Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycan islam həmrəyliyini xarici siyasət doktrinasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu yanaşma yalnız dini və mədəni mənsubiyyət amili ilə izah olunmur. Söhbət, eyni zamanda mürəkkəb geosiyasi şəraitdə yerləşən Azərbaycanın milli maraqlarına cavab verən, regional sabitliyin möhkəmləndirilməsinə xidmət edən və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirən strateji xarici siyasət xəttindən gedir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, islam həmrəyliyi müasir beynəlxalq münasibətlər sistemində müsəlman ölkələrinin maraqlarının müdafiəsi və onların qlobal proseslərdə rolunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması və Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bu siyasətin praktik ifadəsi idi və bu təşəbbüslər müsəlman ölkələri arasında siyasi, humanitar və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdi.
Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında bildirib ki, bu gün Azərbaycan islam dünyasında özünəməxsus mövqeyə malik dövlət kimi çıxış edir: "Bir tərəfdən ölkəmiz müsəlman dövlətləri ilə sıx siyasi və humanitar əlaqələr saxlayır, digər tərəfdən isə Avropa təsisatları, Qərb institutları və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq modelini inkişaf etdirir. Məhz bu xüsusiyyət Azərbaycana Şərqlə Qərb arasında etibarlı körpü və dialoq platforması rolunu qazandırıb. Müxtəlif geosiyasi mərkəzlər arasında etimad mühitinin formalaşdırılması istiqamətində əldə edilmiş təcrübə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına gələcək sədrliyi üçün də mühüm üstünlük hesab edilə bilər. Azərbaycanın indiyədək rəhbərlik etdiyi beynəlxalq təşkilatların fəaliyyətinə nəzər saldıqda maraqlı bir tendensiya müşahidə olunur. Ölkəmiz sədrliyi formal idarəçilik mexanizmi kimi deyil, təşkilatların institusional inkişafına, beynəlxalq nüfuzunun artırılmasına və gündəminin zənginləşdirilməsinə xidmət edən siyasi alət kimi qiymətləndirir. Bunun ən parlaq nümunəsi Qoşulmama Hərəkatına sədrliyi dövründə ortaya çıxıb".
Deputat vurğulayıb ki, 2019-2023-cü illərdə Azərbaycanın rəhbərliyi altında Qoşulmama Hərəkatı öz tarixinin ən fəal mərhələlərindən birini yaşayıb: "Xüsusilə COVID-19 pandemiyası dövründə Azərbaycan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemləri beynəlxalq gündəmə çıxardı, vaksin millətçiliyinə və vaksin bərabərsizliyinə qarşı qlobal təşəbbüslərlə çıxış etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu yaradıldı, dövlət və hökumət başçılarının xüsusi sammitləri keçirildi. Azərbaycan, həmçinin BMT Baş Assambleyasının pandemiya ilə bağlı xüsusi sessiyasının çağırılması təşəbbüsünün müəllifi kimi çıxış etdi. Təşkilat üzvlərinin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddətinin əlavə bir il uzadılması isə bu liderliyin yüksək qiymətləndirilməsinin konkret göstəricisi oldu".
E.Mirzəbəyli deyib ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin tarixi də qarşılıqlı etimada və siyasi dəstəyə əsaslanır: "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğal siyasəti dövründə İƏT Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr qəbul edib. Təşkilatın qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı siyasəti qətiyyətlə pislənib, Qarabağ və ətraf rayonların Azərbaycanın ayrılmaz hissəsi olduğu təsdiqlənib. Bu baxımdan İƏT ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə edən əsas beynəlxalq platformalardan biridir.
Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan ilə islam dünyası arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərə islam ölkələrinin nümayəndə heyətlərinin çoxsaylı səfərləri, Qarabağın bərpası prosesində həmin dövlətlərin şirkətlərinin iştirakı və mədəni əməkdaşlıq layihələrinin həyata keçirilməsi bunun əyani təzahürüdür. Bu kontekstdə Şuşanın xüsusi yeri vardır. Şəhərin islam dünyasının mədəniyyət paytaxtlarından biri kimi tanınması, burada keçirilən beynəlxalq tədbirlər və forumlar Azərbaycanın islam dünyasına inteqrasiyasının yeni mərhələsini simvolizə edir. Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də müsəlman dünyasının mədəni-humanitar əməkdaşlıq məkanlarından birinə çevrilməkdədir. Bu amil Azərbaycanın İƏT çərçivəsində həyata keçirəcəyi təşəbbüslərə əlavə siyasi və mənəvi məzmun qazandırır".
Deputat qeyd edib ki, Yaxın Şərqdə davam edən münaqişələr, islamofobiyanın müxtəlif formalarda yayılması, beynəlxalq münasibətlər sistemində ikili standartların tətbiqi və inkişaf etməkdə olan ölkələrin qlobal qərarların qəbulunda yetərincə təmsil olunmaması müsəlman dövlətlərinin daha sıx koordinasiyasını zəruri edir. Bu baxımdan Azərbaycanın xarici siyasət təcrübəsi və çoxtərəfli diplomatiya imkanları təşkilat daxilində yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına töhfə verə bilər. Xüsusilə "Bakı Prosesi" çərçivəsində əldə olunan uğurlar diqqətəlayiqdir. "Azərbaycan uzun illərdir ki, sivilizasiyalararası və dinlərarası dialoqun təşviqində aparıcı rol oynayır. Bakı Humanitar Forumları, Dünya Mədəniyyətlərarası Dialoq Forumları və digər beynəlxalq platformalar Azərbaycanın müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında etimad mühitinin formalaşdırılması istiqamətində topladığı unikal təcrübəni ortaya qoyub. Bu modelin İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində tətbiqi təşkilatın beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə xidmət edə bilər", - deyə o əlavə edib.
E.Mirzəbəyli bildirib ki, 2027-ci ildə Azərbaycanın sədrliyi dövründə bir sıra strateji istiqamətlərin prioritet olacağı gözlənilir. Bunlar sırasında islamofobiya və dini ayrı-seçkiliyə qarşı mübarizə, müsəlman ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika bağlantılarının inkişaf etdirilməsi, təhsil, elm, innovasiya və rəqəmsal transformasiya sahələrində birgə təşəbbüslərin dəstəklənməsi xüsusi yer tutur. Eyni zamanda beynəlxalq hüququn aliliyinin müdafiəsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin beynəlxalq hüquq normaları əsasında həlli məsələlərinin də təşkilatın gündəliyində mühüm yer tutacağı şübhə doğurmur. Bütün bunlar göstərir ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına sədrliyi yalnız bir təşkilat daxilində rəhbərlik funksiyasının həyata keçirilməsi ilə məhdudlaşmayacaq. Bu sədrlik Azərbaycanın son illərdə formalaşdırdığı uğurlu çoxtərəfli diplomatiya modelinin davamı, islam dünyasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun artırılması üçün mühüm fürsət olacaq.
Deputat qeyd edib ki, əgər Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan təşkilatı qlobal siyasi gündəmin fəal iştirakçılarından birinə çevirməyə nail olmuşdusa, İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə də analoji yanaşmanın şahidi olmaq mümkündür: "Azərbaycanın siyasi nüfuzu, diplomatik potensialı, geostrateji mövqeyi və islam dünyasında qazandığı etimad bu gözləntilərin real əsaslara söykəndiyini göstərir. Məhz buna görə 2027-ci il sədrliyi təkcə Azərbaycan diplomatiyasının növbəti uğuru deyil, bütövlükdə islam dünyasında əməkdaşlıq, həmrəylik və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"