Müasir dövrün ən ciddi sosial problemlərdən biri narkomaniyadır. Bəşəriyyətin təhlükəsizliyinə təhdid yaradan bu problem insan sağlamlığını məhv etməklə yanaşı, ailələri dağıdır, cinayətkarlığın artmasına səbəb olur, sosial münasibətlərə mənfi təsir göstərir və gələcək nəsillərin inkişafına ciddi zərbə vurur.
Dünyada milyonlarla insan müxtəlif növ narkotik maddələrin təsiri altında yaşayır. Rəsmi statistikalar vəziyyətin miqyasını göstərsə də, mütəxəssislər qeyd edirlər ki, qeydiyyata düşməyən istifadəçilərin sayı daha çox olduğundan real mənzərə daha ağırdır. Azərbaycan da bu təhlükəyə qarşı sistemli mübarizə aparan ölkələr sırasındadır. Dövlətin qəbul etdiyi proqramlar, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar və maarifləndirmə tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mühüm nəticələr əldə olunur. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatına görə, cari ilin yanvar-may aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3766 cinayət faktı aşkarlanıb. Bu faktlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si isə digər cinayətlərlə bağlı olub. Həmin dövrdə 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib ki, onlardan 2057-si kişi, 53-ü isə qadındır.
Rəqəmlər problemin aktuallığını bir daha təsdiqləyir. Bəs insanları narkotik vasitələrə aparan səbəblər nədir? Bu təhlükənin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Narkotik asılılığından qorunmaq və ya ondan xilas olmaq mümkündürmü?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, psixoloq Elnur RüstƏmov bildirib ki, narkotik asılılığı təkcə tibbi deyil, eyni zamanda psixoloji və sosial xarakter daşıyan mürəkkəb problemdir: "İnsanların narkotik vasitələrə müraciət etmələrinin səbəbləri müxtəlif olsa da, onların əksəriyyətinin kökündə psixoloji gərginliklər və emosional çətinliklər dayanır. İlk mərhələdə bu maddələr insana rahatlıq və ya problemlərdən qısa müddətli qaçış hissi verə bilər. Lakin zaman keçdikcə həmin rahatlıq hissi asılılığa çevrilir, insan fiziki və psixoloji baxımdan maddədən asılı vəziyyətə düşür".
Mütəxəssisin fikrincə, impulsiv davranışa meyilli, risk etməyi sevən və emosiyalarını idarə etməkdə çətinlik çəkən şəxslərdə asılılıq riski daha çox müşahidə olunur. Gənclər aidiyyət hissinə, həmyaşıdları tərəfindən qəbul edilməyə ehtiyac duyduqları üçün bu risk xüsusilə yeniyetməlik dövründə artır. Narkomaniyanın yaranmasında ailə mühitinin də rolu danılmazdır. Ailədaxili münasibətlərdə emosional yaxınlığın olmaması, valideyn nəzarətinin zəifliyi, davamlı münaqişələr, zorakılıq halları, laqeyd münasibət və ya valideynlərin özlərinin zərərli vərdişlərə malik olması uşaqlarda və yeniyetmələrdə risk faktorlarını artırır. Araşdırmalar göstərir ki, sevgi, diqqət və dəstəyin hökm sürdüyü ailələrdə narkotik istifadəsinə meyillilik daha aşağı səviyyədə olur.
Sağlam ailədə böyüyən gənclərin belə bu təhlükədən tam sığortalanmadığını vurğulayan psixoloq qeyd edib ki, dost çevrəsinin təsiri, sosial təzyiqlər və maraq hissi insanları narkotiklərlə tanış edə bilir. Bu səbəbdən problemin yaranmasında bioloji, psixoloji və sosial amillər kompleks şəkildə qiymətləndirilməlidir. Uzunmüddətli stres də sinir sistemini zəiflədir, emosional dözümlülüyü azaldır və qərarvermə qabiliyyətinə mənfi təsir göstərir. Belə vəziyyətdə olan insanlar qısa müddətli rahatlıq vəd edən vasitələrə daha həssas olurlar. Depressiya yaşayan şəxslərdə isə ümidsizlik, motivasiya itkisi, emosional boşluq və həyatın mənasız görünməsi kimi hallar müşahidə edilir. Narkotik maddələr müvəqqəti olaraq bu hissləri zəiflətməyə qadir olduğundan bəzi insanlar onları çıxış yolu kimi qəbul edirlər. Özünü dəyərsiz hiss edən, sosial mühitdə yerini tapa bilməyən, uğursuzluq qorxusu yaşayan və tənha insanlar da xarici təsirlərə daha açıq olurlar.
Narkotik istifadəsinin erkən mərhələdə aşkarlanması sonrakı ağır nəticələrin qarşısını almaq baxımından həyati əhəmiyyət daşıyır. Bu səbəbdən valideynlər, müəllimlər və yaxınlar davranışlarda baş verən dəyişikliklərə xüsusi diqqət yetirməlidirlər. Elnur Rüstəmovun sözlərinə görə, narkotik istifadəsinin ilkin əlamətlərindən biri insanın davranış və həyat tərzində qəfil dəyişikliklərin baş verməsidir: "Əvvəllər aktiv və ünsiyyətcil olan şəxs birdən-birə qapalı, əsəbi və ya aqressiv ola bilər. Ailə üzvlərindən uzaqlaşma, dost çevrəsinin dəyişməsi, evə gec gəlmə halları, səbəbsiz yalanlar da diqqət çəkən əlamətlərdəndir. Bundan başqa, məktəbdə və ya iş yerində nəticələrin zəifləməsi, məsuliyyətsizlik, əvvəlki maraqların itməsi, yuxu rejiminin pozulması və emosional dəyişkənlik də risk siqnalları hesab edilir. Pul istəmənin artması və ya şəxsi əşyaların yoxa çıxması da müşahidə oluna bilər. Fiziki əlamətlər sırasında göz bəbəklərinin qeyri-adi vəziyyəti, gözlərin qızarması, həddindən artıq yuxululuq və ya əksinə, həddindən artıq hərəkətlilik, şəxsi gigiyenaya diqqətin azalması qeyd olunur".
Psixoloq vurğulayıb ki, şübhə yarandığı ilk andan etibarən psixi sağlamlıq üzrə mütəxəssis və ya narkoloqa müraciət edilməlidir. Erkən müdaxilə həm asılılığın qarşısının alınmasında, həm də problemin kökündə duran psixoloji çətinliklərin həllində daha səmərəli nəticələr verir. Gənclərin emosional dayanıqlılığının artırılması, özünəinamının formalaşdırılması, qərarvermə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Araşdırmalar göstərir ki, sosial və emosional bacarıqları yüksək olan gənclər zərərli təsirlərə qarşı daha davamlı olurlar. Buna görə də maarifləndirmə tədbirləri yalnız narkotiklərin zərərlərini sadalamaqla məhdudlaşmamalıdır.
"Məktəblərdə və ali təhsil müəssisələrində psixoloqların iştirakı ilə təşkil olunan seminarlar, qrup məşğələləri, valideynlərlə maarifləndirici görüşlər və risk qruplarının erkən müəyyənləşdirilməsi mühüm nəticələr verə bilər. Gənclərin idman, incəsənət, könüllülük və digər sosial fəaliyyətlərə cəlb edilmələri də onları zərərli vərdişlərdən uzaqlaşdıran vacib amillərdəndir. Müasir dövrdə sosial şəbəkələr və internet risk mənbəyi hesab olunur. Narkotik vasitələr müxtəlif platformalarda cəlbedici formada təqdim edilir və bu da xüsusilə yeniyetmələr üçün təhlükə yaradır. Buna qarşı effektiv mübarizə aparmaq üçün rəqəmsal maarifləndirmə gücləndirilməli, gənclərdə tənqidi düşünmə bacarıqları formalaşdırılmalı və sağlam həyat tərzini təşviq edən məzmunların sayı artırılmalıdır", - deyə mütəxəssis bildirib.
Narkotik asılılığının müalicəsinə gəldikdə isə Elnur Rüstəmov deyib ki, bu problem iradə zəifliyi deyil, kompleks yanaşma tələb edən xroniki xəstəlikdir. Buna görə də müalicəni multidissiplinar komanda həyata keçirməlidir. İlk növbədə şəxs problemi qəbul edib yardım almağa hazır olmalı, daha sonra fərdi müalicə proqramı hazırlanmalıdır. Ailə terapiyası və sosial dəstək proqramları da müalicənin effektivliyini artıran vacib vasitələrdir. Müalicədən sonra yenidən istifadəyə qayıtma riskinin müəyyən qədər olması normal hesab edilir. Riskin azaldılması üçün şəxsin yeni həyat tərzi formalaşdırması, riskli mühitlərdən uzaq durması və psixoloji dəstək alması vacibdir.
Psixoloqun fikrincə, ailə üzvlərinin anlayışlı və dəstəkləyici münasibətləri də sağalma prosesində həlledici rol oynayır. Damğalamaq, qınamaq və təcrid etmək əvəzinə, insanın cəmiyyətə yenidən inteqrasiyasına kömək etmək lazımdır. Narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının və ya səhiyyə sisteminin üzərinə düşən vəzifə deyil. Bu, ailənin, məktəbin, medianın, vətəndaş cəmiyyətinin və bütövlükdə cəmiyyətin birgə məsuliyyət daşıdığı mühüm sosial təhlükəsizlik məsələsidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"