"Tar mənim kimliyimdir. Millətimin səsidir. Sinəmə sıxdığım vətənimdir. İgidlərimizin yolunda can qoyduğu müqəddəs torpağımdır. Ruzim, bərəkətimdir. Tarımı əlimə alanda elə sanıram ki, onunla birlikdə tarixin geridə qalan min illiklərinə səyahət edirəm. Tarda ruhumun nəğməsini ifa edirəm... Azərbaycan muğamları ruhun nəğməsidir. Əcdadlarımızın qəhrəmanlıq səsidir...
Mən sazı da çox sevirəm. Saz tarın babasıdır. Hərdən deyirəm ki, biz kimliyimizi sübut etmək üçün bir əlimizdə saz, bir əlimizdə tar tutsaq, bütün dünyaya necə millət, necə böyük mədəniyyətə xas xalq olduğumuzu göstərərik. Xarici ölkələrdə qastrollara gedəndə dəfələrlə şahidi olmuşam ki, konsertdən sonra 10-12 ölkənin səfiri gəlib bizim səfirimizə deyiblər ki, biz sizin sənətkarları qonaq etmək istəyirik. Azərbaycanın nə möhtəşəm musiqisi, mədəniyyəti var. Bununla bizim necə bir xalq olduğumuzu tanıyırlar. Çox heyif ki, 30 ildə başımıza müsibətlər gətirdilər. Biz ədalətsizliklərə layiq xalq deyilik".
Həmsöhbətimiz ömrünü Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmiş, "Azərbaycan Dövlət Televiziya və Radio" Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, Milli Konservatoriyanın professoru, Xalq artisti, tarzən Möhlət Müslümovdur. Ömrünün 70 ili ilə yenicə xudahafizləşən tarzən deyir ki, başım tar çalmağa elə qarışdı ki, 70 ilin necə gəlib-keçməsini hiss etmədim. Ciddi görkəmli, sakit təbiətli, öz peşəsinin məftunu olan Möhlət Müslümov ömrünün geridə qalan illərindən o qədər maraqla danışır ki... Adama elə gəlir ki, söhbət etmir. Keçmişindən, uşaqlıq illərindən bəhs edəndə sanki tarı sinəsinə sıxıb sakit-sakit, "Şur", "Bayatı- Şiraz" muğamlarını ifa edir. Xarici səfərlərdə ermənilərlə olan xatirələrini yada salanda sifətinin görkəmi də, səsinin tonu da dəyişir. Döyüşə girən bir qəhrəman kimi qəddini düzəldir. Adamın qulağına istər-istəməz zərb muğamlarımızın hayı-harayı, "Heyratı"nın, "Mənsuriyyə"nin ahəngi gəlir...
Onunla Milli Konservatoriyada görüşdük. Qonşu otaqdan gələn həzin tar səsi söhbətimizi daha da şirinləşdirirdi. Möhlət müəllimlə arxada qalan 70 ilin səhifələrini birlikdə vərəqlədik.
- Elə günüm olmaz ki, uşaqlığımı xatırlamayım. Dədə-babam tərəkəmə olub. Kasıb bir ailədə böyümüşəm. Atam fəhlə işləsə də, musiqiyə böyük marağı var idi. Xüsusən də muğamlarımızı çox sevirdi. Saatlarla oturub muğamata qulaq asardı... Atam tez-tez deyərdi: "Müharibənin üzü qara olsun. İmkanım olmadı ki, bir tar alam. Vaxtında tar ala bilsəydim, mahir tarzən olardım".
"Uşaqlıqdan mahnı oxumuşam"
Görünür, musiqiyə olan maraq mənə atamdan keçmədir. Deyirlər ki, dil açandan, iki yaşımdan Qulu Əsgərovun ifasında "Bəyənmir məni" mahnısını oxumuşam. Musiqiyə olan marağımı görüb mənə nağara alıblar. Öz-özümə nağara çalmağı öyrənmişəm.
Biləcəridə yaşayırdıq. Evimizdən bir qədər aralı musiqi məktəbi var idi. 10 yaşım olanda atam məni apardı Biləcəridəki 18 nömrəli musiqi məktəbinə. O zaman musiqi məktəbinə qəbul da bitmişdi. Artıq iki ay idi ki, dərslər keçilirdi. Direktor dedi ki, bu vaxtı məktəbə uşaq qəbul edərlər? Kor-peşman qayıdırdıq ki, direktor nə fikirləşdisə, bizi geri çağırdı. Dedi: "Getməyin! Uşağın, sluxunu, yoxlayım". Yoxladı... Tez katibəsini çağırıb dedi ki, bu uşağın sənədlərini hazırlayın, qəbul edirik. İkinci sinifdə oxuyanda müəllim bizə "Çahargah" muğamını keçirdi. 12 yaşım var idi. Müəllim mənə ev tapşırığına "Bəstənigar" şöbəsini tapşırmışdı. Yolboyu müəllimin mənə öyrətdiyini yadımda saxlayım deyə, zümzümə edirdim. Ertəsi gün nə qədər etdim müəllimin öyrətdiyi musiqini xatırlaya bilmədim. Başqa çıxış yolum qalmadığı üçün tam fərqli, özümdən bədahətən bir "Bəstənigar" yaratdım. Bu bir möcüzə idi. Növbəti dərs günü məktəbdə müəllim dedi ki, dur dərsimizi təkrar et. Dərsi təkrarlayanda gördüm müəllim Nadir Hüseynov çox heyranlıqla mənə qulaq asır.
Sonra soruşdu ki, bunu kim öyrədib sənə. Cavab verdim ki, siz öyrətmisiniz. "Yox" dedi. "Mən sənə belə "Bəstənigar" öyrətməmişəm". Evdə, qonşunuzda, qohumunuzda başqa tar çalan var", - deyə soruşdu. "Yox" cavabını verdim. Onu da deyim ki, "Bəstənigar", "Çahargah"ın çox çətin şöbəsidir. Deyirlər ki, "Segah" şirindir. Amma "Bəstənigar"da elə şirinliklər var ki, onu hətta bəzi peşəkar ifaçılar olduğu kimi verə bilmirlər.
Nadir müəllim bayıra çıxıb bütün müəllimləri çağırdı. Onlardan biri, Elbrus Qasımov uzun illər Az.TV-də musiqi verilişlərinin baş redaktoru olub, dedi ki, gəlin bu uşağa qulaq asın. Özü bir "Bəstənigar" düzəldib ki, mən beləsini hələ eşitməmişəm. Əlini başıma çəkəndə bildim ki, yaxşı iş görmüşəm.
Atamı çağırıb dedilər ki, bu uşağı qoru... Bu professional bir tarzən kimi özündən muğam hazırlayıb. Heç kimdən eşitmədiyimiz elə xallar vurur ki, barmaqlarını elə işlədir ki, təəccübləndik.
Ondan sonra müəllimlərimin nəzarəti üstümdə daha da artdı. 5 il orada musiqi təhsili alıb gəldim Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə...
Möhlət müəllim deyir ki, o zaman Asəf Zeynallı adına Musiqi Məktəbi Şərq dünyasında birnömrəli məktəb idi. Asəf Zeynallını müvəffəqiyyətlə bitirən Möhlət Müslümova məktəbdə qalıb müəllim kimi fəaliyyət göstərmək təklif olunur. O deyir:
- Müəllimliyə başlayanda 22 yaşım var idi. Həm mənə tələbə verdilər, həm də Nəriman Əliyevin xanəndə sinfində konsertmeyster kimi çalışdım. O zaman hər adamın işi deyildi ki, onu Asəf Zeynallıya işə qəbul etsinlər. Vasif Adıgözəlov məni imtahan etdikdən sonra son qərar verildi. Hətta müəllimlərdən biri mənə baxıb şöbə müdirinə dedi ki, inanmıram bu Nəriman Əliyevin sinfi ilə işləyə bilsin. Amma mən düz 15 il o sinifdə konsertmeyster kimi çalışdım.
Mən də öz sənətimin fanatıyam. Sənətə pul, şöhrət üçün gəlməmişəm. Heç ağlımdan keçirməzdim ki, Xalq artisti, professor olaram. Sadəcə onu bilirdim ki, öz sənətimi dəlicəsinə sevirəm.
"Axtardıqlarımı bəzən yuxuda tapırdım"
Möhlət müəllim deyir ki, insan keçmişini bilmədən gələcəyə gedə bilməz. Gərək haradan gəlib, hara getdiyini anlayasan. Gərək insan çalışa, əziyyət çəkə ki, nəyəsə nail olsun. 1994-cü ildə Həbib Bayramov dünyasını dəyişdi: "Mən Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəri oldum. O ansambl Üzeyir bəy Hacıbəylinin, Müslüm Maqomayevin yaratdığı ilk professional ansambldır. Oraya məni təyin edəndə qayda-qanun var idi. Mənə tapşırdılar ki, keçmiş səslənməni bərpa edim. Bilinməsin ki, yenilik etmisən. Mən yenilik tərəfdarıydım... Gəncliyimdə o qədər tar çalırdım ki, axtardığımı tapa bilmirdim. Yorulub yatırdım. Yuxuda tapırdım.
Mən muğamı məşq etməyi xoşlamıram. Onu qəlibə salmaq olmaz. Yeni barmaqlar, yeni milizimlər edirdim. O qədər özümdən böyüklər, həmyaşıdlarım, hətta kiçiklər tərəfindən baltalanmışam ki... Ona görə də efirdə klassik, ata-baba yolu ilə ifa edirdim. Toylar bizim özümüzü, imkanlarımızı açmaq üçün bir meydan idi. Bir də görürdün ki, lentlərin yazılıb, bütün dünyaya yayılıb.
İndiki yeniliklərdən demirəm. İndi bilmirsən musiqinin atası kimdir, anası kimdir. Bir az farsdan, bir az türkdən, bir az ərəbdən, bir az da yunan musiqisindən götürüb qarışdırıb deyirlər mən yenilik etdim. Mahnıların başına oyun gətirirlər.
Əhsən Dadaşov adına musiqi müsabiqəsində münsiflər heyətinin üzvüyəm. Orada da dəfələrlə demişəm ki, dahi bəstəkarlar var, onların möhtəşəm əsərləri var. Biz onlara müqəddəs bir sənət nümunəsi kimi baxırıq.
İndiki "yenilikçi"lər kiminsə mahnısının girişini dəyişib, cüzi əl gəzdirib öz adlarına çıxırlar. Dəryadan bir damcı götürən özünü muğam bilicisi sayır. Muğam elə bir dəryadır ki, getdikcə, gedirsən, onun dibinə çata bilmirsən.
Muğam müqəddəs bir xəzinədir. Allah onu bizim xalqa nəsib edib. Bunu öyrəndikcə, öyrənirsən".
"Sənətdə bir sahman lazımdır"
70 ilin sənətkarı, Xalq artisti indi səhnədə, televiziyada baş verənlərə od püskürdü. Hətta dedi: "Məni qınasalar da deyəcəyəm ki, hərdən könlümdən sərt qanunların, senzuranın tətbiq olunması keçir. Senzura özbaşınalığa nəzarət idi. Gəlirdin ifa edirdin. Bir çatışmazlıq olanda keçmirdi. Onu düzəltmək üçün sənə 6 ay vaxt verirdilər. Gedib oturub işləyib, nöqsanını aradan qaldırırdın. Sənətdə bir sahman lazımdır.
Bizim Əhməd Bakıxanov adına ansamblda 18 nəfər çalışırdı. Hamı kostyumda, ağ köynəkdə, qalstukda olmalıydı. Xatırlayıram ki, bir gün teleteatrda dəsgah yazırdıq, ansamblın solistlərindən biri fərqli bir corab geyinmişdi. Bizi saxladılar. Corabını dəyişdirəndən sonra işi davam etdirdik. Köhnə lent yazılarına baxın. İnsanların oturuşu, duruşu bir mədəniyyət məktəbi idi. O texnika ilə görün necə səs yazırdılar. Əsl sənət nümunəsi qoyulurdu ortalığa. İndi texnikanın imkanları genişlənib, ifaçıların səviyyəsi enib".
"İfaçılıqda ən çətin iş müşayiət etməkdir"
Sənətkar onu da bildirdi ki, xanəndələr də müxtəlif cürdür: "Elə xanəndə var düzgün ifa edir. Çox rahat müşayiət etmək olur. Hər şeyi yerində düz oxuyur. Xanəndə də var ki, ortababdır. Eləsi də var ki, "Rast"ın ayağını "Mahur"la verir. Onda müşayiət etməkdə çətinlik çəkirsən. Məcbur olub musiqini saxlayıb iradımı bildirdiyim də olub. Mən həm solist, həm müşayiətçi, həm ansambl rəhbəri, həm də müəlliməm. İfaçılıqda ən çətin hesab etdiyim müşayiətdir. Solistlik çox asandır. Necə deyərlər, öz əlin, öz başın. Sxemini tutub gedirsən. Müşayiət niyə çətindir? Tar üçlükdə aparıcı alətdir. Özünə, xanəndəyə, həm də kamança ifaçısına da sən cavabdehsən. Tar ideya verəndir. Bir də görürsən xanəndə elə nəfəs edir ki, musiqi ona bağlanmalıdır. Elə xanəndə olur ki, onu yığıb-yığışdırmaq olmur. Mən kimləri muşayiət etməmişəm? İldırım Həsənovu, Əbülfət Əliyevi, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Tükəzban İsmayılovanı, Hacıbaba Hüseynovu, Ağaxan Abdullayevi, Canəli Əkbərovu....
Əhməd Bakıxanov adına ansamblla 1994-cü ildən bu günə kimi 200-dən çox muğam müşayiət etmişəm. Elə xanəndə var bizim ansamblla 4-5 muğam oxuyub. Üçlüklə də çox müşayiətim olub".
"Tarın erməniyə aidiyyəti yoxdur"
Möhlət Müslümov qastrol səfərləri ilə bağlı maraqlı söhbətlər etdi: "Hollandiyada konsert proqramı ilə çıxış etmək üçün təklif almışdıq. Proqrama 12 konsert daxil idi. Eyni zamanda yaradıcılıq görüşləri də nəzərdə tutulurdu. Rotterdamda bir ansambl var. O ansamblda mizrabla ifa edən oğlan bütün simli alətləri ifa edə bilir. Gözəl bir ansambldır. Dünya xalqlarının musiqisini ifa edirlər. Onlarla yaradıcılıq görüşümüz mübahisə ilə başladı. Nə yaxşı ki gedəndə tara aid yazılan bir kitabı da özümlə götürmüşdüm. Vaqif Əbdülqasımovun ingilis dilinə tərcümə olunmuş kitabı idi. Şumerlərdən tutmuş Sadıqcana kimi tarın keçdiyi yol haqqında bir kitab idi. Bir nəfər təzə düzəldilmiş bir tar gətirib qoydu qarşıma ki, bu musiqi aləti ermənilərə aiddir. Götürdüm tarı əlimə gördüm nə pərdələr yerindədir, nə simləri tar simidir. Tarın simlərini dəyişdim. Tərcüməçiyə dedim ki, izah etsin ki, erməni tar düzəldə bilər. Amma tar onlara məxsus musiqi aləti deyil. Tar İranda da var, özbəklərdə də var. Amma tarın yaradıcısı Azərbaycandır. Sadıqcan inqilab edib tarı dizdən sinəyə gətirib. Bu tarı erməni bu adama baha qiymətə satdığı üçün elə hesab edir ki, erməninin dediyi kimi, tar onlara məxsusdur. Mübahisədən sonra götürüb tarımı köklədim. Buna bir az "Çahargah" muğamını, bir az da "Rast"ı öyrətdim. Zurna çalanımız buna "Şəki yallısı" öyrətdi. Özü də o qədər peşəkardır ki, izah edən kimi bir dəfəyə götürürdü. Kitabı da buna verib dedim ki, get oxu. Sonra gəl söhbətimizi davam etdirək. Kitabı oxuyandan sonra mənə zəng vurdu ki, gəlirəm. Gəlib üzr istədi".
"Dövlətimizin başçısı Qarabağı cənnətə döndərib"
Sənətkar arzusunu da dilə gətirdi:
- Ən böyük arzum idi ki, Qarabağ azad olunsun, gedim orada 7 gün 7 müqəddəs muğamımızı ifa edim. Laçın, Şuşa, Füzuludə olmuşam. Erməni vandallığını görəndə ürəyim ağrıdı. Çox şükür ki, indi Qarabağ qurulur, gözəlləşir... Qarabağın xilaskarı, möhtərəm Prezidentimiz bu yerləri gülüstana, cənnətə çevirir. Bir məsələni də qeyd edim ki, hörmətli Mehriban xanım Əliyevanın diqqəti və qayğısı nəticəsində Azərbaycan muğamı Azərbaycan mədəniyyətinin incisi kimi çox gözəl şəkildə dünyaya təqdim olunur. Dünya Azərbaycan muğamı ilə mədəniyyətimizi, incəsənətimizi tanıyıb, xalqımızın necə zəngin xəzinəyə sahib olduğunu öyrənir. İndi cənnət Qarabağda mənim də arzumu reallaşdırmaq vaxtı çatdığını düşünürəm. Qarabağ azad olunduqdan sonra 6 dəfə Qarabağda olmuşam. Hər dəfə Qarabağa gedəndə dinamik inkişafı görüb hətta təəccüblənmişəm də... Qarabağın xilaskarı möhtərəm Prezidentimizə dünyada üzümüzü ağ, müzəffər xalq etdiyi üçün çox minnətdaram. İndi xarici səfərlərdə bizi qəhrəman bir xalqın nümayəndələri kimi qəbul edirlər.
Elşən QƏNİYEV,
"Azərbaycan"