16 Sentyabr 2026 10:10
150
Mədəniyyət
A- A+
Rənglər dünyasında öz yeri olan sənətkar

Rənglər dünyasında öz yeri olan sənətkar


Yazıçı və şairlər fikirlərini, düşüncələrini sözlə, müğam ustaları musiqi ilə, rəssamlar isə rənglərin dili ilə ifadə edirlər. Bütün bunlar sənət sahiblərindən yüksək istedad, bacarıq və ən başlıcası, peşəkarlıq tələb edir. Belə sənətkarlardan biri də Oqtay Sadıqzadədir.

Özündən sonra bir-birindən maraqlı rəsm əsərləri qoymuş Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şair Ümgülsümün ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından rəssamlığa böyük həvəs göstərib. Rənglər dünyası hiss etmədən onu özünə cəlb edib. Anası Ümgülsüm xanım oğlunu şeir yazmağa həvəsləndirib, onu poeziya aləminə istiqamətləndirməyə çalışıb. Məqsədinə çatmaq üçün övladına özünün və başqa şairlərin şeirlərini oxuyub. Amma balaca Oqtay atasının da razılığı ilə rəssamlığı seçib. Bu sənətin sirlərinə dərindən yiyələnmək üçün 1935-ci ildə Bakı Rəssamlıq Texnikumuna qəbul olub. 1939-cu ildə təhsilini uğurla başa vurub. Çəkdiyi ilk əsərlər sənətşünaslar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Bu da Oqtay Sadıqzadəni yeni və maraqlı əsərlər çəkməyə, yaradıcılıq yollarında daha da inamlı addımlar atmağa həvəsləndirib. 

1941-ci ilin yanvarında Oqtay Moskvada oxuyan rəssam dostu Mikayıl Abdullayevdən bu məzmunda məktub alır: "Hörmətli qardaşım Oqtay, salam! Yeni il münasibətilə səni səmimi qəlbdən təbrik edir, cansağlığı, şən həyat və parlaq gələcək arzulayıram. Oqtay, Tretyakovkada "Sovet rəngkarlığı 23 ildə" sərgisi açılıb. Sənin "Çağırışçılar" əsərin ilə Sadıq Şərifzadənin "Kəndli" etüdü asılmışdı. Əsərini görəndə çox sevindim. Bizim gənclər arasında belə bir istedada malik olduğun üçün səni yenidən təbrik edirəm. Asan deyil, o sərgidə P.Konçalovski, İohanson, S.Gerasimov kimi korifeylərin işləri asılıb. Əlbəttə, bu, böyük müvəffəqiyyətdir".

Yaradıcılıq yollarında ilk addımlarını atan Oqtay Sadıqzadə məktubu oxuyandan sonra qazandığı ilk uğurlarına sevinib. Gələcəkdə daha da maraqlı, mənalı əsərlər yaradacağına inam artıb. Amma onun sevinci uzun çəkməyib. Elə bu ərəfədə, 1941-ci ildə repressiyaya məruz qalmış ailənin övladı olduğuna görə Oqtay Sadıqzadə Altay diyarına sürgün olunub. Həmin günlərdə onun 20 yaşı var idi. Bu sürgün Oqtay Sadıqzadə üçün böyük bir həyat məktəbi olub. Rəssam sürgün illərində çox ağır şəraitdə yaşayıb. Amma üzləşdiyi bu çətin şərait onun yaradıcılıq arzularını buxovlaya  bilməyib. Bu ağır, dözülməz vəziyyətdə də yaradıcılıq işlərindən ayrılmayıb. Sənəti özünə bir təsəlli, ümid və azadlıq duyğusu bilib. Axır ki, günlərin birində uzun çəkən əzab-əziyyətlərlə dolu sürgün həyatına son qoyulub. 

Oqtay Sadıqzadə 1946-cı ildə Bakıya qayıdıb. Həmişə maraq dairəsində olan kitab qrafikası ilə məşğul olmağa başlayıb. Çox keçməyib ki, bu sahədə diqqətçəkən uğurlar qazanıb. Oqtay Sadıqzadə yaradıcılıq işləri ilə yanaşı, təhsilini davam etdirmək arzusunu da unutmayıb. O, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olub, arzusunu reallaşdırıb. Oxuduğu illər ərzində rəssamlıq sənətinin sirlərinə dərindən yiyələnib. 1956-cı ildə qrafika ixtisası üzrə ali təhsilini uğurla başa vuraraq vətənə dönüb. Moskvadan qayıtdıqdan sonra Oqtay Sadıqzadə "Azərnəşr"də bədii redaktor kimi əmək fəaliyyətinə başlayıb. Nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə yeni nəfəs, yeni ruh gətirib. Həmin zamanlarda dünya təsviri sənətinin son nailiyyətlərindən bəhrələnən O.Sadıqzadə ədəbi fikrin qüdrətli simalarından Balzakın, Hüqonun, Turgenevin, Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və başqa söz adamlarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaratmağı böyük ustalıqla bacarıb. Bu əsərlərlə rəssam böyük istedad sahibi olduğunu bir daha təsdiq edib.

Rəssam Oqtay Sadıqzadə Azərbaycanın görkəmli şair və yazıçıları Hüseyn Cavidin bütün pyeslərinə, Cəlil Məmmədquluzadənin, Seyid Hüseynin, Cəfər Cabbarlının bir çox əsərlərinə, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib", Rəşad Nuri Güntəkinin "Çalı quşu" romanına maraqlı illüstrasiyalar çəkib. Bu illüstrasiyalarla həmin əsərlərə oxucu marağını, oxucu diqqətini daha da artırıb.

Rəssam Oqtay Sadıqzadənin əsərləri obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının bənzərsizliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilir və sevilir. Ona görə də bu əsərlər elə ilk baxışdan tamaşaçıları heyran qoyur, onları öz sehrinə salır. Müəllifin bu cür bənzərsiz əsərlərindən "Nizami Gəncəvi və dünya mədəniyyəti" adlı monumental silsilə, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, "1937-ci il repressiyasının qurbanları" tablosu və "Hüseyn Cavidin aləmi"nin və başqalarının adlarını çəkmək olar. 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Milli Azərbaycan Tarixi Muzeyinin, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatı zamanı rəssam Oqtay Sadıqzadənin əsərlərinə geniş yer verilmişdir. Oqtay Sadıqzadənin əsərlərində yaratdığı obrazlar canlı, zəngin və düşündürücüdür. Onun fırçasından çıxmış Azərbaycanın elm və mədəniyyət xadimlərinin portretləri elə ilk baxışdan diqqəti cəlb edir. Çünki bu əsərlərin dərin qatlarında insan qəlbinin sirlərinə nüfuz etmək, qəhrəmanlarını sevmək, xeyirxahlığın və humanizmin qələbəsinə inam hissi aparıcı yer tutur.

Görkəmli fırça ustasının əsərləri bir çox dövlət və ev-muzeylərində, həmçinin Dövlət Şəkil Qalereyasında və Almaniya, ABŞ, Kanada, İsrail, Belorus və Pakistanda şəxsi kolleksiyalarda qorunub saxlanılır.

 Görkəmli rəssam Oqtay Sadıqzadənin təsviri sənətin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, müxtəlif illərdə Azərbaycan Əməkdar incəsənət xadimi fəxri adına, Azərbaycan Xalq rəssamı adına və Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Rəssam "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib. 

Oqtay Sadıqzadə 20 dekabr 2014-cü ildə 93 yaşında Bakı şəhərində vəfat edib. 


 V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyan davamlı sülhdə maraqlıdırsa, revanşizmin kökünü kəsməlidir

10:40
16 Sentyabr

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik Günü" keçirilib

10:30
16 Sentyabr

Diplomatların gözü ilə yenilənən Qarabağ: sülhə aparan yol və İrəvanın əsassız reaksiyası

10:26
16 Sentyabr

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

10:20
16 Sentyabr

Rənglər dünyasında öz yeri olan sənətkar

10:10
16 Sentyabr

Tək "Ananın səsi" şeiri bəs edir ki, ədəbiyyat tariximizdə əbədi yaşasın

10:00
16 Sentyabr

Zamanı lentə alan sənətkar...

09:50
16 Sentyabr

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?

09:47
16 Sentyabr

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

09:47
16 Sentyabr

INPEX Azərbaycanda fəaliyyətini şaxələndirmək niyyətindədir

09:40
16 Sentyabr

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

09:30
16 Sentyabr

Şəmkirdə balıqçılıq inkişaf etdirilir

09:30
16 Sentyabr

Böyük qayıdışın məşğulluq gündəliyi

09:20
16 Sentyabr

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

Pekində 13-cü Syanşan Forumu keçirilir

08:45
16 Sentyabr

ABŞ kosmosdan hərbi istifadəni normallaşdırmağa çalışır

08:42
16 Sentyabr

Dağların qoynunda yenidən boy atan Kəlbəcər

08:40
16 Sentyabr

"Azərbaycan-Özbəkistan biznes-barometri" təqdim edilib

08:30
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!