Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib.
Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşılayıblar.
İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra yeddinci çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev geniş nitq söyləyib. Prezident Milli Məclisin üzvlərini yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Prezidentin çıxışı sürəkli alqışlarla qarşılanıb.
(Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə söylədiyi nitqin geniş mətni qəzetimizin bugünkü nömrəsində dərc olunub).
Sonra Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib.
Milli Məclisin birinci iclasına sədrlik edən Ziyad Səmədzadə açılış nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə təşrif buyurmasını, dəyərli fikirlərini bölüşməsini və proqram xarakterli tövsiyələrini verməsini parlamentin tarixinə yazılan ən mühüm hadisələrdən biri kimi dəyərləndirib. O, Ulu Öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirərək Azərbaycanı zirvələrə yüksəltdiyinə, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirdiyinə görə deputatlar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib və ona gələcək işlərində yeni böyük uğurlar arzulayıb.
Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Respublikası müstəqil inkişaf yolunda qarşıya çıxan böyük çətinlikləri aradan qaldırıb, dövlət və cəmiyyət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və fədakarlığı sayəsində əzəli torpaqlarımızın 30 illik işğaldan azad olunması milli tariximizdə yeni səhifə açıb. O diqqətə çatdırıb ki, erməni işğalından azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, məcburi köçkünlərin yurd həsrətinə son qoyulur. Müstəqillik dövründə ilk dəfə olaraq Milli Məclis ölkəmizin bütün ərazisində keçirilən seçkilər yolu ilə formalaşıb.
Ziyad Səmədzadə Milli Məclisə üzv seçildiklərinə görə deputatları təbrik edib və yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
Sonra deputat Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən, iclasın gündəliyinə 9 məsələ daxildir. Bunlar - Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması, Milli Məclisin Sədrinin və Sədr müavinlərinin seçilməsi, İntizam komissiyasının yaradılması, Milli Məclisin komitə sədrlərinin və Sədr müavinlərinin seçilməsi ilə bağlı məsələlərdir.
İclasın gündəliyi təsdiq olunub.
Sonra iclasda Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması barədə məsələyə baxılıb. Deputatlar Naqif Həmzəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova, Mixail Zabelin komissiyanın üzvləri seçiliblər.
Ziyad Səmədzadə diqqətə çatdırıb ki, ikinci məsələ - Milli Məclis Sədrinin seçilməsi məsələsidir. O qeyd edib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Bildirilib ki, parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri bu gün yığıncaq keçirərək, Milli Məclisin Sədri vəzifəsinə öz namizədlərini müəyyən ediblər.
Sonra deputat Eldar İbrahimov parlamentin Sədri vəzifəsinə Yeni Azərbaycan Partiyasının namizədini təqdim edib. Millət vəkili çıxışında bildirib ki, bu il sentyabrın 1-də azad və şəffaf şəraitdə keçirilmiş demokratik parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinə xalqın göstərdiyi böyük etimadın yeni ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycanı qurmaq naminə möhtərəm Prezidentin həyata keçirdiyi strateji inkişaf xətti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və Cənubi Qafqazın liderinə çevirib. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələnin həllini təmin edib.
Eldar İbrahimov qeyd edib ki, dövlətçilik konsepsiyasının müxtəlif istiqamətlərində əldə edilmiş bu möhtəşəm uğurlar Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə geniş xalq dəstəyinin əsas amillərinə çevrilib. Beləliklə, YAP 68 deputat mandatı qazanaraq parlament çoxluğuna sahib olub.
Sonra deputat Eldar İbrahimov diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasından Milli Məclisə seçilmiş deputatlar parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya Sədrinin tövsiyəsini nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə deputat Sahibə xanım Qafarovanın namizədliyini irəli sürür.
İclasda çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova Milli Məclisin Sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və partiya həmfikirlərinə dərin minnətdarlığını bildirib. O deyib ki, əgər deputatlar mənə etimad göstərərsə, Milli Məclisin Sədri kimi məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirməyə çalışacağam. Ulu Öndər Heydər Əliyevin başladığı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin davam etdirdiyi siyasi xəttin parlament səviyyəsində həyata keçirilməsini təmin etmək mənim fəaliyyətimin əsas məramı olacaqdır.
Deputat Sahibə Qafarovanın çıxışı alqışlarla qarşılanıb.
İclasda deputat Ziyad Səmədzadə bildirib ki, deputat Eldar Quliyev Hesablayıcı komissiyanın sədri, deputat Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
Sonra Sahibə Əli qızı Qafarova gizli səsvermə nəticəsində Milli Məclisin Sədri vəzifəsinə seçilib.
İclasda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib:
"Hörmətli deputatlar!
Xanımlar və cənablar!
Etimad göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Bu, mənim üçün həm böyük şərəf, həm də sonsuz məsuliyyətdir və sizi əmin edirəm ki, parlamentin Sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm.
Bu baxımdan xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını Milli Məclisin rəhbərliyində təmsil edərkən güclü və nüfuzlu qanunvericilik orqanı barədə partiyamızın ideyalarını reallaşdırmağa çalışacağam.
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin siyasi inkişafında, dövlətimizin strateji hədəflərinin əldə edilməsində, sosial həmrəyliyin möhkəmləndirilməsində önəmli rol oynayır.
Hörmətli deputatlar!
Xanımlar və cənablar!
2024-cü ilin parlament seçkiləri ölkəmizin demokratik inkişafı yolunda irəliyə doğru mühüm addım olmuşdur. Seçkilər ölkəmizin siyasi sisteminin yetkinliyini və cəmiyyətimizdə cərəyan edən demokratik proseslərin sabit və davamlı olduğunu göstərmişdir.
Parlament seçkilərinin ən yüksək standartlara uyğun şəkildə azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi xalqımızın iradəsinin dəqiq ifadə olunmasını təmin etmişdir. Xalqdan etimad alan namizədlər parlamentin üzvü mandatını əldə etmişlər.
Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyası üzvlərinin parlamentdə yerlərin əksəriyyətini qazanması möhtərəm Sədrimiz İlham Əliyev başda olmaqla partiyamızın xalq arasında nə qədər böyük nüfuza malik olduğunu bir daha nümayiş etdirmişdir.
Beləliklə, Azərbaycan Respublikasının yeddinci çağırış Milli Məclisi fəaliyyətə başlamışdır.
Bu münasibətlə mən istərdim deputat həmkarlarımı ürəkdən təbrik edim və onlara gələcək işlərində uğurlar arzulayım!
Hörmətli xanımlar və cənablar!
Bildiyiniz kimi, altıncı çağırış Milli Məclisin fəaliyyəti Azərbaycanın həyatında dinamik inkişaf və tarixi qələbələr dövrünə təsadüf etmişdir.
20 il bundan əvvəl möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatında əldə edilmiş inkişaf tempi ötən dövrdə də qorunub saxlanılmışdır. Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialı tarixdə heç vaxt olmadığı qədər artırılmışdır. Biz hər bir çətinliyi aradan qaldırmağa qadir olan və zəngin imkanlarından məharətlə istifadə etməyi bacaran güclü bir dövlətə çevrilmişik.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatlarında əldə edilən möhtəşəm qələbələr dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etmişdir.
Tarixi ədalətin öz yerini tutması, Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi Azərbaycanın müstəqillik tarixində yeni dövr açmışdır. Düşmənə endirilən "dəmir yumruq" dövlətimizin qüdrətinin və xalqımızın birliyinin rəmzinə çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, ötən illər ərzində Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlmişdir. Dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının yekdil qərarı ilə Azərbaycan dörd ildən artıq müddətdə bu quruma sədrlik etmişdir və hazırda hərəkatın inkişafına töhfələr verməkdə davam edir.
Möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın uğurlu sədrliyinin nəticələri olmuşdur.
Hörmətli xanımlar və cənablar!
Altıncı çağırış Milli Məclisin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin parlament ölçüsünü təmin etməyə yönəlmişdir. Milli Məclis öz işini 2020-ci il martın 10-da keçirilmiş ilk iclasında dövlət başçısının irəli sürdüyü tövsiyələr əsasında qurmuşdur. Milli Məclisin və onun komitələrinin rəhbərliyində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxalif partiyaların nümayəndələrinin də təmsil olunması siyasi sistemin möhkəmlənməsinə və siyasi münasibətlərin sağlam zəmində güclənməsinə xidmət etmişdir. Parlamentin fəaliyyətində demokratiya, plüralizm, qanunun aliliyi prinsipləri daha da genişləndirilmişdir.
Altıncı çağırış dövründə Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur və kadr islahatları aparılmışdır. Bu da qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsindən sonra qazilərə və şəhid ailələrinə dövlət qayğısının ifadəsi olaraq, onların nümayəndələri parlamentdə işə qəbul edilmişlər.
Hörmətli xanımlar və cənablar!
Qanun yaradıcılığı prosesində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, digər icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil, yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlanılmışdır. Qeyd edilməlidir ki, möhtərəm cənab Prezidentin tövsiyəsinə uyğun olaraq, Milli Məclis ilə Prezident Administrasiyası və onun müvafiq şöbələri, xüsusən Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi arasında mütəmadi konstruktiv əməkdaşlıq mühüm rol oynamışdır. Möhtərəm cənab Prezidentin tövsiyəsinə əsasən Milli Məclis, Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi arasında ölkəmizin xarici siyasət məsələləri ilə bağlı koordinasiya həyata keçirilmişdir.
Altıncı çağırış Milli Məclisin fəaliyyətində önəmli məqamlardan biri də geniş ictimai maraq doğuran qanun layihələrinə və xüsusi əhəmiyyət kəsb edən məsələlərə dair ictimai dinləmələrin keçirilməsində dinamik artımın müşahidə edilməsidir. Bu dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin daha səmərəli həllinə və nəticə etibarilə layihələrin daha yüksək səviyyədə hazırlanmasına xidmət etmişdir. Onu da qeyd edim ki, bu illər ərzində 41 bu cür dinləmə keçirilmişdir.
Hörmətli xanımlar və cənablar!
Ötən dövrdə parlamentin fəaliyyətinə dövlət başçısının böyük qayğı və diqqətini biz daim hiss etmişik. Azərbaycan Prezidenti Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun qanunların hazırlanıb qəbul edilməsi işinə dəyərli töhfələr vermişdir.
Qanunvericilik fəaliyyətinin yekunlarına gəlincə, qeyd etmək istərdim ki, altıncı çağırış Milli Məclisin 175 iclası keçirilmiş, 1202 akt, o cümlədən 1031 qanun və 171 qərar qəbul edilmişdir. Ölkəmizin davamlı iqtisadi inkişafının ən mühüm göstəricisi olan dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər vaxtlı-vaxtında müzakirə və qəbul edilmişdir. Bundan əlavə, hər il dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılmış, lazım gəldikcə büdcədə dəqiqləşdirmələr aparılmışdır.
Milli Məclis nəzarət funksiyasını da uğurla yerinə yetirmişdir. Nazirlər Kabinetinin və digər qurumların illik hesabat, məruzə və məlumatları dinlənilmişdir. Eyni zamanda Azərbaycan parlamenti qanunların icrasının monitorinqini həyata keçirmişdir.
Deputatlar vaxtaşırı seçki dairələrinin ərazisində olmuş, seçiciləri düşündürən məsələləri Milli Məclisdə və icra hakimiyyəti orqanları qarşısında qaldırmışlar.
Ötən dövrdə Milli Məclisə əhalidən 80 minə qədər təklif, ərizə və şikayət daxil olmuş, 21 mindən çox vətəndaş parlamentdə qəbul edilmişdir.
Hörmətli xanımlar və cənablar!
Altıncı çağırış Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı üçün də lazımi tədbirlər görülmüşdür.
Belə ki, deputatların 80-dən çox ölkəyə 1200-dən artıq səfəri həyata keçirilmiş, o cümlədən Milli Məclis Sədrinin 70 rəsmi və işgüzar səfəri olmuşdur.
Bu dövr ərzində Milli Məclis 96 dövlətin və 42 beynəlxalq təşkilatın 3030 nəfər nümayəndəsinin iştirakı ilə 30 beynəlxalq tədbirə evsahibliyi etmişdir.
Bu tədbirlər sırasında mən xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclisin xüsusi iclasını ayrıca vurğulamaq istərdim. İclasda xarici ölkələrin 510 nəfər təmsilçisi, o cümlədən parlament sədrləri və sədr müavinləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Bu da qeyd edilməlidir ki, Milli Məclisin təşkilatçılığı ilə ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlərin iştirakçılarının işğaldan azad olunmuş ərazilərə 51 səfəri təşkil edilmişdir.
Xarici ölkələrin parlamentləri ilə əməkdaşlığa dair 18 yeni sənəd imzalanmışdır.
Altıncı çağırış Milli Məclisin fəaliyyəti dövründə 21 ölkənin parlamentləri ilə əlaqələr üzrə yeni işçi qrupları yaradılmış və bu qrupların sayı bu gün 103-ə çatmışdır.
Hazırda Milli Məclis Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə, Asiya Parlament Assambleyasına və Türk Dövlətlərinin Parlament Assambleyasına sədrlik edir.
Onu da qeyd edim ki, 2021-ci ilin noyabrında yaranmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu gün 6 beynəlxalq təşkilatda müşahidəçi statusu əldə etmiş, 7 beynəlxalq təşkilata isə Parlament Şəbəkəsində müşahidəçi statusu verilmişdir.
Eyni zamanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 6 beynəlxalq qurumla, o cümlədən dünyanın ən böyük və mötəbər parlamentlərarası təşkilatı sayılan Parlamentlərarası İttifaq ilə anlaşma memorandumları imzalamışdır.
Hörmətli xanımlar və cənablar!
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün parlament diplomatiyasının bütün imkanlarından istifadə edilmişdir.
Azərbaycana qərəzli münasibət bəsləyən qüvvələr son dövrdə, xüsusən Qarabağ məsələsi həll edildikdən sonra ölkəmizə qarşı hücumları daha da gücləndirmişlər. Bu qüvvələrin sırasında məlum beynəlxalq təşkilatlar da, bəzi Avropa ölkələri də var.
Milli Məclis bu təşkilatların və ölkələrin parlamentlərinin qərəzli qətnamələrinə, onların siyasi xadimlərinin əsassız iddialarına münasibətini qətiyyətlə və kəskin şəkildə ifadə etmişdir. Xarici ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatları ilə qarşılıqlı əlaqələrdə xalqımızın maraqlarının müdafiəsi istiqamətində zəruri işlər aparılmışdır.
Hörmətli deputatlar!
Azərbaycan Respublikası günbəgün inkişaf edir və dövlətimizin beynəlxalq aləmdə nüfuzu artır. Odur ki, möhtərəm cənab Prezidentin sabit, qüdrətli və heç kəsdən asılı olmayan dövlət barəsində baxışlarının həyata keçməsinə Milli Məclis bundan sonra da var gücü ilə kömək göstərməlidir.
Əminliklə demək olar ki, Milli Məclisin fəaliyyəti dövlət siyasətinin parlament ölçüsünün daha da möhkəmləndirilməsi baxımından önəmli rol oynayacaqdır.
Bununla əlaqədar olaraq, möhtərəm Prezidentin öz çıxışında irəli sürdüyü tövsiyələr Milli Məclisin fəaliyyətində rəhbər göstərişlər kimi daim nəzərə alınacaq. Eyni zamanda hesab edirəm ki, dövlət başçısının müəyyən etdiyi məqsədləri əsas götürməklə, Milli Məclis bir neçə önəmli istiqamətə mütəmadi diqqət yetirməlidir. Belə ki, qanunvericilik fəaliyyətinin gündəliyi möhtərəm cənab Prezidentin islahatlar proqramına uyğun olaraq dayanıqlı inkişafa, sosial ədalətə, bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasına kömək göstərməyə yönəlməlidir.
Parlament dövlət başçısının qarşıya qoyduğu, xüsusən iqtisadi şaxələndirmə, infrastrukturun inkişafı, sosial təminat və texnoloji innovasiyalar sahələrində qarşıya qoyduğu strateji hədəflərin əldə edilməsinə yönələn qanunlar qəbul etməlidir.
Dövlət siyasətinin parlament ölçüsünün möhkəmləndirilməsi dedikdə, hörmətli həmkarlar, mən həm də Milli Məclisin fəaliyyətində şəffaflığın və səmərəliliyin yüksəldilməsini nəzərdə tuturam. Biz vətəndaş cəmiyyəti ilə yenə də fəal qarşılıqlı əlaqə saxlamalı və qanunvericilik prosesində ictimaiyyətin iştirakını daha da genişləndirməliyik.
Parlament yeni qanunlar qəbul etməklə yanaşı, qüvvədə olan qanunları təkmilləşdirərək xalqın və dövlətin dəyişən tələbatına uyğunlaşdırmalıdır. Bundan başqa, Milli Məclis qanunların icrasının monitorinqini genişləndirməlidir.
Möhtərəm cənab Prezidentin milli təhlükəsizlik siyasətinə uyğun olaraq, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsini təmin edən qanunlar Azərbaycan qanunvericiliyində öz əksini tapmalıdır.
Milli Məclis dövlət başçısının beynəlxalq tərəfdaşlar ilə münasibətlərin dərinləşməsinə yönələn səylərini parlament vasitələrinin köməyi ilə dəstəkləməlidir.
Milli Məclisin deputatları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və mədəni mübadilə kimi önəmli sahələrdə dialoqa və əməkdaşlığa kömək göstərməlidirlər. Milli Məclis sosial problemlərin həlli və cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsi üçün icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlığı davam etdirməlidirlər. Və bütövlükdə, hörmətli deputatlar, Milli Məclisin fəaliyyəti xalqın bizə göstərdiyi etimadı əks etdirməlidir.
Hörmətli deputatlar!
Xanımlar və cənablar!
Ölkəmiz öz inkişafının mühüm və sınaqlarla dolu olan bir mərhələsinə qədəm qoymuşdur. Ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Azərbaycan dövlətinin keyfiyyətcə yeni bir səviyyəyə yüksəlməsi özü ilə bərabər çoxsaylı çağırışlar da gətirmişdir.
Parlament ölçüsündə bu çağırışlara cavab vermək üçün düşünürəm ki, Vətənə və xalqa məhəbbət, dövlətə sədaqət, dəyişən şəraitə və hadisələrə çevik münasibət bildirmək bacarığı tələb olunur. Bizim hər birimiz bu tələbə cavab verməliyik.
Hörmətli deputatlar!
Biz çalışmalıyıq ki, parlament fəaliyyətini möhtərəm cənab Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin bu günü və gələcəyi naminə nümayiş etdirdiyi liderliyə layiq yüksək səviyyədə həyata keçirə bilək. Əminəm ki, Milli Məclis Azərbaycan dövlətinin və cəmiyyətinin qanunvericilik orqanına bəslədiyi ümidləri doğruldacaq, xalqımızın parlamentarizm ənənələrinin inkişafına yeni töhfələr verəcəkdir.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin üçüncü məsələsi Milli Məclis Sədrinin birinci müavininin seçilməsidir. O qeyd edib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 34-cü maddəsinə görə, Milli Məclis Sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin Sədri irəli sürür. Sahibə Qafarova Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədovun namizədliyini təklif edib. Açıq səsvermə yolu ilə Əli Cavad oğlu Əhmədov Milli Məclis Sədrinin birinci müavini seçilib.
Spiker Sahibə Qafarova dördüncü məsələnin Milli Məclis Sədrinin müavininin seçilməsi olduğunu deyib və bu vəzifəyə Ziyafət Əsgərovun namizədliyini təklif edib. Səsvermə nəticəsində Ziyafət Abbas oğlu Əsgərov Milli Məclis Sədrinin müavini seçilib.
Parlamentin Sədri bildirib ki, gündəliyin beşinci məsələsi də Milli Məclis Sədrinin müavininin seçilməsidir. O qeyd edib ki, parlament seçkilərində heç bir siyasi partiyaya mənsub olmayan, müstəqil 44 nəfər deputat mandatı alıb və bu gün Milli Məclisin iclasından öncə onlar öz iclaslarını keçiriblər.
Sonra Milli Məclis Sədrinin müavini vəzifəsinə müstəqil deputatların namizədi Musa Cəfər oğlu Qasımlının namizədliyi deputat Ziyad Səmədzadə tərəfindən təqdim edilib və səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova 6-cı məsələnin də Milli Məclis Sədrinin müavininin seçilməsi ilə bağlı olduğunu deyib. İclasda Milli Məclis Sədrinin müavini vəzifəsinə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar arasında ən çox deputat mandatı qazanmış Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi deputat Rafael Baba oğlu Hüseynovun namizədliyi deputat Tənzilə Rüstəmxanlı tərəfindən təqdim edilib və səsə qoyularaq qəbul edilib.
Parlamentin Sədri Sahibə Qafarova gündəliyin yeddinci məsələsinin Milli Məclisin İntizam Komissiyasının yaradılması olduğunu bildirib. O, İntizam komissiyasının tərkibinə deputatlar Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kamaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev və Nizami Səfərovun namizədliklərini təklif edib. Komissiyanın tərkibi səsə qoyularaq qəbul edilib.
Sədr gündəliyin səkkizinci məsələsinin Milli Məclisin komitələrinin sədrlərinin seçilməsi olduğunu diqqətə çatdırıb.
İclasda deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.
Sahibə Qafarova gündəliyin sonuncu - doqquzuncu məsələsinin Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında olduğunu söyləyib.
Sonra deputat Elşən Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Arzuxan Əlizadə İnsan hüquqları komitəsinin, Fatma Yıldırım Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Razi Nurullayev Aqrar siyasət komitəsinin, Elşad Musayev Əmək və sosial siyasət komitəsinin, Rəşad Mahmudov Səhiyyə komitəsinin, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin, Könül Nurullayeva Gənclər və idman komitəsinin, Sahib Alıyev İctimai birliklər və dini qurumlar komitəsinin, Nurlan Həsənov Regional məsələlər komitəsinin, Fariz İsmayılzadə Elm və təhsil komitəsinin, Günay Əfəndiyeva Mədəniyyət komitəsinin, Nigar Arpadarai Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinləri təsdiq ediliblər.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova əmin olduğunu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin işi ilə bağlı tövsiyələrini birlikdə yerinə yetirmək üçün var gücümüzü sərf edəcəyik. Spiker deputatları bir daha təbrik edib, işlərində uğurlar arzulayıb.
Bununla da yeddinci çağırış Milli Məclisin bugünkü iclası başa çatıb.
"Azərbaycan"