Azərbaycan turizm sektorunda yeni mərhələyə qədəm qoyur. 2026-2030-cu illər üçün qəbul edilmiş Dövlət proqramı turizmə əvvəlki kimi yalnız turist sayının artırılması prizmasından deyil, iqtisadi dəyərin yaradılması, investisiyaların cəlbi, regionların inkişafı, rəqəmsallaşma, xidmət keyfiyyəti və yeni turizm məhsullarının formalaşdırılması baxımından yanaşır. Proqramın əsas məqsədi turizmi qeyri-neft iqtisadiyyatının daha rəqabətqabiliyyətli sahələrindən birinə çevirməkdir.
2025-ci ildə Azərbaycana 189 ölkədən 2,57 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyər 2025-ci ildə 6,96 milyard manat olub. Dövlət proqramı bu göstəricinin 2030-cu ildə 12,17 milyard manata çatdırılmasını hədəfləyir. Bu, mühüm dəyişiklikdir. Çünki turizm siyasətinin effektivliyini yalnız turistlərin sayı ilə ölçmək düzgün deyil. Eyni sayda turist müxtəlif ölkələrdə tamamilə fərqli iqtisadi nəticə yarada bilər. Bir turist iki gün qalır və yalnız hotel-restoran xidmətlərindən istifadə edir, digəri isə on gün qalır, regionlara gedir, yerli məhsullar alır, nəqliyyatdan, əyləncədən, mədəni və ekoturizm xidmətlərindən istifadə edir. Ona görə Azərbaycanın gələcək turizm modelində əsas göstəricilər turist sayı, qalma müddəti, turist xərcləri, regional yayılma və yaradılan əlavə dəyər olmalıdır.
Regional rəqabət: Azərbaycan hansı mövqedədir?
Azərbaycanın turizm potensialı böyükdür. Lakin potensialla faktiki nəticə eyni deyil. Regionda turizm uğrunda ciddi rəqabət gedir. Müqayisə zamanı metodoloji fərqləri nəzərə almaq vacibdir. Azərbaycan üzrə 2,57 milyon göstəricisi xarici girişləri, 1,805 milyon isə turizm məqsədli girişləri ifadə edir. Gürcüstan "tourist trips", Qazaxıstan və Özbəkistan isə öz milli statistika metodologiyalarından istifadə edir. Buna görə bu rəqəmləri tam eyni metodologiya ilə hesablanmış göstəricilər kimi deyil, turizm bazarının miqyasını göstərən indikativ müqayisə kimi qəbul etmək lazımdır. Böyük mənzərə isə aydındır: Azərbaycan turist axınının miqyasına görə Gürcüstan, Qazaxıstan və xüsusilə Özbəkistandan geri qalır. Bu fakt Azərbaycanın turizm siyasətində yeni yanaşmaya keçməsinin səbəblərindən biridir.
Özbəkistanın son illərdəki turizm sıçrayışı Azərbaycan üçün xüsusi maraq doğurur. 2023-cü ildə ölkəyə təxminən 6,6 milyon turist gəlmişdisə, 2024-cü ildə bu rəqəm 10 milyonu keçib, 2025-ci ildə isə 11,7 milyona çatıb. Bir il ərzində artım 46,8 faiz təşkil edib. Daha əhəmiyyətlisi odur ki, Özbəkistan turizm xidmətləri ixracını 2025-ci ildə 4,8 milyard dollara çatdırıb. Bu ölkə viza rejimini 95 ölkəyə qədər liberallaşdırıb.
Buradan Azərbaycan üçün çox ciddi nəticə çıxır: tarixi irsə malik olmaq kifayət deyil, həmin irsi beynəlxalq turizm məhsuluna çevirmək lazımdır. Azərbaycanın Şəki, Lahıc, Basqal, Şuşa, Qarabağ, Qəbələ, Quba-Xınalıq, Naxçıvan və digər məkanları bu baxımdan böyük potensiala malikdir. Məsələ bu potensialın turist üçün konkret, satıla bilən və rəqabətqabiliyyətli məhsula çevrilməsidir.
Azərbaycanın Dövlət proqramında mövsümilik ciddi problem kimi qəbul edilir. Ölkədə əsas turizm mövsümü təxminən beş ayla məhdudlaşır və yerləşdirmə xidmətlərindən gəlirin 51,2 faizi həmin dövrdə formalaşır. Deməli, Azərbaycanın qarşısında sadə, amma strateji bir hədəf dayanır: Yayda dəniz, qışda dağ, yazda təbiət, payızda mətbəx və mədəniyyət. Bu model Azərbaycanın coğrafi və iqlim müxtəlifliyinə tam uyğundur.
Dövlət proqramı 2030-cu ildə Azərbaycana gələn xarici turistlərin sayının təxminən 3,8 milyona çatdırılmasını nəzərdə tutur. Bu, 2025-ci il bazası ilə müqayisədə orta hesabla illik 8,1 faiz artım deməkdir. Bu hədəfə nail olmaq mümkündür, amma avtomatik deyil. 8,1 faizlik illik artım kifayət qədər iddialıdır. Bunun reallaşması üçün ən azı üç fundamental şərt var. Birinci - yeni bazarlar. Azərbaycan, Çin, Hindistan, Mərkəzi Asiya, Körfəz ölkələri, Avropa və Cənub-Şərqi Asiya bazarlarında daha sistemli fəaliyyət göstərməlidir. İkinci - hava əlaqələridir. Turistə Azərbaycana gəlmək asan, sürətli və münasib qiymətli olmalıdır. Proqramda müntəzəm və çarter uçuşlarının artırılması, aşağıbüdcəli aviaşirkətlərin cəlbi və region aeroportlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətləri buna görə mühüm əhəmiyyət daşıyır. Üçüncüsü - qalma müddətidir. 3,8 milyon turistin hər birinin ölkədə iki-üç gün qalması ilə 3,8 milyon turistin orta hesabla bir həftə qalması arasında böyük iqtisadi fərq var. Ona görə hədəf belə düşünülməlidir: 3,8 milyon turist + daha uzun qalma + daha yüksək gündəlik xərc.
Dövlət proqramının ən maraqlı yeniliklərindən biri 2027-2030-cu illərdə 8 kənddə "Turizm kəndi" konsepsiyasının tətbiq edilməsidir. Bu istiqamət Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki turizm və kənd təsərrüfatını bir iqtisadi zəncirə bağlamaq mümkündür.
"Rəqəmsal səyyah"
Proqramın yeni yanaşmalarından biri də "rəqəmsal səyyah" viza altnövünün yaradılmasıdır. Bu, gələcəyin turist profilində baş verən dəyişiklikləri nəzərə alan addımdır. Məsələn: Bakıya gəlir, iki həftə işləyir, sonra isə Şəkiyə gedir, Qəbələdə qalır, Qubada işləməyə davam edir və sairə.
Belə turist klassik turistdən daha uzun müddət ölkədə qala bilər və hotel, restoran, internet, nəqliyyat, əyləncə və alış-veriş xidmətlərindən daha çox istifadə edə bilər. Bu baxımdan "rəqəmsal səyyah" yalnız viza yeniliyi deyil, uzunmüddətli turist iqtisadiyyatına keçid imkanıdır.
Proqramın digər maraqlı tərəfi turizmdə rəqəmsal transformasiyaya xüsusi yer verilməsidir. Turizm İnformasiya Sisteminin yaradılması, dövlət-biznes-turist münasibətlərinin rəqəmsallaşdırılması və turizm məlumatlarının vahid sistemdə toplanması nəzərdə tutulur.
Daha maraqlı yenilik isə "Milli dadlar" qastronomiya portalının məlumatlarının beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyasıdır. Bu, gələcəyin turizm marketinqi üçün prinsipial əhəmiyyət daşıyır.
Proqramda diqqət yetirilən məsələlərdən biri insan resurslarıdır. Mövsümilik, işçi dövriyyəsi və xidmət sektorunda peşəkarlığın kifayət qədər təşviq olunmaması turizm kadrlarının inkişafına mane olan amillər kimi göstərilir. Belə ki, hotel tikmək asandır, yaxşı hotel işçisi yetişdirmək daha çətindir.
Turizmdə rəqabət artıq yalnız bina, mənzərə və qiymətlə müəyyənləşmir. Turistin ölkə haqqında yekun təəssüratını çox vaxt insan və xidmət keyfiyyəti formalaşdırır.
Regionların turizmə inteqrasiyası
Dövlət proqramının regionların turizmə inteqrasiyası baxımından ən maraqlı tərəflərindən biri Naxçıvanla bağlı konkret tədbirlərin nəzərdə tutulmasıdır. 2026-2028-ci illərdə Bakı-Naxçıvan-Bakı çarter uçuşlarının təşkili və turoperatorların turizm zərfi ilə birlikdə aviabilet satışını təmin edən xüsusi modelin hazırlanması planlaşdırılır. Bu, Naxçıvan üçün mühüm addımdır. Çünki Naxçıvanın turizm potensialının qarşısında duran əsas məsələlərdən biri onun əlçatanlığıdır. Lakin Naxçıvanın potensialı yalnız nəqliyyatla məhdudlaşmır. Onun tarixi abidələri, təbiəti, mineral suları, dini və mədəni irsi, mətbəxi və qədim yaşayış məkanları ayrıca turizm məhsullarına çevrilə bilər.
Qarabağ və Şərqi Zəngəzur məsələsində isə vəziyyət bir qədər fərqlidir.
Dövlət proqramında nəzərdə tutulan bir sıra istiqamətlər bu ərazilər üçün böyük imkan yaradır. Məsələn, mədəni irsin turizm məhsuluna çevrilməsi, böyük İpək yolu turizm məhsulunun yaradılması, qış turizmi, ekoturizm, təbiət turizmi və yeni regional turizm məhsullarının istehsalı.
Xüsusilə Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdam və Füzulinin hər birinin fərqli turizm profilinin formalaşdırılması mümkündür. Burada mühüm məsələ odur ki, Qarabağ turizmi yalnız "işğaldan azad edilmiş ərazilərə səfər" kimi təqdim edilməməlidir. Bu coğrafiya tarix, mədəniyyət, musiqi, memarlıq, təbiət, qastronomiya, qış turizmi, Böyük qayıdış - bütün bunlar çoxşaxəli turizm məhsuluna çevrilə bilər.
Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan xətti
Gələcəkdə ayrıca düşünülməli strateji istiqamətlərdən biri də Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan vahid turizm xəttinin formalaşdırılmasıdır. Bu, sadəcə turizm marşrutu deyil. Bu xətt Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını, iqtisadiyyatını, yeni bərpaolunan ərazilərini bir turizm hekayəsində birləşdirə bilər.
Naxçıvan üçün tarix, sağlamlıq, dini-mədəni irs, təbiət, Qarabağ üçün isə, Böyük qayıdış, mədəniyyət, tarix, Şuşa, təbiət, qış və ekoturizm əsasında məhsullar hazırlamaq mümkündür. Beləliklə, turist Azərbaycana yalnız istirahət üçün deyil, ölkənin tarixini və dəyişən coğrafiyasını bilmək üçün gəlmiş olar.
Dövlət proqramının ən güclü tərəflərindən biri turizmi digər iqtisadi sahələrlə əlaqələndirməkdir. Məsələn, turizmi və kənd təsərrüfatı - aqroturizm, turizm və mədəniyyət - mədəni turizm, turizm və səhiyyə - tibbi və sağlamlıq turizmi, turizm və İT - rəqəmsal turizm, turizm və təhsil - peşəkar kadr, turizm və maliyyə - investisiya, turizm və nəqliyyat - əlçatanlıq, turizm və regionlar - regional iqtisadi inkişaf. Bu baxımdan sənəd artıq yalnız turizm siyasəti deyil. Bu, həm də iqtisadi inkişaf siyasətinin bir hissəsidir.
Azərbaycanın turizm potensialı ilə bağlı artıq uzun illərdir danışırıq. Dənizimiz, dağımız, tariximiz, mətbəximiz, mədəniyyətimiz, təhlükəsizliyimiz, coğrafi mövqeyimiz var. Amma potensial özü iqtisadi nəticə yaratmır. Özbəkistanın təcrübəsi göstərir ki, tarixi irsi sürətli turizm artımına çevirmək mümkündür. Gürcüstan göstərir ki, turizmi dörd fəslə yaymaq olar. Qazaxıstan isə göstərir ki, böyük investisiyalar hesabına turizm infrastrukturunu sürətlə artırmaq mümkündür. Azərbaycanın üstünlüyü isə bütün bu modellərin elementlərini özündə birləşdirə biləcək imkanlara malik olmasıdır.
Dövlət proqramının əsas yeniliyi də məhz burada görünür: turizm artıq sadəcə turist qəbul edən xidmət sahəsi kimi deyil, iqtisadi artım, regionların inkişafı, sahibkarlıq, kənd təsərrüfatı, rəqəmsallaşma, investisiya və beynəlxalq imicin formalaşdırılması ilə əlaqəli kompleks sektor kimi nəzərdən keçirilir. Lakin regionda ciddi rəqabət var. Azərbaycan üçün əsas məsələ artıq "turizm potensialımız böyükdür" demək deyil. Əsas məsələ, həmin potensialı rəqabətqabiliyyətli, satıla bilən və yüksək əlavə dəyər yaradan turizm məhsuluna çevirməkdir.
2030-cu ilin əsas sualı da buna görə 3,8 milyon turist olub-olmayacağı deyil. Əsas sual budur ki, Azərbaycan 2030-cu ilə qədər sadəcə daha çox turist qəbul edən ölkəyə, yoxsa turistin daha çox pul xərclədiyi, daha uzun qaldığı, regionlara yayıldığı və yerli sahibkara daha çox gəlir gətirdiyi rəqabətqabiliyyətli turizm iqtisadiyyatına çevrilə biləcəkmi? Dövlət proqramının real uğuru məhz bu sualın cavabı ilə ölçülməlidir.
Emin ƏLİYEV,
aqroturizm üzrə ekspert