16 Sentyabr 2026 09:47
161
İQTİSADİYYAT
A- A+
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?


 Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin, xüsusilə revanşist dairələrin reaksiyası regionda sülh və normallaşma prosesinin qarşısında dayanan ciddi siyasi-ideoloji problemləri bir daha nümayiş etdirir. Xarici diplomatların Azərbaycanın suveren ərazilərinə səfər etməsi kimi tamamilə legitim və beynəlxalq hüququn prinsiplərinə uyğun bir addımın Ermənistan daxilində narazılıqla qarşılanması, əslində, İrəvanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qəbul edilməsi ilə bağlı müəyyən dairələrdə hələ də ciddi psixoloji-siyasi problemin qaldığını göstərir.

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü Ermənistan tərəfindən də rəsmi şəkildə tanınıb. Belə olan halda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfərinə etiraz edilməsi heç bir məntiqə sığmır. Daha da paradoksal olanı isə bu səfərə görə xarici diplomatların hədəfə alınması və sosial şəbəkələrdə onlara qarşı aqressiv kampaniyanın aparılmasıdır.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi mesaj daşıyır. Bu səfər iştirakçı dövlətlərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə münasibətinin praktiki ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycan ərazisində baş verən proseslərlə bağlı qərar qəbul etmək hüququ yalnız Azərbaycan dövlətinə məxsusdur. Xarici diplomatların ölkəmizin müxtəlif ərazilərinə səfərinə Ermənistan daxilindən müdaxilə cəhdləri isə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi təsiri bağışlayır.

Ermənistan cəmiyyətində səfərlə bağlı reaksiyaların diqqət çəkən istiqamətlərindən biri Qarabağdakı tarixi-mədəni irslə bağlı manipulyativ yanaşmadır. Gəncəsər və Xudavəng kimi abidələrin yalnız erməni irsi kontekstində təqdim edilməsi, eyni zamanda həmin ərazilərin mürəkkəb və çoxqatlı tarixi-mədəni keçmişinin nəzərə alınmaması regionun tarixinin siyasiləşdirilməsinə xidmət edir. Burada daha mühüm sual ortaya çıxır: Ermənistan Qarabağdakı tarixi irsə münasibətdə belə həssaslıq nümayiş etdirirsə, nə üçün müasir Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi-mədəni irsin mövcudluğunu eyni şəkildə qəbul etmir?

Tarixi faktların yalnız müəyyən hissəsini seçərək təqdim etmək, bir xalqın tarixi mövcudluğunu qəbul edib digər xalqın həmin coğrafiyadakı izlərini inkar etmək obyektiv tarixçilik prinsipləri ilə uzlaşmır. Bu yanaşma həm də Cənubi Qafqazın ümumi tarixinin birtərəfli təqdim edilməsinə gətirib çıxarır. Qafqaz Albaniyası irsi məsələsində də oxşar vəziyyət müşahidə olunur. Azərbaycanın Qarabağ və digər bölgələrində Qafqaz Albaniyasına aid çoxsaylı        tarixi-mədəni abidələrin mövcudluğu elmi ədəbiyyatda və dünya tarixşünaslığında geniş araşdırılıb. Bu irsin siyasi məqsədlərlə yalnız etnik mənsubiyyət mübahisəsinə çevrilməsi tarixi həqiqətin araşdırılmasına deyil, onun siyasiləşdirilməsinə xidmət edir.

Azərbaycan ərazisindəki bütün tarixi və mədəni abidələrin qorunması Azərbaycan dövlətinin məsuliyyətidir. Dövlət bu irsin qorunması, bərpası və beynəlxalq ictimaiyyətə təqdim olunması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesi də bunun konkret nümunəsidir.

Diplomatik səfərə qarşı kampaniyanın digər mühüm tərəfi Ermənistan daxilində revanşist ritorikanın hələ də kifayət qədər güclü olduğunu göstərməsidir. Revanşist qüvvələrin yalnız müxalif siyasi dairələrlə məhdudlaşmadığı, bəzi hallarda hakim siyasi mühitə yaxın informasiya resurslarında da oxşar ritorikanın yayılması diqqətdən kənarda qala bilməz. Bu baxımdan Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın məsələ ilə bağlı açıqlaması da suallar doğurur. Xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkəti ilə bağlı Ermənistan rəsmisinin mövqe bildirməsi mahiyyət etibarilə Azərbaycanın daxili məsələlərinə münasibət bildirmək cəhdidir.

Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin 12-13 sentyabr tarixlərində sərhəddə baş vermiş döyüşlərdə həlak olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də ayrıca siyasi kontekstdə nəzərdən keçirilməlidir. Ermənistan tərəfindən törədilən hərbi təxribat nəticəsində baş vermiş həmin hadisələrin yalnız birtərəfli siyasi təqdimatla gündəmə gətirilməsi regionda qarşıdurma yaddaşının qorunmasına və revanşist emosiyaların güclənməsinə xidmət edə bilər. Sülh prosesinin əsas şərtlərindən biri keçmiş münaqişənin siyasi və ideoloji alətlərdən istifadə etməklə yenidən gündəmə gətirilməməsidir. Əgər Ermənistan həqiqətən davamlı sülh istəyirsə, bu sülh yalnız rəsmi sənədlərlə deyil, cəmiyyətin siyasi düşüncəsində və informasiya məkanında da öz əksini tapmalıdır.

Ermənistanın Qarabağdakı tarixi-mədəni irslə bağlı həssaslıq nümayiş etdirərkən Qərbi Azərbaycanda Azərbaycan xalqının tarixi-mədəni irsinə münasibətdə tamamilə fərqli mövqe tutması ciddi ziddiyyət təşkil edir. İndiki Ermənistan ərazisində azərbaycanlıların əsrlər boyu yaşadığı yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar, tarixi tikililər və digər mədəniyyət nümunələri mövcud olub. Lakin müxtəlif dövrlərdə bu irsin əhəmiyyətli hissəsi dağıdılıb, dəyişdirilib və ya tarixi mənsubiyyəti barədə məlumatlar aradan qaldırılıb. Nəticədə həmin ərazilərin çoxəsrlik etnik və mədəni müxtəlifliyi haqqında obyektiv təsəvvür yaratmaq çətinləşdirilib. Tarixi irsin qorunması universal prinsipdir. Bu prinsip yalnız bir xalqın mədəni irsinə münasibətdə tətbiq edilə bilməz. Əgər hansısa tərəf öz tarixi irsinin qorunmasını tələb edirsə, eyni münasibəti digər xalqların irsinə də göstərməlidir. Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi-mədəni izlərinin silinməsi və bu irsin mövcudluğunun inkar edilməsi regionun tarixinin obyektiv öyrənilməsinə ciddi maneə yaradır. Belə yanaşma qarşılıqlı etimadın formalaşmasına da xidmət etmir.

Mədəni irsin qəsdən məhv edilməsi və ya onun tarixi mənsubiyyətinin dəyişdirilməsi beynəlxalq hüququn mədəni sərvətlərin qorunmasına dair fundamental prinsipləri ilə ziddiyyət təşkil edir. 1954-cü il Haaqa Konvensiyası və mədəni irsin qorunmasına dair UNESCO çərçivəsində formalaşmış beynəlxalq mexanizmlər mədəni sərvətlərin silahlı münaqişələr zamanı qorunmasını və onların məhv edilməsinin qarşısının alınmasını nəzərdə tutur.

Bütün bu proseslər göstərir ki, Ermənistan daxilində sülh gündəmi ilə revanşist düşüncə arasında ciddi mübarizə davam edir. Bir tərəfdən Ermənistan hakimiyyəti Azərbaycanla sülh və normallaşma haqqında danışır, digər tərəfdən isə cəmiyyətdə Azərbaycanın suverenliyini şübhə altına alan, tarixi irsə dair əsassız iddiaları yaşadan və keçmiş münaqişənin emosional gündəmini qoruyan yanaşmalar meydana çıxır.

Azərbaycan üçün isə sülh prosesi ilk növbədə ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, dövlətlərarası münasibətlərin normallaşdırılması və bölgədə yeni əməkdaşlıq mühitinin formalaşdırılması deməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri də məhz müharibədən sonrakı yeni reallığın göstəricisidir.

Diplomatik korpusun bu ərazilərə səfəri həmin yeni reallığın beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə olunması baxımından əhəmiyyətlidir. Ermənistan cəmiyyətinin müəyyən dairələrinin bundan narahatlıq keçirməsi isə artıq Azərbaycanın deyil, Ermənistanın öz daxilində həll edilməli olan məsələdir.

Əgər Ermənistan regionda davamlı sülh və sabitlik istəyirsə, bunun üçün ilk növbədə revanşist ritorikadan, tarixi manipulyasiyalardan və Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdlərindən imtina etməlidir. Cənubi Qafqazda yeni mərhələ yalnız keçmişin qarşıdurma məntiqindən deyil, suveren dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət etdiyi, tarixi faktların siyasiləşdirilmədiyi və mədəni irsin mənsubiyyətindən asılı olmayaraq qorunduğu bir yanaşmadan keçə bilər.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı,

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik Günü" keçirilib

10:30
16 Sentyabr

Diplomatların gözü ilə yenilənən Qarabağ: sülhə aparan yol və İrəvanın əsassız reaksiyası

10:26
16 Sentyabr

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

10:20
16 Sentyabr

Rənglər dünyasında öz yeri olan sənətkar

10:10
16 Sentyabr

Tək "Ananın səsi" şeiri bəs edir ki, ədəbiyyat tariximizdə əbədi yaşasın

10:00
16 Sentyabr

Zamanı lentə alan sənətkar...

09:50
16 Sentyabr

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?

09:47
16 Sentyabr

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

09:47
16 Sentyabr

INPEX Azərbaycanda fəaliyyətini şaxələndirmək niyyətindədir

09:40
16 Sentyabr

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

09:30
16 Sentyabr

Şəmkirdə balıqçılıq inkişaf etdirilir

09:30
16 Sentyabr

Böyük qayıdışın məşğulluq gündəliyi

09:20
16 Sentyabr

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

Pekində 13-cü Syanşan Forumu keçirilir

08:45
16 Sentyabr

ABŞ kosmosdan hərbi istifadəni normallaşdırmağa çalışır

08:42
16 Sentyabr

Dağların qoynunda yenidən boy atan Kəlbəcər

08:40
16 Sentyabr

"Azərbaycan-Özbəkistan biznes-barometri" təqdim edilib

08:30
16 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənir

08:20
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!