INPEX Azərbaycana 24 il əvvəl gəlib. Onun ölkəmizdə fəaliyyətə başlamasını Ulu Öndər Heydər Əliyev əlamətdar bir gündə - 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməlqoyma mərasimində çıxışı zamanı elan edib.
Elə həmin vaxtlardan da "INPEX Corporation"un - Yaponiyanın ən böyük neft-qaz kəşfiyyatı və hasilatı şirkətinin ölkəmizdə uğurlu fəaliyyəti başlanıb. Şirkət bu layihədə 2,50 faizlik payla iştirak edir.
BTC-dən təxminən yarım il sonra INPEX möhtəşəm "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə də qoşuldu. Belə ki, 2003-cü ilin aprel ayında layihədə iştirak payı (ilkin olaraq 10 faiz) aldı. Lakin şirkətin layihədəki mühüm addımları bununla yekunlaşmadı. 2010-cu ildə AÇG-də əlavə pay alaraq iştirakını 10,96 faizə çatdırdı.
Bu ilin martında isə INPEX şirkəti layihədəki payına sahib olan "INPEX South West Caspian Sea Petroleum" şirkətinin qalan 49 faiz səhmlərini də alaraq onun tam sahibinə çevrildi. Hazırda INPEXin AÇG layihəsində 9,31 faiz iştirak payı var.
Qeyd edək ki, InpeX 1966-cı ildə təsis edilib. Şirkərin baş ofisi Tokioda yerləşir.
Fəaliyyət sahəsinə gəldikdə isə bu, neft, təbii qaz və digər mineral ehtiyatların tədqiqini, kəşfiyyatını, hasilatını və satışını əhatə edir. O, eyni zamanda hidrogen, ammonyak, karbonun tutulması və saxlanılması, bərpaolunan enerji layihələrinə sərmayə yatırır. Başqa sözlə, INPEX hasilatdan başlayaraq mayeləşdirmə, daşınma və marketinqə qədər enerji dəyər zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən şirkət kimi geniş təcrübəyə malikdir.
Həm də bu fəaliyyətləri dünyanın 20-yə yaxın ölkəsindəki enerji layihələrində həyata keçirir.
Öz ölkəsində İTOÇU Yaponiya daxili qaz hasilatı layihələrini reallaşdırır.
Şirkətin ən böyük layihələrindən biri olan "Ichthys LNG" daxil olmaqla nəhəng qaz layihələri Avstraliyadadır. Birləşmiş Ərəb Əmirliklərində isə Əbu-Dabi dəniz və quru neft yataqlarını işləyir. İndoneziyadakı əsas layihələri "Abadi LNG", "Tangguh LNG" və geotermal enerji layihələridir.
INPEXin həmçinin Avropa, Asiya və Amerika qitələrində müxtəlif layihələri və ya nümayəndəlikləri var. Belə ki, şirkət Avropada Böyük Britaniya, Norveç, Qazaxıstanda fəaliyyət göstərir. Şimali və Cənubi Amerikada isə fəaliyyət məkanları ABŞ (Texas) və Braziliyadır. Cənub-Şərqi Asiyada Sinqapur, Malayziya, Vyetnam kimi ölkələrdə çalışır.
Qeyd etdiyimiz kimi, INPEXin əsas fəaliyyət məkanlarından biri Azərbaycandır. Şirkət həmçinin ölkəmizlə uzunmüddətli əməkdaşlığın yeni mərhələsinin qurulmasında maraqlıdır. Bunu cari ilin iyun ayında keçirilən Bakı Enerji Həftəsində INPEXin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono bildirib. Onun sözlərinə görə, INPEX enerji keçidinin enerji təhlükəsizliyi, iqtisadi reallıqlar və bazarın faktiki vəziyyəti əsasında həyata keçirilməsinin vacibliyinə inanır. Şirkətin "INPEX Vision 2032" strategiyası da məhz bu prinsiplər üzərində qurulub.
Məlumdur ki, karbon emissiyalarının nisbətən aşağı olması səbəbindən təbii qaz yaxın gələcəkdə də, xüsusilə iqtisadi inkişaf üçün sabit və genişmiqyaslı enerji təchizatına ehtiyac duyulan regionlarda mühüm rol oynamaqda davam edəcək. InpeXin strategiyası da mövcud neft-qaz layihələrinin gücləndirilməsi ilə yanaşı, üç əsas inkişaf istiqamətini əhatə edir. Bunlar təbii qaz və enerji biznesinin genişləndirilməsi, karbon emissiyalarının azaldılmasına yönəlmiş texnologiyaların, o cümlədən karbonun tutulması və saxlanılması və hidrogen layihələrinin inkişafı, eləcə də enerji və təbii ehtiyatlar sektorunda qabaqcıl texnologiyaların tətbiqidir.
M.Hosono deyib ki, AÇG layihəsi daha yetkin inkişaf mərhələsinə keçdikcə, yataqların səmərəli idarə olunması və əməliyyat mükəmməlliyi daha da vacib əhəmiyyət kəsb edir. INPEX bu layihədə iştirakı sayəsində inkişaf edib və indi davamlı inkişafın təmin olunmasına töhfə verməyə çalışır. Şirkət Azərbaycanı yalnız mövcud aktivlər bazası kimi deyil, həm də böyük gələcək potensialına malik ölkə kimi qiymətləndirir: "Qaz yataqlarının işlənməsi, dəniz layihələrinin icrası və CCS kimi praktiki aşağıkarbonlu həllər sahəsində malik olduğumuz təcrübə Azərbaycanda əlavə dəyər yarada bilər. Yeni layihələrdə iştirak, mövcud aktivlərin daha da inkişaf etdirilməsi və səmərəli texnoloji həllərin tətbiqi vasitəsilə əməkdaşlığımızı genişləndirmək üçün ciddi imkanlar görürük".
Flora SADIQLI,
"Azərbaycan"