Naxçıvan Muxtar Respublikasının iqtisadi mənzərəsində yeni bir istiqamət getdikcə daha aydın görünür. Bu, yalnız enerji istehsalının artırılması deyil, təbii imkanların iqtisadi gücə çevrilməsi, bölgənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və gələcək inkişaf modelinin daha dayanıqlı əsaslar üzərində qurulmasıdır. Söhbət Naxçıvanın “yaşıl enerji” potensialından gedir.
Günəşli günlərin çoxluğu, dağlıq relyef, əlverişli təbii-coğrafi şərait Naxçıvana bərpaolunan enerji mənbələrindən geniş istifadə üçün ciddi üstünlüklər verir. Son illər bu istiqamətdə atılan addımlar göstərir ki, söhbət ayrı-ayrı günəş və külək stansiyalarının tikintisindən getmir. Qarşıya daha böyük hədəf qoyulub: bərpaolunan enerji istehsalını müasir elektrik şəbəkəsi ilə əlaqələndirmək, enerji sistemini gücləndirmək, yeni investisiyalara yol açmaq və muxtar respublikanın iqtisadi inkişafını enerji imkanları ilə daha sıx bağlamaq.
Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı bölgənin iqtisadi potensialı ilə yanaşı, enerji imkanlarının da diqqət mərkəzində olması təsadüfi deyil. Çünki bölgənin gələcək iqtisadi xəritəsində günəşin, küləyin və suyun yaratdığı enerji təkcə elektrik demək deyil. Bu, yeni istehsal sahələri, investisiya imkanları, məşğulluq, texnoloji yenilənmə və nəhayət, regionun Azərbaycanın enerji strategiyasında daha mühüm mövqeyə yüksəlməsi deməkdir.
Naxçıvanda “yaşıl enerji” ilə bağlı proseslər artıq ideya və perspektiv mərhələsindən çıxaraq konkret layihələr müstəvisinə keçib. Bu gün bölgənin enerji xəritəsində görünən ən mühüm yeniliklərdən biri ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarının yaradılmasıdır. Prezident İlham Əliyevin avqustun 11-də bu stansiyalarda görülən işlərlə tanış olması da layihələrin Naxçıvanın gələcək iqtisadi inkişafı baxımından daşıdığı əhəmiyyəti göstərir. 25 MVt gücündə olan “Şəms 1” layihəsi bərpaolunan enerji mənbələri ərazisində ayrılmış 52 hektarlıq sahəni əhatə edir. Layihəni həyata keçirən “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin cari ilin noyabrında yekunlaşdırılması, şəbəkə infrastrukturunun inşası tamamlandıqdan sonra isə stansiyanın istismara verilməsi nəzərdə tutulur. Hazırda layihənin icrasına 218 nəfər cəlb olunub.
Stansiyanın fəaliyyətə başlaması ilə onun hər il təxminən 57 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu həcm təqribən 19 min ev təsərrüfatının enerji təminatına bərabərdir. Lakin layihənin əhəmiyyəti yalnız istehsal olunacaq elektrik enerjisinin miqdarı ilə ölçülmür. Günəş enerjisindən istifadənin genişlənməsi eyni zamanda təbii qaz sərfiyyatının və karbon emissiyalarının azalmasına imkan verəcək. Belə ki, “Şəms 1”in istismara verilməsi ilə il ərzində təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınması və 12 milyon kubmetr təbii qaza qənaət edilməsi planlaşdırılır.
Naxçıvanda bərpaolunan enerjiyə keçidin daha bir mühüm ünvanı gücü 25 MVt olan “Qərbi Üfüq” layihəsi 50 hektarlıq sahədə reallaşdırılacaq. Stansiyanın istismara verilməsi ilə hər il təxminən 61 milyon kilovat-saat elektrik enerjisinin istehsalı mümkün olacaq. Bu isə 21 minə yaxın ev təsərrüfatının enerji təminatına töhfə deməkdir. Layihə digər bir səbəbdən də əhəmiyyətlidir. Günəş enerjisindən istifadə nəticəsində hər il təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı, eyni zamanda 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi gözlənilir. Beləliklə, “Qərbi Üfüq” həm enerji təminatının şaxələndirilməsinə, həm də ətraf mühitin qorunmasına xidmət edəcək.
Əslində Naxçıvanın “yaşıl enerji” yolunun başlanğıcı daha əvvələ gedib çıxır. Belə ki, 2023-cü ildə keçirilən Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialına həsr olunmuş xüsusi sessiyada mühüm sənədlər imzalanıb. “Nobel Energy Management” şirkəti ilə Naxçıvanda 400 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisi və burada istehsal olunacaq elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Eyni tədbirdə “TotalEnergies” ilə Naxçıvanda 250 MVt gücündə günəş elektrik stansiyaları, həmçinin enerji saxlanc sistemləri üzrə əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb. Bu rəqəmlərin arxasında isə sadəcə meqavatlar dayanmır. 400 və ya 250 MVt-lıq layihə yeni enerji istehsalı ilə yanaşı, yeni infrastruktur, investisiya, tikinti, texnologiya və xidmət sahələri deməkdir. Günəş elektrik stansiyalarının ətrafında formalaşacaq iqtisadi fəaliyyət Naxçıvanda məşğulluğun artmasına, texniki və mühəndislik ixtisaslarına tələbin yüksəlməsinə, yeni xidmət sektorlarının yaranmasına da zəmin yaradacaq. Bundan başqa enerji təminatı sənaye müəssisələrinin, emal sahələrinin, kənd təsərrüfatı və logistika obyektlərinin fəaliyyət imkanlarını da genişləndirə bilər. Yəni günəş panellərindən alınan elektrik yalnız şəbəkəyə verilən enerji deyil, Naxçıvan iqtisadiyyatının müxtəlif sahələrinə ötürülən yeni inkişaf impulsudur.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində muxtar respublikanın enerji potensialından səmərəli istifadə edilməsinin və “yaşıl enerji” layihələrinin həyata keçirilməsinin qarşıdakı dövr üçün mühüm istiqamətlərdən biri olduğunu vurğulayıb. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın enerji sahəsində qarşısında duran məqsədlərin miqyasını və bu istiqamətin regionun gələcək inkişafındakı rolunu daha aydın göstərir: “Naxçıvanda günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edildi və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bizdə bərpaolunan enerji növlərinin yaradılması ilə bir qayda olaraq, özəl sektor məşğuldur. Mənə bu gün təqdim edilən məlumat onu göstərir ki, bu layihələr iqtisadi cəhətdən, yəni gəlirlilik nöqteyi-nəzərindən investorlar üçün cəlbedicidir”.
Prezidentin bu fikirləri Naxçıvanın günəş enerjisi sahəsindəki üstünlüyünün yalnız təbii potensialla məhdudlaşmadığını, artıq iqtisadi cəlbedicilik amilinə çevrildiyini göstərir. Başqa sözlə, Naxçıvanın günəşli günləri təkcə təbiətin bəxş etdiyi üstünlük deyil, həm də investor üçün real iqtisadi imkan yaradan resursdur. Diqqətçəkən məqamlardan biri də “yaşıl enerji” layihələrində özəl sektorun fəal iştirakıdır. Bu, bərpaolunan enerji sahəsinin dövlət investisiyaları ilə yanaşı, biznes üçün də perspektivli istiqamətə çevrildiyini göstərir. İnvestorların marağının artması isə yeni layihələrin reallaşmasına, enerji infrastrukturunun genişlənməsinə və Naxçıvanda bu sahə ətrafında yeni iqtisadi fəaliyyətlərin formalaşmasına imkan yaradır.
Başqa sözlə, Naxçıvanın “yaşıl enerji” yolunda atdığı hər addım onun iqtisadi gələcəyinə yönələn daha bir irəliləyiş olacaq.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”