28 Avqust 2026 08:14
185
SİYASƏT
A- A+
Müttəfiqlik ruhuna zidd davranışlar yolverilməzdir

Müttəfiqlik ruhuna zidd davranışlar yolverilməzdir


Rusiya rəsmiləri Azərbaycana qarşı təxribatların qarşısını almalı, qərəzli kampaniyalara imkan verməməlidirlər 


Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional liderliyini möhkəmləndirməsi, eləcə də müstəqil xarici siyasət yürütməsi bəzi xarici dairələrdə ciddi təşvişə səbəb olub. 

Ölkəmizin milli maraqlara söykənən müstəqil siyasi kursu, Türkiyə ilə müttəfiqliyi, Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığı və Mərkəzi Asiya dövlətləri ilə dərinləşən inteqrasiyası fonunda müəyyən çevrələrin narahatlığı və təxribata meyillənməsi diqqətdən yayınmır. 

Təəssüf ki, dövlətlərarası münasibətləri bərabərhüquqlu tərəfdaşlıq müstəvisində qura bilməyənlər öz siyasi narazılıqlarını informasiya hücumları və diplomatik təxribatlar vasitəsilə nümayiş etdirməyə üstünlük verirlər. Bu qəbulolunmaz tendensiyanın növbəti təzahürü avqustun 27-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında yaşanıb. Naməlum şəxslər tərəfindən diplomatik korpusumuzun önündə ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi Azərbaycana qarşı çirkin kampaniyanın fiziki müstəviyə keçdiyini göstərir. Bu arzuolunmaz hadisə iki qonşu dövlət arasındakı münasibətlərə, müttəfiqlik əlaqələrinə zərbə vurmaqla yanaşı, diplomatik toxunulmazlıq prinsiplərinin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Törədilən bu xoşagəlməz aksiya ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dərhal bəyanat yayaraq ölkəmiz əleyhinə yönəlmiş bu əməli qətiyyətlə pisləyib. 

XİN-in bəyanatında haqlı olaraq vurğulanıb ki, bu qəbuledilməz təxribat Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edir. Şübhə yox ki, baş verənlər son dövrlərdə Rusiyanın bir sıra media resurslarında ölkəmizə qarşı aparılan çirkin, qərəzli kampaniyanın tərkib hissəsidir. Rəsmi Bakı Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Bəyanatda həmçinin xatırladılıb ki, Rusiya tərəfi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etməli, nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınması üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməlidir. 

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, səfirlik qarşısındakı bu aksiya təsadüfi xarakter daşımır və son aylarda Rusiyanın media müstəvisində müşahidə olunan sistemli təxribatların ardıcıllığıdır. Xüsusilə iyul-avqust ayları ərzində "Çistota ponimaniya", "Spas", "Sputnik" kimi platformalarda İvan Knyazev, Semyon Uralov, Aleksey Çadayev və digər şəxslərin iştirakı ilə tirajlanan materiallarda Azərbaycanın konstitusiya quruluşuna, suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq təhdidlər səsləndirilib. Məhz bu cür informasiya hücumlarına cavab olaraq Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov XİN-ə çağırılaraq rəsmi etiraz çatdırılıb. Azərbaycan Baş Prokurorluğu tərəfindən isə terrora çağırış və milli ədavətin qızışdırılması faktları üzrə cinayət işləri qaldırılaraq təxribatçılar beynəlxalq axtarışa verilib. 

Eyni zamanda Azərbaycan Mətbuat Şurası bəyanat yayaraq vurğulayıb ki, ölkə mediası qonşu ölkələrlə bağlı məsələlərdə hər zaman peşəkar, etik və həssas mövqe nümayış etdirdiyi halda, Rusiyanın media məkanında anti-Azərbaycan ritorikasının açıq müstəviyə çıxarılması dərin narahatlıq və narazılıq doğurur. 

Rusiyada bəzi dairələrin istər media resurslarında, istərsə də diplomatik korpusumuzun önündə nümayiş etdirdiyi bu cür davranışlar iki ölkə arasında bəyan edilmiş strateji müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə tamamilə ziddir. Media məkanında və küçə müstəvisində idarə olunan bu cür təxribatların cəzasız qalması, rəsmi müstəvidə lazımi reaksiyanın verilməməsi həmin çevrələri daha da həvəsləndirir. Ona görə də Rusiya rəsmi dairələri, hüquq-mühafizə orqanları bu kimi arzuolunmaz və təxribatçı dairələrin qarşısını qətiyyətlə almalı, oxşar olayların təkrarlanmasına yol verməməlidirlər. 

Unutmaq olmaz ki, yalnız qarşılıqlı hörmətə və suverenliyə söykənən dialoq dili dövlətlərarası münasibətlərin sağlam gələcəyini təmin edə bilər. Hər kəs əmin olsun ki, Azərbaycan dövləti öz müstəqil siyasi kursunu, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini hədəf alan heç bir təzyiq və təxribatı cavabsız qoymayacaq.


İ.QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xilaskarlıq missiyası

09:17
28 Avqust

Müəllim, alim, ictimai xadim

09:10
28 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb  

09:08
28 Avqust

Səhiyyədə süni intellekt dövrü başlayır

09:03
28 Avqust

Zəngəzur keçidindən qlobal şəbəkəyə: Naxçıvanın enerji hədəfi

08:56
28 Avqust

Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycanda sahibkarlığın yeni mərhələsi

08:49
28 Avqust

Revanşizmin çöküşü: Ermənistanda keçmiş rejimin qalıqları təmizlənir

08:42
28 Avqust

Tarix üzərində yeni şəhərlər salınır

08:35
28 Avqust

Erməni faşizminin qanlı cinayəti - Ballıqaya qətliamı

08:28
28 Avqust

Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

08:21
28 Avqust

Müttəfiqlik ruhuna zidd davranışlar yolverilməzdir

08:14
28 Avqust

"Orta dəhliz dünya üçün əhəmiyyətlidir"

08:07
28 Avqust

Azərbaycan regionun strateji və geoiqtisadi mərkəzinə çevrilib

08:00
28 Avqust

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

07:15
28 Avqust

Bu ilin ikinci Ay tutulması başlayıb

07:04
28 Avqust

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

07:01
28 Avqust

Tibetdə daşqından zərər çəkən sakinlər və turistlər təxliyə edilib

06:59
28 Avqust

"Sabah" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında

02:27
28 Avqust

Balıqçılıq haqqında  

02:26
28 Avqust

"Balıqçılıq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının ləğv edilməsi barədə

02:24
28 Avqust

"Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:23
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!