razılaşmalarını Azərbaycanla Ermənistan arasında çox uzun və mürəkkəb tarixi-siyasi proseslərin nəticəsi olan indiki sülh prosesinin son dərəcə əhəmiyyətli mərhələsi hesab etmək olar. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, ordumuzun gücü sayəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi bu mərhələyə şərait yaratdı. Bununla regionda əvvəlki status-kvonun bərpası imkanları aradan qalxdı və münasibətlərin yeni mərhələyə keçməsi üçün obyektiv şərait formalaşdı. Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan beş prinsipin müəllifi kimi çıxış edərək sülh gündəliyini formalaşdırdı. Bu prinsiplər dövlətlərin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməsi, qarşılıqlı ərazi iddialarından imtina və münasibətlərin beynəlxalq hüququn əsas prinsipləri əsasında qurulması məntiqinə əsaslanır. Beləliklə, Azərbaycan üçün sülh müharibədən sonrakı yeni reallıqların siyasi və hüquqi şəkildə təsbit edilməsi mərhələsidir. Bu, Azərbaycanın həm müharibə meydanında, həm də sülh prosesindəki qələbəsidir. 

Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəmiz sülh gündəliyinə hərbi-siyasi reallıqlardan çıxış edərək yanaşır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində yaranmış yeni reallıq Ermənistanın əvvəlki siyasətini davam etdirməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Bundan sonra Ermənistan qarşısında əsas seçim sülh və normallaşma yoluna keçmək idi. Bu baxımdan, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması uzun prosesin məntiqi nəticəsi, ölkəmizin formalaşdırdığı yeni tarixi reallığın diktəsi kimi qiymətləndirilə bilər. Beləliklə, İlham Əliyevin məqsədyönlü siyasəti, mükəmməl strategiyası sayəsində ölkəmiz əvvəlcə öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi, daha sonra isə həmin reallıq əsasında sülh gündəliyini formalaşdırmağa müvəffəq oldu.

Vaşinqton görüşündən ötən bir il ərzində Cənubi Qafqaz bölgəsində sülhə xələl gətirə biləcək insident baş verməyib. Bu fakt sülh prosesinin dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki uzunmüddətli münaqişədən çıxmış regionlarda siyasi sənədlərin əldə olunması qədər onların yaratdığı yeni təhlükəsizlik mühitinin qorunması da vacibdir. 

Daha önəmlisi isə sülh prosesinin iqtisadi münasibətlərə müsbət təsirləridir. Azərbaycanın neft məhsullarının Ermənistana ixracına, tranzit yüklərin ölkəmizin ərazisindən Ermənistana daşınmasına başlanıb, ticarət əlaqələrinin qurulmasına doğru ilkin addımlar atılıb. Bütün bunlar Azərbaycan ABŞ prezidentlərinin telefon söhbətində də təqdir edildi. 

Uzun illər bir-birinə qarşı düşmən münasibətdə olmuş iki ölkənin iqtisadi əlaqələr qurmağa başlaması sülhün cəmiyyətlər və dövlətlər arasında qarşılıqlı asılılıq yaratmaq imkanını da artırır. Sülh təhlükəsizlikdən iqtisadi inteqrasiyaya keçid edir. Əvvəllər sülh dedikdə əsasən hərbi əməliyyatların dayandırılması və təhlükəsizlik məsələləri nəzərdə tutulurdusa, hazırkı mərhələdə sülhün iqtisadi, nəqliyyat və ticarət komponentləri də ön plana çıxır. Sülhün dayanıqlılığı üçün siyasi razılaşmalarla yanaşı, qarşılıqlı iqtisadi maraqların yaradılması da mühüm amilə çevrilir. TRIPP layihəsi bu baxımdan da xüsusi əhəmiyyət daşıyır. Belə ki, nəqliyyat bağlantılarının inkişafı region ölkələrinin iqtisadi maraqlarını bir-birinə bağlamaqla sülhün maddi əsaslarını möhkəmləndirəcək. 


İkitərəfli münasibətlərdən regional sülhə


Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı onilliklərdə əgər ABŞ ilə ikitərəfli münasibətlər əsasən enerji, təhlükəsizlik və digər ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıq çərçivəsində nəzərdən keçirilirdisə, hazırkı mərhələdə münasibətlər daha geniş regional strategiyanın bir hissəsinə çevrilib. Azərbaycan ABŞ üçün Cənubi Qafqazda mühüm siyasi və iqtisadi tərəfdaş olmaqla, regional bağlantıların, enerji təhlükəsizliyinin və sülh prosesinin əsas iştirakçısıdır. ABŞ üçün Azərbaycanla strateji tərəfdaşlığın dərinləşməsi, eyni zamanda regionda sülh və sabitliyin möhkəmlənməsi baxımından mühüm imkanlar yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət müharibədən sülhə keçidin əsas amilidir. Əldə edilmiş bütün müsbət nəticələrin təməlində dövlətimizin ardıcıl və məqsədyönlü strategiyası durur. Ölkəmiz öz milli maraqlarını qorumaqla yanaşı, regional reallıqları nəzərə alan uzunmüddətli siyasi xətt yürüdür. Azərbaycanın hərbi gücünün artması, ərazi bütövlüyünün bərpası, suverenliyin tam təmin edilməsi və bundan sonra sülh gündəliyinin irəli sürülməsi bir-birindən ayrı mərhələlər olmayıb, vahid strategiyanın tərkib hissələridir. Məhz bu strategiya sayəsində Azərbaycan həm müharibənin nəticələrini dəyişdirən, həm də müharibədən sonrakı sülh gündəliyini müəyyən edən əsas dövlət rolundadır. Ölkəmizin müharibədə qazandığı qələbə sülh prosesinin başlanmasına, sülh prosesi regionun yeni iqtisadi və geosiyasi reallığının formalaşmasına yol açıb. ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə bu yeni regional düzənin beynəlxalq müstəvidə möhkəmlənməsinə mühüm töhfələr verir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qüdrətli dövlətin vətəndaşı olmaq qürurvericidir

09:40
12 Avqust

Azərbaycan gəncləri dövlət qayğısı ilə əhatə olunub

09:30
12 Avqust

"Şahdəniz Kompressiya" bir addım da irəlilədi

09:20
12 Avqust

Kapital qoyuluşunun dinamikası yüksəlir

09:10
12 Avqust

Zəhmət bəhrəsiz qalmır

09:00
12 Avqust

SOCAR: sınanmış tərəfdaş, etibarlı investor

08:50
12 Avqust

Vaşinqton Sammitinin tarixi əhəmiyyəti

08:40
12 Avqust

Azərbaycanın etibarlı tərəfdaşlıq və sülh modeli

08:30
12 Avqust

Cənubi Qafqazda sabitlik və əməkdaşlıq dövrü Birgə Bəyanat regionun münaqişədən inkişaf və sabitlik mərhələsinə keçdiyini təsdiqləyir

08:20
12 Avqust

Azərbaycan və Ermənistan liderlərinin telefon danışığı sülh gündəliyinin uğurudur

08:10
12 Avqust

Uzaq Vaşinqtondan yaxın münasibət

08:00
12 Avqust

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!