Milli kinomuzun Qızıl fonduna daxil olan, böyük ustad Əliağa Vahidin keşməkeşli həyatını və yaradıcılığını vərəqləyən "Qəzəlxan" filmindən 35 il keçməsinə baxmayaraq, o, hələ də tamaşaçı qəlbinə yol tapmağı bacaran nadir kino incilərindəndir. Bu ekran əsəri təkcə bir şairin bioqrafiyası deyil, həm də sovet rejiminin sıxıntıları içində boğulan Azərbaycan ziyalısının, Bakı mühitinin və unudulmaqda olan milli mənəviyyatın yüksək hayqıran səsidir.
Quruluşçu rejissor Şahmar Ələkbərovun kinoda son işi olan bu bədii dram tarixin qaranlıq səhifələrinə işıq salmaqla yanaşı, sənətkarın azadlıq və həqiqət uğrunda apardığı mübarizəni bədii dillə gələcək nəsillərə ötürür. Filmi bu gün də aktual edən əsas amil, onun real həyat həqiqətlərinə söykənməsi və tamaşaçıda doğurduğu dərin milli qürur hissidir.
Film 1991-ci ildə "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuşdur. Görkəmli sənətkar Şahmar Ələkbərov Əliağa Vahid şəxsiyyətinə və yaradıcılığına böyük bir sevgi ilə bağlı idi. Sovet rejiminin uzun illər boyu sıxışdırdığı, unutdurmağa çalışdığı dahi şairin həyatını ekrana gətirməyi özünə mənəvi borc bilirdi. O, hər bir səhnənin, hər bir qəzəlin və muğamın filmdəki yerini zərgər dəqiqliyi ilə işləyirdi. Baş rolun ifaçısı Loğman Kərimovun seçilməsindən tutmuş, geyim və qrim detallarına qədər bütün xırdalıqlarla şəxsən özü maraqlanırdı.
"Qəzəlxan" filmi klassik süjet xəttindən uzaqdır. Rejissor burada şairin həyatını vahid bir bioqrafik xronika kimi deyil, onun ömrünün müxtəlif dönəmlərindən fraqmentlər şəklində təqdim edir. Filmdə Əliağa Vahidin uşaqlıq illəri, Bakı kəndlərindəki toy məclisləri, yaradıcılıq axtarışları, eləcə də sovet senzurasının ona qarşı apardığı gizli və aşkar mübarizə paralel şəkildə inkişaf edir. Film sənətkarın ideoloji təzyiqlərə boyun əymədən öz milli kimliyini, dilini və çox sevdiyi əruz vəznini necə qoruduğunu poetik bir dillə tamaşaçıya çatdırır.
Rejissor Şahmar Ələkbərov şair Əliağa Vahidin həyatı fonunda həmin dövrün qanlı və boğucu ovqatını tamaşaçıya bir neçə mühüm bədii detal və səhnə vasitəsilə çatdırır. Filmdə repressiya mühiti daha çox psixoloji gərginliklə təsvir edilir. İnsanların bir-birindən şübhələnməsi, pıçıldayaraq danışması, hər an həbs olunma vahiməsi Bakı küçələrini və məclislərini bürüyür. Vahidin yaxın dostlarının, ziyalı həmkarlarının qəfildən "yoxa çıxması" dövrün xarakterik mənzərəsini yaradır. Burada repressiya dövrünün Azərbaycandakı rəhbəri Mircəfər Bağırovun obrazı (aktyor Fikrət Sultanov) xüsusi yer tutur. Onun Vahidlə qarşıdurması və ya dialoqları hakimiyyətin sənətə baxışını göstərir, ideoloji tələbləri ortaya qoyur. Sovet rejimi Vahiddən əruz vəznində, klassik üslubda yox, partiyanı, kolxozu və Lenini mədh edən şeirlər yazmağı tələb edir. Qəzəl və muğam sənəti "keçmişin qalığı" və burjua mənsubiyyəti kimi qələmə verilərək sıxışdırılır. Vahid isə bu qadağalara baxmayaraq, milli ruhu qorumağa çalışır. Şahmar Ələkbərov "Qəzəlxan" filmində göstərir ki, Əliağa Vahid repressiyanın qurbanı olub fiziki məhvə məruz qalmasa da, onun yaradıcılığı və ruhu bu amansız mühitin ağır mənəvi işgəncələrini sonuna qədər yaşamışdır.
Filmin ən güclü bədii komponentlərindən biri şübhəsiz ki, onun musiqi tərtibatıdır. Filmin musiqi müəllifləri görkəmli bəstəkar Ramiz Mirişli və Nazim Mirişlidir. Xalq artisti R.Mirişli daha çox özünün lirik və pozitiv mahnıları ilə tanınsa da, "Qəzəlxan" filmində tamamilə fərqli, ağır bir dramatik bəstəkarlıq fəlsəfəsi ortaya qoyur. Onun yaratdığı musiqi mövzuları repressiya dövrünün gətirdiyi ictimai boğuntunu və mənəvi çıxılmazlığı tamaşaçıya birbaşa hiss etdirir. Gecə reydləri, NKVD maşınlarının qaranlıq küçələrdə görünməsi və insanların hər an həbs olunma qorxusu bəstəkarın kəskin, təşviş dolu instrumental kompozisiyaları ilə daha da vahiməli forma alır. Alim Qasımovun ifa etdiyi yüksək registrlərdəki muğam parçaları, fəryadı xatırladan zəngulələr repressiya dövründə məhv edilən Azərbaycan ziyalılarının - Hüseyn Cavidin, Mikayıl Müşfiqin və minlərlə onlar kimi insanın mənəvi ağrısını, xalqın səssiz harayını təqdim edir. Xüsusilə Vahidin daxili sarsıntılar keçirdiyi və dostlarının həbs xəbərini aldığı səhnələrdə muğam bir növ ağıya çevrilir.
Loğman Kərimov filmin baş qəhrəmanı olan şair obrazını böyük məharətlə canlandırıb. Aktyor Vahidin həm daxili iztirablarını, həm də xalq arasındakı məğrurluğunu ustalıqla nümayiş etdirir. Fəxrəddin Manafov Vahidin daxili dünyasını, fəlsəfi düşüncələrini və poeziyasının ruhunu kadrarxası qəzəl oxunuşları ilə tamamlayan, filmə xüsusi dramatizm qatan səsləndirməni icra edir. Yaşar Nuri (Məşədi Hilal) Bakı mühitinin, milli adət-ənənələrin və sənətə hörmət bəsləyən tipik köhnə Bakı insanının dolğun obrazını yaradır. Ramiz Əzizbəyli (Məmmədəli) şairin yaxın dostu və sirdaşı rolunda, dövrün çətinliklərinə baxmayaraq, sadiqliyi təmsil edən performansı ilə yadda qalır. Leyla Bədirbəyli (Xanım) filmdə zadəgan ruhlu, sənətə və şairə dəyər verən obrazı ilə aristokratik Bakı mühitini canlandırır. Mehriban Xanlarova (Sürəyya) vahidin sevgi və ilham pərisi olan, onun həyatındakı emosional xətti təmsil edən dramatik rolu uğurla ifa edir. Hacı İsmayılov, Nuriyyə Əhmədova, Mirzə Babayev və başqaları öz epizodik və ya köməkçi rolları ilə sovet dövrünün Bakı cəmiyyətinin fərqli sosial təbəqələrini gerçəkləşdiriblər.
"Qəzəlxan" filminin çəkilişləri başladığı dövrdə Şahmar Ələkbərov artıq ağır və sağalmaz xəstəlikdən - xərçəngdən əziyyət çəkirdi. Fiziki ağrıların onu daxildən sarsıtdığı, həkimlərin ona yataq rejimi və dincəlməyi dönə-dönə tapşırdığı bir vaxtda o, çəkiliş meydançasını bir gün belə tərk etmirdi. Rejissor sanki zamanın onun əleyhinə işlədiyini bilir və ömrünün son saniyələrini bu filmi tamamlamağa çalışırdı. Səsini itirsə də, iradəsini itirmirdi. Xəstəliyin ən ağır mərhələlərində Şahmar Ələkbərovun səsi demək olar ki, tamamilə batmışdı. O, çəkiliş meydançasında aktyorlara və texniki heyətə öz tapşırıqlarını səsgücləndirici ilə belə, çatdıra bilmirdi. Lakin bu fiziki maneə də onu durdurmurdı. O, mikrofona pıçıltı ilə danışır, köməkçiləri isə onun bu pıçıltılarını bütün çəkiliş qrupuna ucadan elan edirdilər. Rejissor hər vəchlə filmin daxili səsini və ruhunu qorumağın öhdəsindən gəlirdi.
Böyük sənətkar filmin montajını və son tamamlama işlərini demək olar ki, xəstəxana çarpayısında, ağır ağrıkəsicilərin təsiri altında rəhbərlik edərək başa çatdırdı. Özü isə qısa müddətdən sonra - 1992-ci ilin avqustunda 49 yaşında vəfat etdi.
"Qəzəlxan" filminin 1991-ci ilin sonunda keçirilən ilk premyerasında zalda tamamilə fərqli və kövrək bir ovqat hakim idi. Tamaşaçılar və kino ictimaiyyəti filmin hansı şəraitdə ərsəyə gəldiyini çox yaxşı bilirdilər. Alim Qasımovun fəryad edən muğamı altında Əliağa Vahidin ağır taleyi ekranda canlandıqca, tamaşaçılar həm Vahidin, həm də daxildən əriyən Şahmar Ələkbərovun faciəsinə ağlayırdılar. Film bitdikdə zalda bir neçə saniyəlik ağır, sarsıdıcı sükut yarandı, ardınca isə dəqiqələrlə davam edən gurultulu alqış sədaları gəldi. Ağır xəstə olmasına baxmayaraq, Şahmar Ələkbərov premyerada iştirak edirdi. Tamaşaçıların ayaq üstə nümayiş etdirdiyi bu sevgi və hörmət həm Əliağa Vahid irsinə, həm də ölümün gözünə dik baxaraq bu əsəri xalqına bəxş edən rejissorun iradəsinə verilən ən ali qiymət idi.
Zaman keçəcək, nəsillər dəyişəcək, lakin "Qəzəlxan" filmi hər dəfə izləniləndə tamaşaçılar sənətin, sözün və mənəvi iradənin əbədi olduğunu görəcəklər. Bu film Azərbaycan kinosunun çətin sınaqlardan keçərək unudulmaz şair Əliağa Vahidin keşməkeşli ömür yolunu və poetik irsini ekrana gətirən fundamental tarixi-bioqrafik dram əsərlərindən biridir.
İradə ƏLİYEVA,
"Azərbaycan"