"Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan"
Azərbaycan poeziyasının tanınan və sevilən nümayəndələrindən biri olan şair, dramaturq Novruz Gəncəlinin adı, imzası oxuculara yaxşı tanışdır. Onun yazdığı əsərlər bu gün də maraqla oxunur, sözlərinə bəstələnmiş mahnılar böyük sevgi ilə dinlənilir.
Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov) sadə ömür yaşayıb. O, 1921-ci il sentyabrın 12-də Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində dünyaya göz açıb. Atası dəmirçi olsa da, onda şairlik təbi də var imiş. Poeziyaya böyük maraq göstərərmiş, dilindən şeir, qəzəl düşməzmiş. Gözünü dünyaya açandan, həyatı dərk edəndən Novruz evdə beləcə şeir eşidib, poetik sözün qüdrətini duyub. Təəssüflər olsun ki, o, 8 yaşında atasını itirib. Kiçik yaşlarından atasızlığın ağrı-acısını yaşayıb. Böyük qardaşı Qulamhüseynin himayəsində yaşayıb.
Novruz 1934-cü ildə H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin nəzdində fəaliyyət göstərən 63 nömrəli orta məktəbdə ibtidai təhsil alıb. Sonralar ailə vəziyyəti ilə əlaqədar Gəncəyə köçüblər. Təhsilini bu qədim və gözəl şəhərdə davam etdirən Novruz 1939-cu ildə Gəncə 3 nömrəli beynəlmiləl orta məktəbini yüksək qiymətlərlə bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olub.
Novruz Sadıqov universitetdə oxumaqla bərabər, 1939-1940-cı illərdə kitabxanada Azərbaycan şöbəsinin müdiri işləyib. 1940-1941-ci illərdə isə İncəsənət Muzeyində ekskursiya rəhbəri kimi fəaliyyət göstərib. Həm oxumaq, həm də işləmək onun üçün çətin olub. Buna görə də ikinci kursda oxuyanda əyani şöbədən qiyabi şöbəyə keçib. 1941-1943-cü illərdə Lerik rayonundakı orta məktəblərdə müəllim işləyib, məktəb direktoru vəzifəsinədək yüksəlib.
Novruz yaradıcılığa kiçik yaşlarından başlayıb. Yazdığı ilk şeirini şair Əhməd Cəmilə oxuyub. Ə.Cəmilin şeirdən xoşu gəlib. Əlini onun çiyninə qoyaraq deyib: "Mən bundan sonra sənə Gəncəli təxəllüsü verirəm. Mütləq bu imza ilə yazıb-yaratmalısan!" Əhməd Cəmilin bu tövsiyəsindən sonra, o vaxtdan da Novruz əsərlərinin altından həmin imzanı qoyub. Oxucular onu bu imzayla tanıyıblar. Şairin 22 yaşında işıq üzü görən "Odlu ürəklər" adlı ilk kitabı da "Novruz Gəncəli" imzası ilə nəşr olunub.
1943-1946-cı illərdə isə Novruz Gəncəli Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışıb. 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1946-1949-cu illərdə Yazıçılar İttifaqının "Natəvan" klubunda çalışıb. Bir müddət Azərbaycan Yazıçılar İttifaqında poeziya üzrə məsləhətçi kimi işləyib. Elə həmin illərdən də pedaqoji fəaliyyətindən uzaqlaşaraq ədəbiyyata, sözə bağlanıb.
1950-1960-cı illərdə Novruz Gəncəli "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində tənqid şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Baş Mətbuat İdarəsində və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində təlimatçı kimi fəaliyyət göstərib. 1960-1976-cı illərdə isə "Azərbaycan" jurnalında baş redaktorun müavini vəzifəsində çalışıb.
Bədii yaradıcılığa erkən yaşlarından başlayan şairin ilk kitabı olan "Odlu ürəklər"dən sonra "Unudulmaz günlər", "Şeirlər", "Dalğalar", "Mənim mahnılarım", "Üç dost", "Könüllər açılanda", "Unuda bilmirəm", "İnsan və qızılgül", "Pyeslər", "Şah və tutuquşu", "Seçilmiş əsərlər", "İnsan, od, su", "Ədəbi dost" və başqa şeir kitabları nəşr edilib. Novruz Gəncəli bədii yaradıcılıqla yanaşı, tərcümə işi ilə də məşğul olub. Dünyaca tanınmış yazıçı və şairlər C.Bayronun "Gavur", Y.Çarentsin "Hamı üçün" poemalarını, A.Makayonokun "Tribunal", C.Patrikin "Missis Sevinc", B.Brextin "Kuraj ana və onun uşaqları" pyeslərini, eləcə də şeirlərini doğma dilimizə çevirib.
O həm də bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orjinal səpgili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər yazıb. Ədibin komediyalardan ibarət kitabı Moskvada "Sovetski pisatel" nəşriyyatında rus dilində nəşr olunub, pyesləri rus dramaturqları tərəfindən tərcümə edilib.
Novruz Gəncəlinin şeirlərinə çoxsaylı mahnılar bəstələnib. Bu mahnılardan biri "Ananın səsi"dir. Şairin eyni adlı şeirinə bəstələnmiş mahnı təkcə ölkəmizdə deyil, bütün dünyada tanınmışdır. Çünki şeirdə şair müharibələrə, qan tökülməyə yox deyir, sülhü, əmin-amanlığı təbliğ edir. Yer üzündə yaşayan bütün insanları sülhə səsləyir:
Ana qəlbim odlanır,
Söz düşəndə davadan.
Bəs deyilmi, ey insanlar,
Töküldü qan, axdı qan?
Bəs deyilmi qara torpaq
Su içdi göz yaşından.
Yer üzündə dostu olsun,
Gərək insan insanın,
Qəlbimdəki bu arzular,
Arzusudur zamanın.
Mən anayam bu səsimdə
Yerin, göyün, dərdi var.
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar!
Mahnının musiqisi görkəmli bəstəkar Ələkbər Tağıyevə məxsusdur. Mahnını tanınmış müğənnilər Zeynəb Xanlarova, Rübabə Muradova, Fatma Mehrəliyeva və başqaları oxumuşlar. Çox qəribədir ki, "Ananın səsi" şeiri və mahnısı bu gün də aktualdır.
Novruz Gəncəli 1995-ci il oktyabrın 19-da Bakıda vəfat edib, Maştağadakı Pirşəhid qəbiristanlığında dəfn olunub.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"