28 Avqust 2026 08:49
189
İQTİSADİYYAT
A- A+
Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycanda sahibkarlığın yeni mərhələsi

Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycanda sahibkarlığın yeni mərhələsi


Müasir dünya iqtisadiyyatında ölkələrin dayanıqlılığı yalnız iri müəssisələrin, təbii sərvətlərin və xarici investisiyaların həcmi ilə müəyyənləşmir. Yeni iş yerlərinin yaradılması, regionlarda gəlir mənbələrinin genişlənməsi və iqtisadiyyatın dəyişən şəraitə uyğunlaşması əhəmiyyətli dərəcədə kiçik və orta biznesin inkişafından da asılıdır. Azərbaycanda bu sahənin inkişafı qeyri-neft-qaz iqtisadiyyatının genişləndirilməsi, orta təbəqənin möhkəmləndirilməsi və iqtisadi təhlükəsizliyin təmin olunması ilə birbaşa bağlıdır.

Kiçik biznesin əsas üstünlüyü onun çevikliyidir. İri müəssisələrin yeni bazar şəraitinə uyğunlaşması böyük maliyyə və vaxt tələb etdiyi halda, kiçik sahibkar istehlakçı tələbindəki dəyişikliklərə daha sürətlə reaksiya verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə ölkədə hüquqi şəxs formasında fəaliyyət göstərən mikro sahibkarlıq subyektlərinin sayı 199,6 minə çatıb. Mikro müəssisələr kommersiya təşkilatlarının 93 faizini, kiçik müəssisələr 5 faizini, orta müəssisələr isə 2 faizini təşkil edib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı isə 1 milyon 486 mini ötüb.

Lakin qeydiyyat göstəricisi fərdi sahibkarların hamısının faktiki olaraq fəaliyyət göstərdiyini ifadə etmir. Sahənin real iqtisadi çəkisi yaradılan əlavə dəyər, məşğulluq, investisiya, məhsuldarlıq və ixrac göstəriciləri ilə birlikdə qiymətləndirilməlidir. Əsas hədəf yalnız yeni bizneslərin yaradılması ilə məhdudlaşmamalı, mikro müəssisələrin kiçik, kiçik müəssisələrin isə orta biznes səviyyəsinə yüksəlməsi üçün əlverişli inkişaf mühiti formalaşdırılmalıdır.

Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli fərmanı ilə Azərbaycan  Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsinin təsdiq edilməsi sahibkarlıq siyasətində yeni mərhələnin başlanğıcıdır. Yeni model kiçik və orta biznesin inkişafını, qeyri-neft-qaz sektoruna investisiyaların cəlbini və ixracın təşviqini vahid idarəetmə çərçivəsində birləşdirir.

Əsasnamədə KOB subyektlərinin startap, ilkin inkişaf, genişlənmə və ixrac mərhələləri üzrə təsnifləşdirilməsi, hər bir qrup üçün məqsədli dəstək proqramlarının hazırlanması nəzərdə tutulur. Bu yanaşma fərqli inkişaf mərhələlərində olan sahibkarların ehtiyaclarını ayrıca nəzərə almağa imkan verir. Fəaliyyətə yeni başlayan sahibkar ilkin maliyyəyə və məsləhət xidmətinə ehtiyac duyduğu halda, inkişaf mərhələsində olan müəssisə üçün sertifikatlaşdırma, logistika, ixracın maliyyələşdirilməsi və xarici bazarlara çıxış dəstəyi ön plana keçir.

Sənəddə dövlət-biznes xidmətlərinin vahid elektron reyestrdə birləşdirilməsi, regional klasterlərin və "yaşıl KOB"ların inkişafı, müəssisələrin rəqəmsal transformasiyası, alternativ maliyyə mənbələrinə çıxışının genişləndirilməsi və qlobal dəyər zəncirlərinə inteqrasiyası da mühüm vəzifələr kimi müəyyənləşdirilib. Beləliklə, dövlət dəstəyinin ümumi tədbirlərdən sahibkarın konkret inkişaf mərhələsinə uyğunlaşdırılmış sistemə keçməsi üçün yeni institusional əsas yaradılıb.

Dəstəyin nəticəsi necə ölçülməlidir? Müəssisənin qeydiyyata alınması onun dayanıqlı fəaliyyət göstərəcəyinə zəmanət vermir. Əsas məsələ biznesin bazarda qalması, istehsalını və işçi sayını artırması, yeni texnologiyalar tətbiq etməsi və ixraca başlamasıdır. Maliyyəyə çıxışın məhdudluğu, girov tələbləri, texnologiyaların baha olması, idarəetmə təcrübəsinin zəifliyi və sabit satış bazarının tapılmaması mikro müəssisələrin böyüməsini çətinləşdirir. KOBİA tərəfindən 2025-ci ildə sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə 751 təlim təşkil edilib. Onlayn təlim platformasından 475 nəfər yararlanıb, 340 sahibkara məsləhət xidməti göstərilib, 288 biznes planının hazırlanmasına dəstək verilib. Bu tədbirlər əhəmiyyətlidir, lakin dövlət dəstəyinin səmərəsi yalnız təlimlərin və xidmətlərin sayı ilə deyil, dəstək alan müəssisənin satış həcminin artması, yaratdığı daimi iş yerləri, tətbiq etdiyi texnologiyalar və daxil olduğu yeni bazarlar əsasında ölçülməlidir.

2026-cı ilin ortalarında mikro sahibkarlıq subyektlərinin 69,7 faizi Bakı şəhərində, 6,9 faizi isə Abşeron-Xızı iqtisadi rayonunda yerləşib. Bu, biznes fəallığının paytaxt və onun ətrafında yüksək səviyyədə cəmləşdiyini göstərir. Regionlarda sahibkarlığın inkişafı üçün güzəştli kreditlə yanaşı, istehsal sahəsinə, infrastruktura, sabit internetə, logistika xidmətlərinə, ixtisaslı kadrlara və satış bazarına çıxış təmin edilməlidir.

Hər bir iqtisadi rayonun müqayisəli üstünlükləri nəzərə alınmaqla aqrar emal, turizm, logistika, sənətkarlıq, yüngül sənaye və "yaşıl enerji" üzrə ixtisaslaşmış biznes şəbəkələri yaradılmalıdır. Yeni agentliyin regional klasterlərin formalaşdırılması ilə bağlı vəzifələri sahibkarlar, istehsalçılar, təhsil müəssisələri və dövlət qurumları arasında əməkdaşlığı gücləndirə bilər.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri də yeni sahibkarlıq məkanı formalaşdırır. Burada investisiya layihələri həyata keçirən sahibkarların kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir, kredit faizinin 10 faiz bəndinədək hissəsi 36 aya qədər subsidiyalaşdırılır. İri layihələrlə yanaşı, aqrar emal, turizm, logistika, ictimai iaşə və digər xidmət sahələrində yerli kiçik müəssisələrin yaradılması qayıdan əhali üçün davamlı məşğulluq və gəlir mənbələri formalaşdıra bilər.

Məlum olduğu kimi, rəqəmsal və "yaşıl" biznes gələcəyin tələbidir. Rəqəmsallaşma müasir sahibkar üçün əlavə üstünlük deyil, rəqabətdə qalmaq şərtidir. Süni intellekt kiçik müəssisələrə bazarı araşdırmaq, satış proqnozu hazırlamaq, xərcləri təhlil etmək və hesabatları avtomatlaşdırmaq imkanı verir. Sahibkarlar üçün praktik rəqəmsal təlimlərin genişləndirilməsi və münasib qiymətli texnoloji həllərə çıxışın asanlaşdırılması ilə bu imkanlardan istifadəni sürətləndirmək olar.

"Yaşıl iqtisadiyyat"a keçid də yeni fəaliyyət sahələri açır. Enerji səmərəliliyi, günəş enerjisi avadanlıqları, tullantıların təkrar emalı, ekoloji qablaşdırma və suya qənaət edən texnologiyalar kiçik biznes üçün perspektivlidir. Yeni Əsasnamədə "yaşıl KOB"ların və aşağı karbonlu istehsalın dəstəklənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Fikrimizcə, KOB siyasətinin növbəti mərhələsi üç əsas istiqamət üzərində qurulmalıdır. Birincisi, mikro müəssisələrin böyüməsini təmin edən "mikrodan kiçiyə, kiçikdən ortaya" keçid proqramı hazırlanmalıdır. İkincisi, dövlət dəstəyinin səmərəsi ayrılan vəsait və göstərilən xidmətlərlə deyil, yaradılan əlavə dəyər, daimi iş yerləri, məhsuldarlıq və ixrac nəticələri ilə ölçülməlidir. Üçüncüsü, regionlarda ticarət fəaliyyəti ilə yanaşı, istehsal, emal və innovasiya əsaslı sahibkarlığın inkişafı sürətləndirilməlidir.

Yeni institusional model bu hədəflərə çatmaq üçün geniş imkanlar yaradır. İndi əsas məsələ müəyyən edilmiş vəzifələrin sahibkarın gündəlik fəaliyyətində hiss olunan nəticələrə çevrilməsidir. Sahibkar dövlət dəstəyinə asan çıxmalı, müraciətlərinə çevik cavab almalı, maliyyələşmə imkanları barədə aydın məlumat əldə etməli və məhsulunu daxili və xarici bazarlara çıxarmaq üçün zəruri dəstəklə təmin olunmalıdır.

Kiçik müəssisənin yaradılması bir ailə üçün gəlir mənbəyidir. Onun böyüməsi yeni iş yerləri, artan vergi daxilolmaları və genişlənən yerli istehsal deməkdir. Minlərlə belə müəssisənin dayanıqlı fəaliyyəti güclü orta təbəqənin, şaxələndirilmiş iqtisadiyyatın və ölkənin uzunmüddətli iqtisadi təhlükəsizliyinin əsas dayağıdır.


Yaşar MƏMMƏDOV,

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astanada Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri təqdim olunub

10:06
28 Avqust

Ərdəbil sevdalı Rübabə xanım

09:59
28 Avqust

Sözün, sənətin və iradənin birləşdiyi film - "Qəzəlxan"

09:52
28 Avqust

Yeni mərhələ, regional rəqabət və mövcud potensial

09:45
28 Avqust

"Yanardağ" qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət ediblər?

09:38
28 Avqust

Azərbaycanın suyu da dərmandır, "Qalaaltı" kimi

09:31
28 Avqust

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

09:24
28 Avqust

Azərbaycanın xilaskarlıq missiyası

09:17
28 Avqust

Müəllim, alim, ictimai xadim

09:10
28 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb  

09:08
28 Avqust

Səhiyyədə süni intellekt dövrü başlayır

09:03
28 Avqust

Zəngəzur keçidindən qlobal şəbəkəyə: Naxçıvanın enerji hədəfi

08:56
28 Avqust

Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycanda sahibkarlığın yeni mərhələsi

08:49
28 Avqust

Revanşizmin çöküşü: Ermənistanda keçmiş rejimin qalıqları təmizlənir

08:42
28 Avqust

Tarix üzərində yeni şəhərlər salınır

08:35
28 Avqust

Erməni faşizminin qanlı cinayəti - Ballıqaya qətliamı

08:28
28 Avqust

Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

08:21
28 Avqust

Müttəfiqlik ruhuna zidd davranışlar yolverilməzdir

08:14
28 Avqust

"Orta dəhliz dünya üçün əhəmiyyətlidir"

08:07
28 Avqust

Azərbaycan regionun strateji və geoiqtisadi mərkəzinə çevrilib

08:00
28 Avqust

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

07:15
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!