Azərbaycan müsəlman dünyasına güclü birlik və qarşılıqlı dəstək nümunəsi təqdim edir
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu təkcə iqtisadi və hərbi potensialı ilə deyil, həm də onların mənsub olduqları siyasi və mənəvi dəyərlərə sədaqəti, beynəlxalq həmrəyliyə verdikləri töhfələrlə müəyyən edilir. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən islam dünyasının ayrılmaz tərkib hissəsi kimi islam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və ümumi maraqların müdafiəsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
Həmin siyasətin nəticəsidir ki, ölkəmiz bu gün İslam Əməkdaşlıq Təşkilatında və onun Parlament İttifaqında ən fəal, təşəbbüskar və etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur. Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası da Azərbaycanın islam dünyasında artan nüfuzunun və etimadının növbəti təsdiqidir. Qardaş ölkələrin parlament nümayəndə heyətlərini bir araya gətirən bu mötəbər platforma yalnız parlamentlərarası dialoqun inkişafına deyil, eyni zamanda islam həmrəyliyinin daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin sessiya iştirakçılarına müraciətində vurğuladığı kimi: "Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlər-arası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, islam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir".
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərində ən mühüm məqamlardan biri təşkilatın ölkəmizin haqlı mövqeyinə daim prinsipial dəstək verməsidir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti dövründə İƏT beynəlxalq təşkilatlar arasında ilk və ən qətiyyətli mövqe nümayiş etdirən qurumlardan biri olub. Təşkilatın qəbul etdiyi çoxsaylı qətnamə və bəyanatlarda Ermənistanın təcavüzkar siyasəti pislənib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub.
Bu məqamda xüsusi olaraq qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT çərçivəsində yaradılmış Təmas Qrupu uzun illər ərzində ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayıb. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra da təşkilat Azərbaycanın yanında yer alaraq işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib, qəbul etdiyi sənədlərdə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesinə dəstəyini ifadə edib.
Ermənistanın işğal siyasətinin ən ağır nəticələrindən bəhs edərkən ilk növbədə işğalçı dövlətin xalqımızın maddi və mənəvi irsinə vurduğu zərbəni qeyd etməliyik. 30 ilə yaxın müddətdə şəhərlər, kəndlər, tarixi abidələr, qəbiristanlıqlar və dini məbədlər vandalizmə məruz qaldı. İşğal olunmuş ərazilərdə mövcud olan 67 məsciddən 65-nin dağıdılması və ya təhqir olunması təkcə Azərbaycana deyil, bütövlükdə islam dünyasının mədəni irsinə qarşı yönəlmiş cinayət idi. Həmin fakt beynəlxalq missiyaların hesabatlarında da öz əksini tapıb və İƏT tərəfindən dəfələrlə qəti şəkildə pislənib.
Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa işləri çərçivəsində məscidlər, ziyarətgahlar, tarixi və dini abidələr yenidən qurulur, onların əvvəlki görkəmi bərpa edilir. Ağdam, Şuşa, Zəngilan və digər bölgələrdə həyata keçirilən layihələr Azərbaycanın ümumilikdə islam mədəniyyətinə verdiyi dəyərin parlaq təzahürüdür.
Ölkəmizin islam dünyasında nüfuzunu artıran mühüm amillərdən biri də islamofobiyaya qarşı ardıcıl və prinsipial mövqeyidir. Son illər dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artması, dini abidələrin təhqir edilməsi, nifrət çağırışlarının genişlənməsi ciddi narahatlıq doğurur. Azərbaycan bu təhlükəli tendensiyaları qlobal təhlükəsizlik üçün risk hesab edir və beynəlxalq ictimaiyyəti birgə mübarizəyə çağırır.
Azərbaycan hesab edir ki, hər hansı dinə qarşı dözümsüzlük, xüsusilə islamın terrorizm və ekstremizmlə eyniləşdirilməsi qəbuledilməzdir. Təəssüf doğuran haldır ki, bəzi Qərb siyasi dairələrində və müəyyən beynəlxalq qurumlarda belə yanaşmalar zaman-zaman müşahidə olunur. Azərbaycanın isə birmənalı və qəti mövqeyi belədir ki, terrorizmin dini yoxdur və hər hansı dinin radikal qrupların fəaliyyəti ilə əlaqələndirilməsi həm ədalətsiz, həm də təhlükəlidir.
Məhz buna görə Azərbaycan islam dəyərlərinin qorunması ilə yanaşı, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqini də xarici siyasətinin vacib istiqamətlərindən biri kimi müəyyən edib. Bu baxımdan Bakının müxtəlif beynəlxalq forumlara, mədəniyyətlərarası dialoq tədbirlərinə və İƏT-in çoxsaylı toplantılarına evsahibliyi etməsi təsadüfi deyil. Azərbaycan öz təcrübəsi ilə göstərir ki, milli kimliyə və dini dəyərlərə sadiqlik multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət prinsipləri ilə tam uzlaşa bilir.
Bu gün islam dünyası yeni çağırışlarla üz-üzədir. Qlobal siyasi gərginliklər, iqtisadi qeyri-sabitlik, ərzaq və enerji təhlükəsizliyi məsələləri müsəlman ölkələri arasında daha sıx əməkdaşlığı zəruri edir. Belə bir dövrdə Azərbaycanın rolu daha da artır. Təsadüfi deyil ki, üzv dövlətlərin etimadının göstəricisi olaraq ölkəmiz 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının sədrliyini öz üzərinə götürəcək. Bu mühüm missiya Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təzahürü olmaqla yanaşı, islam həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın dərinləşdirilməsi, dayanıqlı və inklüziv inkişaf naminə birgə səylərin gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Azərbaycan birmənalı olaraq təşkilata sədrliyi dövründə də təşkilatın məqsəd və prinsiplərinə sadiq qalaraq islam aləminin birliyinə və tərəqqisinə xidmət edən təşəbbüslərlə çıxış edəcək.
Azərbaycan bu gün islam dünyasının fəal üzvü olmaqla yanaşı, həm də onun həmrəyliyini gücləndirən, ortaq maraqlarını müdafiə edən, mədəni irsini qoruyan və gələcəyinə töhfə verən aparıcı dövlətlərdən biridir. Qarabağ Zəfəri ilə tarixi ədaləti bərpa edən, dağıdılmış torpaqlarda yeni həyat quran Azərbaycan eyni zamanda islam dünyasına birlik, həmrəylik və qarşılıqlı dəstək nümunəsi təqdim edir. Bu yolun əsas fəlsəfəsi isə sadədir: güclü həmrəylik güclü gələcək deməkdir. Azərbaycanın fəaliyyəti göstərir ki, islam dünyasının birliyi yalnız mənəvi dəyər deyil, həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin və inkişafın mühüm təminatlarından biridir.
Elşən QƏNİYEV,
"Azərbaycan"