Yaşadığımız dünyada heç də hər şey rahat, rəvan, necə deyərlər, öz axarı ilə getmir. Bəzən təbiət şıltaqlıq edəndə, gözlənilməyən bədbəxt hadisələr baş verəndə gündəlik həyatımızın ritmi pozulur. Vəziyyət elə gərginləşir ki, yalnız insanların deyil, dövlətlərin də köməyə, humanitar yardıma ehtiyacı yaranır.
Nə yaxşı ki, belə gözlənilməz hallarda çətin vəziyyətə düşənlərə, yardıma ehtiyacı olanlara təmənnasız olaraq maddi və maddi-texniki yardım göstərən, kömək edən insanlar, təşkilatlar, dövlət qurumları var. Onlar böhran hallar yarananda çətin vəziyyətə düşən insanların xilasına tələsirlər.
Müxtəlif zamanlarda, müxtəlif ölkələrdə gözlənilmədən baş verən təbii fəlakətlər, münaqişələr və digər fövqəladə hadisələr demək olar ki, hər il yüzlərlə, minlərlə insanın həyatını, sağlamlığını təhlükə altında qoyur. Belə böhranlar zamanı humanitar yardım işçiləri baş vermiş hadisələrdən əziyyət çəkən insanları xilas etmək, onlara kömək göstərmək üçün istifadələrində olan bütün qüvvələrini səfərbər edir, vaxt itirmədən köməyə tələsirlər. Onlar öz xeyirxahlıq missiyalarını sonadək yerinə yetirirlər, bəzən həyatları bahasına olsa da, dara, çətinə düşmüş insanları xilas edirlər.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin və erməni separatçıların hücumları nəticəsində Qarabağ və ətraf rayonlar işğal olundu, ölkəmiz humanitar fəlakətlə üz-üzə qaldı. 1 milyondan çox insan doğma ocağından didərgin düşdü. Yenicə müstəqillik qazanmış ölkəmiz üçün, sözün həqiqi mənasında, son dərəcə ağır vəziyyət yarandı. Həmin çətin günlərdə həm bir sıra beynəlxalq təşkilatlar, həm də dost və qardaş ölkələr Azərbaycana kömək etdi, onun dərdini öz dərdi bildi, yardım göstərdi.
Şükürlər olsun ki, xalqımız, dövlətimiz zamanın sınağından üzüağ çıxdı. Düşmən təcavüzü nəticəsində üzləşdiyi çətinliyə sinə gərdi, ağrı-acılara dözdü. Sınmadı, qəddini əymədi, bir gün olsun belə mübarizəsindən qalmadı. Zamanla, dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan gündən-günə gücləndi, qüdrətləndi. Regionda söz sahibinə çevrilən, dünyada sülhü dəstəkləyən Azərbaycanın beynəlxalq nüfuzu artdı. Dövlətimiz erməni işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlarımıza sahib çıxdı. Heç bir ölkənin, heç bir humanitar təşkilatın yardımı olmadan məcburi köçkünləri humanitar yardımlarla təmin etdi, onların sosial vəziyyətini yaxşılaşdırdı. Çox keçmədi ki, çadır şəhərcikləri ləğv edildi, məcburi köçkünlər üçün evlər tikildi, şəhərciklər salındı. Zaman keçdikcə inkişaf edən Azərbaycan humanitar yardım alan ölkədən yardım göstərən dövlətə çevrildi. Azərbaycan beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə, mütəxəssislərimiz təbii fəlakət zonalarında çətinliyə, dara düşmüş insanlara yardım göstərməyə başladı.
Azərbaycan COVID-19 pandemiyası dövründə Dünya Səhiyyə Təşkilatına xəstəliklə mübarizə məqsədilə 10 milyon dollar ayırdı. Bundan başqa, coğrafi və geosiyasi baxımdan yaxın olduğu bir sıra ölkələrə - İran, Gürcüstan, Ukrayna, Özbəkistan, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Pakistan, Tacikistan, Qırğızıstan və başqalarına birbaşa yardımlar göstərdi. Onu da qeyd edək ki, ölkəmiz bunu özünün də virusla mübarizə apardığı günlərdə edirdi.
2011-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyi yaradılıb. Agentlik Azərbaycan dövləti tərəfindən göstərilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir və yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirir. Ötən illər ərzində Azərbaycan dünyanın ehtiyac içərisində olan bir çox dövlət və xalqlarına yardımlar göstərib. Azərbaycanın humanitar yardım coğrafiyası Serbiyadan Albaniyaya, Yəməndən Brundiyədək genişlənib. Agentliyin həyata keçirdiyi proqramlardan dünyanın 90-dan çox ölkəsi faydalanıb. 2014-cü ilin may ayında Pakistanda baş vermiş ağır sel və daşqınların törətdiyi dağıntılardan əziyyət çəkən əhaliyə kömək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 114-122 ton həcmində humanitar yardım göndərilib. 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkəyə ilk yetişən Azərbaycan olub. Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli axtarış və qəza-xilasetmə dəstələri təcili surətdə Türkiyəyə yola düşüb.
Beynəlxalq çağırışlara humanizm prinsiplərinə hörmətlə yanaşan Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkələrinə humanitar yardımlar göstərməkdə davam edir. Son illər Ukraynada müharibə səbəbindən yaranmış böhran vəziyyəti ilə əlaqədar Azərbaycan bu ölkəyə bir neçə dəfə humanitar yardım göndərib. Ölkəmiz həmçinin müharibədən ziyan çəkən qonşu ölkəyə humanitar yardım edib.
Bəli, bu gün Azərbaycanın adı humanitar yardım göstərən dövlətlər sırasındadır. Ölkəmiz beynəlxalq həmrəylik və humanizm prinsiplərinə əsaslanaraq çətinə düşmüş insanlara və dövlətlərə humanitar yardım göstərməyə, baş vermiş fəlakətlərin aradan qaldırılmasına kömək göstərməyə həmişə hazırdır. Ölkəmizin bu mövqeyi beynəlxalq təşkilatlar, dövlətlər və xalqlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"