Tarixdə elə günlər var ki, onlar bütöv bir xalqın taleyini dəyişən, milli yaddaşına əbədi həkk olunan dönüş nöqtəsidir. Vətən müharibəsi Azərbaycan xalqı üçün məhz belə bir tarixi hadisə oldu. Bu müharibə yalnız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyat deyildi. Bu, illərlə qəlbimizdə daşıdığımız nisgilin, içimizdə böyütdüyümüz ümidin, heç zaman sönməyən Vətən sevgisinin və milli iradəmizin təntənəsi idi. Azərbaycan xalqının 44 gün ərzində təkcə döyüş meydanında deyil, həm də arxa cəbhədə nümayiş etdirdiyi birlik nəticəsində illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq, gələcək nəsillərə başıuca, qalib bir dövlətin vətəndaşı olmaq səadətini bəxş etdik.
Otuz ilə yaxın müddət ərzində Qarabağ bizim üçün yalnız xəritədəki coğrafi məkan deyildi. Qarabağ bir nisgil idi, yarımçıq qalmış arzular, doğma yurduna dönə bilməyən insanların gözlərində donub qalmış kədər idi. Bir zamanlar Şuşanın küçələrində gəzən, Ağdamın bağlarında böyüyən, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Kəlbəcərin, Laçının gözəlliklərini yaşayan insanlar illərlə həmin yerlərə yalnız xatirələrində qayıda bilirdilər. Doğma evinin açarını onilliklər boyu qoruyub saxlayan, bir gün o qapını yenidən açacağına inanan insanlar vardı. Hər bayramda, hər ailə məclisində, hər xoş gündə onların qəlbində bir boşluq yaşayırdı.
Biz işğal dövründə böyüyən bir nəslin nümayəndələri olaraq hər dəfə Qarabağın adı çəkiləndə içimizdə həm kədər, həm də bir gün o torpaqlara qayıdacağımıza dair sarsılmaz inam yaranırdı. Bu inam illər keçdikcə zəifləmədi, əksinə, milli yaddaşımızın ayrılmaz hissəsinə çevrildi. Biz Qarabağı görmədən sevən, onun həsrətini orada yaşamadan duyan nəsillər yetişdirdik.
2020-ci ilin payızında tarix dəyişdi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın uzun illər gözlədiyi ədalətin bərpasına aparan yol oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında böyük qəhrəmanlıq nümayiş etdirdi. Hər gün cəbhədən gələn xəbərlər xalqımızın ürəyində yeni ümidlər oyadırdı. Bir-birinin ardınca işğaldan azad edilən yaşayış məntəqələrinin adları səsləndikcə illərlə içimizdə yığılan kədər qürura çevrilirdi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının azad edilməsi, nəhayət, noyabrın 8-də Şuşadan gələn Zəfər müjdəsi tariximizə silinməz hərflərlə yazıldı.
Bu tarixi qələbənin əldə olunmasında Ali Baş Komandanın siyasi iradəsi, qətiyyəti və strateji rəhbərliyi mühüm rol oynadı. Prezident İlham Əliyev müharibə dövründə xalqın dəstəyinin və inamının onun üçün nə qədər əhəmiyyətli olduğunu belə ifadə etmişdi: "Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi". Bu fikirlər Vətən müharibəsində siyasi rəhbərliklə xalq arasında formalaşan etimadın, qarşılıqlı inamın və ortaq məqsəd ətrafında birləşməyin əhəmiyyətini aydın şəkildə ifadə edir.
Həmin günlərdə siyasi baxışları, sosial vəziyyətləri, yaşları, peşələri fərqli olan insanları yalnız bir amal birləşdirdi - Vətən. Ön cəbhədə əsgərlərimiz döyüşür, arxa cəbhədə milyonlarla insan onların qələbəsinə inanır, ordumuza mənəvi dəstək göstərirdi. Azərbaycan bayrağı hər evin, hər küçənin, hər ürəyin qürur rəmzinə çevrilmişdi. Həmin 44 gündə xalqımız bir daha sübut etdi ki, milli maraqlar və Vətənin taleyi qarşısında birləşməyi bacaran cəmiyyətin iradəsini sarsıtmaq mümkün deyil. Bu birlik gücümüzün yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də xalqın öz dövlətinə inamı ilə ölçüldüyünü göstərdi. Prezident
İlham Əliyev də 44 günlük Vətən müharibəsinin nəticələrini qiymətləndirərkən xalqın həmrəyliyini və Azərbaycan Ordusunun qəhrəmanlığını xüsusi vurğulamışdı: "Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir". Bu tarixi qiymətləndirmə bir daha göstərir ki, Zəfərin təməlində güclü liderlik, xalqın sarsılmaz iradəsi və ordumuzun misilsiz qəhrəmanlığı dayanırdı. Məhz lider, xalq və ordu birliyi Azərbaycanın tarixində yeni səhifə açdı.
Qazanılan Zəfər Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Ərazi bütövlüyünün bərpası ölkəmizin suverenliyi, təhlükəsizliyi və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət daşıyırdı. Çünki güclü dövlət yalnız iqtisadi potensialı, müasir ordusu və beynəlxalq nüfuzu ilə deyil, öz torpaqlarını qorumaq, milli maraqlarını müdafiə etmək qabiliyyəti ilə də xarakterizə olunur. Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın müstəqil dövlət kimi iradəsini, siyasi qətiyyətini və gücünü bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpa edilməsi isə bu tarixi prosesin mühüm yekunu oldu. Bununla da Azərbaycanın gələcək inkişafı, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və milli təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni imkanlar yarandı.
Zəfər tarixini yazan qəhrəmanlarımızın hər biri xalqımızın qəlbində əbədi yaşayacaq. Onlar Vətənin azadlığı uğrunda həyatlarını fəda etdilər. Kimisi yenicə ailə qurmuşdu, kimisi övladının böyüməsini görmək istəyirdi, kimisi valideynlərinin yeganə ümidi idi. Onların hər birinin arzuları, gələcəyə dair planları vardı. Ancaq Vətən çağıranda şəxsi arzularını xalqının taleyindən üstün tutmadılar.
Biz Qarabağın işğalını, yurd həsrətini, doğma torpaqlara gedə bilməməyin ağrısını yaşamış nəsilik. Biz illərlə televiziyadan tarixi ərazilərimizin azadlıq xəbərini gözləmiş, xəritədə işğal altında göstərilən rayonlarımızın adlarını ürək ağrısı ilə oxumuşuq. Ancaq bizdən sonra gələn nəsillər Qarabağı işğal altındakı torpaq kimi deyil, Azərbaycanın azad, abad, inkişaf edən bölgəsi kimi tanıyacaqlar. Onlar Şuşaya, Xankəndiyə, Laçına, Kəlbəcərə səfər edərkən bizim yaşadığımız nisgili yaşamayacaqlar. Qarabağ onların yaddaşında əlçatmaz arzu deyil, doğma Vətənin ayrılmaz parçası olacaq. Bu, Qələbəmizin ən qiymətli mənəvi bəhrəsidir.
O da var ki, gələcək nəsillərin bu ağrını yaşamaması tarixi unutması demək deyil. Əksinə, onlar bugünkü azadlığın hansı çətinliklər və fədakarlıqlar hesabına qazanıldığını bilməlidirlər. Şəhidlərimizin həyat yolu, qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi, dövlətimizin qətiyyəti gənc nəslin vətənpərvərlik tərbiyəsinin əsas mənəvi dayaqlarından olmalıdır. Çünki Zəfəri qazanmaq nə qədər böyük məsuliyyətdirsə, onu qorumaq, gələcək nəsillərə ötürmək də bir o qədər müqəddəs vəzifədir. Bu gün uşaqlarımıza ötürməli olduğumuz ən mühüm dəyər yalnız Qələbə sevinci deyil, həm də Vətənə sədaqət, dövlətə bağlılıq, milli birlik və sülhün qədrini bilmək hissidir.
8 Noyabr - Zəfər Günü bizim üçün yalnız qazanılmış böyük qələbənin ildönümü deyil, həm də gələcəyə ünvanlanan mühüm bir mesajdır. Bu tarix hər birimizə xatırladır ki, Vətənin taleyi qarşısında məsuliyyət yalnız müharibə dövrü ilə məhdudlaşmır. Azad torpaqların inkişafına töhfə vermək, milli dəyərlərimizi qorumaq, dövlətimizin gücünü və nüfuzunu daha da artırmaq hər bir vətəndaşın mənəvi borcudur. Zəfərin əsl mənası isə bu tarixi uğuru gələcək nəsillərin firavanlığına, təhlükəsizliyinə və xoşbəxtliyinə çevirməkdədir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"