Azərbaycan zəngin təbii resursları ilə turizm sahəsində böyük potensiala malikdir. Əsas təbii sağlamlıq müalicə ehtiyatlarımıza mineral sular, neft məmulatları, yodlu-bromlu və duzlu göllər, əlverişli iqlim və landşaft, eləcə də qumlu çimərliklər daxildir.
Ölkəmizdə sağlamlıq turizminin əsas komponentlərindən hesab olunan İstisu, Badamlı, Turşsu, İlisu, Xaltan və digər mənbələr profilaktika və müalicə-sağlamlaşdırma xidmətlərinin inkişafında əsas baza rolunu oynayır. Bu bazanın daha da genişləndirilməsi üçün Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd olunduğu kimi, respublikamıza səyahətin liberallaşdırılması məqsədilə bir sıra ölkələrə qarşılıqlı əsaslarla viza rejimi ləğv edilmişdir. Həmçinin Azərbaycanın mülki hava limanlarında (aeroportlarında) uçuşların coğrafiyası genişləndirilmiş, turizm sahəsində mövcud dəstək mexanizminin təkmilləşdirilməsi və yenilərinin yaradılması istiqamətində addımlar atılmışdır.
Belə addımlardan biri də son illər yurdumuzun gözəl təbii guşələrindən olan Şabranın Qalaaltı kəndində yerləşən eyniadlı müalicəvi istirahət kompleksidir. Son illər burada dünya standartları səviyyəsində bərpa və yenidənqurma işləri aparılır. Şabrandan Qalaaltınadək olan yol artıq asfaltlanıb, müxtəlif ağaclar əkilib, kompleksdə xoş ovqat yaradan səliqə-sahman yaradılıb.
Mütəxəssislərin fikrincə, sağlamlıq müalicə vasitəsinin incisi sayılan Qalaaltı suyunun tərkibi Truskavetsdə çıxan mədən suyu ilə eynidir. Qalaaltı mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid var. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda iltihab əleyhinə də təsir göstərir. Məhz bu təsir xassələrinə görə Qalaaltı mədən suyu öd kisəsində, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabı xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir.
Qalaaltı sanatoriyası elmi tədqiqatlardan sonra 1975-ci ildən fəaliyətə başlayıb, uzun illər Azərbaycan və postsovet məkanından gələn pasiyentlərə xidmət göstərib. Lakin ötən əsrin sonlarında iqtisadi-sosial problemlərlə bağlı sanatoriya baxımsız hala düşmüşdü. Sonralar Prezident İlham Əliyevin təşəbbüsü sayəsində Qalaaltı sağlamlıq kompleksi dünya standartları səviyyəsində yenidən qurulmuşdur. Mərkəzdə hotel və SPA müalicə və istirahət kompleksi fəaliyyətə başlamışdır. Bakıdan 127 kilometr məsafədə, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən kompleks 171 otaqdan ibarətdir. Burada 350-dən çox qonağın istirahəti və müalicəsi üçün hər cür şərait mövcuddur.
Qalaaltı sanatoriyasında müalicə almış Bakı sakini Çərkəz Rzayev deyir ki, ikinci dəfədir bura gəlir, çox xeyirli və faydalıdır: "Burada istər uzunmüddətli müalicəvi istirahət, istərsə də asudə vaxt keçirmək üçün şərait var - açıq və qapalı hovuz, əyləncə mərkəzində fərqli elektron oyunlar, boulinq, idman meydançaları və s. Sauna, türk hamamı, biosauna, masaj, buxar, ekzotik duş və qar otağı, həmçinin müasir qurğularla təchiz olunmuş fitnes zalı pasiyentlərin xidmətindədir". Kompleksdə aptek, suvenir dükanı, bank xidmətləri fəaliyyət göstərir, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans otaqları var. Digər bir xoşagələn amil ondan ibarətdir ki, kompleksin daxilində müasir səhiyyə avadanlıqları ilə təchiz edilmiş "Çıraq" Tibb Mərkəzi fəaliyyət göstərir. Təklif edilən sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşılaşdırılması və insan ömrünün uzadılmasına xidmət edir.
Xatırladaq ki, Dövlət Turizm Agentliyi tərəfindən 2024-cü ildə Şuşada, 2025-ci ildə isə Bakıda keçirilmiş konfranslar çərçivəsində yerli və xarici mütəxəssislər, dövlət qurumları, özəl sektor nümayəndələri və beynəlxalq təşkilatlar arasında fikir mübadiləsi aparılmış, yeni əməkdaşlıq imkanları müzakirə olunmuş və tərəfdaşlıqların formalaşdırılması üçün platforma yaradılmışdır. Nəticədə ötən illərə nisbətən Rusiya, ABŞ, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ukrayna, BƏƏ, Qətər və digər ölkələrdən Qalaaltı müalicəvi istirahət kompleksinə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Kompleks müasir arxitektura baxımından bu yerlərə xüsusi yaraşıq verir.
Görünən odur ki, Azərbaycan zəngin təbii müalicə resursları və ardıcıl dövlət siyasəti ilə sağlamlıq turizmi sahəsində öz mövqeyini getdikcə gücləndirir.
Rəhman SALMANLI,
İlham BABAYEV (foto),
"Azərbaycan"