"Şəhərsalma və Memarlıq İli" elan edilmiş 2026-cı ildə ölkəmizin işğaldan azad edilmiş ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda tikinti və quruculuq işləri sürətlə davam edir. Qədim və zəngin memarlıq ənənələrinə malik olan bu bölgələrdə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məkanları yaradılır, tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində mühüm işlər görülür.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda gedən genişmiqyaslı işlərə nəzər saldıqda aydın görünür ki, qarşıya qoyulan vəzifə həm də gələcəyin şəhərlərini, yaşayış məkanlarını və bütövlükdə yeni regional inkişaf modelini formalaşdırmaqdır. Ağdam bunun ən parlaq nümunələrindən biridir. Vaxtilə "Qafqazın Xirosiması" adlandırılan Ağdam bu gün yeni simasını alır. Şəhərin yeni simasında geniş yaşıllıq əraziləri, müasir yaşayış məhəllələri, ictimai məkanlar, sosial obyektlər və biznes zonaları bir-birini tamamlayır.
Baş plana uyğun olaraq Füzuli şəhərində də müasir yaşayış məhəllələri, sosial obyektlər, parklar, yollar və digər infrastrukturlar qurulur. Füzuli Beynəlxalq Hava Limanının fəaliyyəti isə şəhərin və bütövlükdə regionun nəqliyyat əlçatanlığını yeni səviyyəyə yüksəldib.
Müasir şəhərsalma nümunələrinin biri də Zəngilandır. Bu şəhər "ağıllı şəhər", "ağıllı mobillik", "yaşıl enerji" şəhərsalma konsepsiyası əsasında salınır. Şəhərin gələcək inkişafında logistika, turizm, ticarət, bərpaolunan enerji və innovasiyalar üçün imkanların yaradılması nəzərdə tutulur.
Məlumdur ki, Böyük qayıdış proqramının əsas məqsədi insanların doğma torpaqlarına qayıdışını və orada rahat yaşamalarını təmin etməkdir. Doğma yurduna qayıdan insanlar orada işləməli, övladlarını bağçaya, məktəbə göndərməli, tibbi xidmətdən yararlanmalı, sosial və mədəni həyatını davam etdirməlidirlər. Buna görə də yeni yaşayış məhəllələri ilə yanaşı, xidmət və ticarət obyektlərinin, parkların, istirahət məkanlarının və digər sosial infrastrukturun yaradılması mühüm əhəmiyyət daşıyır. Şəhərlərdə ictimai nəqliyyatın inkişafı və yaşıllıq sahələrinin artırılması da müasir şəhərsalmanın əsas xüsusiyyətləri kimi nəzərə alınır.
Müasir şəhərsalmanın qarşısında dayanan əsas vəzifələrdən biri də təbiətlə şəhər arasında düzgün tarazlığın yaradılmasına nail olmaqdır. Qarabağ və Şərqi Zəngəzurda bu məsələyə xüsusi diqqət yetirilir. Regionun zəngin təbii potensialı, o cümlədən çayları, meşələri və dağlıq landşaftı şəhərsalma prosesində nəzərə alınır. Yaşıllıq zolaqlarının salınması, enerji səmərəliliyi, alternativ enerji mənbələrindən istifadə sistemlərinin qurulması yeni şəhərlərin simasını formalaşdırır.
30 ilə yaxın davam etmiş işğaldan qurtulmuş Qarabağda və Şərqi Zəngəzurda şəhərsalmanın daha bir mühüm xüsusiyyəti milli memarlıq irsinin qorunmasıdır. Qarabağ tarixində xüsusi yeri olan Şuşada aparılan bərpa işləri göstərir ki, müasir şəhərsalma tarixi yaddaşın qorunması ilə ziddiyyət təşkil etmir. Əksinə, tarix və müasirlik bu şəhərin simasında bir-birini tamamlayır.
Şərqi Zəngəzurun və Qarabağın digər şəhərlərində də bu prinsip əsas götürülür. Yenidən qurulan şəhərlərimizdə milli memarlıq xüsusiyyətləri, regionun təbii landşaftı və tarixi yaddaşı nəzərə alınır. Əsas məsələ yenidən qurulan şəhərlərin və yaşayış məntəqələrinin yaşamağa, inkişaf etməyə və öz iqtisadi-sosial potensialını reallaşdırmağa imkan verən məkanlara çevrilməsidir.
Regionda həyata keçirilən quruculuq prosesi Azərbaycanın şəhərsalma tarixində yeni səhifə açır. Həmin səhifənin adı isə təkcə "bərpa"dan ibarət deyil. Bu, vaxtilə erməni işğalçılarının xarabalığa çevirdikləri ərazilərimizdə həyatın yenidən canlanmasının, dirçəlişin və gələcəyə hesablanmış yeni yaşayış məskənlərinin qurulmasının yazılmaqda olduğu səhifələrdir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"