Ermənistan ilə Azərbaycan arasında ardıcıl dialoqlar aparılması, razılaşmalar əldə edilməsi, həm də ümumilikdə regionda dayanıqlı sülh üçün münbit şərait yaradıb.
Bu baxımdan iki ölkə arasında delimitasiya və demarkasiya prosesinin aparılması, Qazax rayonunun dörd kəndinin azad edilməsi kimi sülh istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən də təqdirlə qarşılanıb. Dörd qeyri-anklav kəndin qaytarılması ilə bağlı Ermənistan-Azərbaycan arasında əldə olunan razılaşma nüfuzlu beynəlxalq təşkilatlar, eyni zamanda əksər ölkələr tərəfindən alqışlanır, bunun sülh prosesində mühüm irəliləyişlər olduğu vurğulanır.
Mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Prezident İlham Əliyevlə telefon söhbəti zamanı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib. Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, həm də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını bildirib.
Bölgədə yeni reallıqlar yaranıb
Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqlarının bir güllə atılmadan qaytarılması, delimitasiya, demarkasiyanın Azərbaycanın şərtləri əsasında həyata keçirilməsi ölkəmizin növbəti zəfəridir.
Qeyd edək ki, razılaşmaya əsasən, rayonunun işğal altında olan kəndləri - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qeyd-şərtsiz qaytarılması məsələsini Prezident İlham Əliyev hələ 2020-ci ildə qaldırmış və ötən müddətdə bu mövzu daim gündəlikdə saxlanılmışdı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılacaq.
Bölgədə normallaşma ilə bağlı əldə olunan bu nailiyyətlər həm də Azərbaycanın sülh təşəbbüslərinin mühüm göstəricisidir. Çünki ölkəmiz torpaqlarının işğalı dövründə də daim sülhdən yana olmuş, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdı. Ancaq məsələnin danışıqlar yolu ilə həll olunması üçün missiyalandırılan ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa əməli addımlar atmış, əksinə, münaqişənin olduğu kimi qalması üçün əlindən gələni əsirgəməmişdi.
Mayın 10-da Şuşaya qayıdan ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi: "Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər".
Ancaq Azərbaycan həm siyasi həmlələri, diplomatik manevrləri ilə bölgədə maraqları olan məkrli qüvvələri məğlubiyyətə uğratdı, həm də hərb meydanında düşməni darmadağın edərək torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsindən sonrakı dövrdə də bəzi qərəzli Qərb ölkələri, xüsusilə Fransa Azərbaycanın zəfərini həzm edə bilmir, riyakarlıqla separatizmi dəstəkləyir, Ermənistanı revanşa qızışdırırdı. Amma 23 saatlıq antiterror tədbirləri ilə ölkəmizin Qarabağda separatizmin kökünü kəsməsi, suverenliyini tam bərpa etməsi, Xankəndidə bayrağını ucaltması ilə regionu müharibə meydanına çevirmək istəyən bəzi Qərb təsisatlarının planlarını alt-üst etdi. Onların Azərbaycanın sülh təşəbbüslərinə kölgə salmaq, barışa və normallaşmaya əngəl olmaq üçün bütün platformalarda başlatdıqları anti-Azərbaycan kampaniyası iflasa uğradıldı.
Eyni zamanda Azərbaycan 44 günlük müharibədən dərhal sonra hər vəchlə sülh prosesindən yayınmağa çalışan Ermənistana da təkmil sülh modeli təklif etmişdi, ancaq təxminən üç ilə yaxın müddətdə İrəvan müharibə eyforiyasından ayılmaq istəmədi və yenə də xarici dəstəkçilərinə güvənərək Azərbaycanın sülh təkliflərinə müsbət cavab vermirdi.
"İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq?" - deyə Şuşada sözügedən görüşdə dövlət başçısı bu bölgəyə maraq göstərənlərin diqqətinə bir daha çatdırdı ki, bundan sonra Azərbaycanla hesablaşmadan bölgədə bir addım da atılmamalıdır.
Sülh vəd edən addımlar
Artıq bölgədən min kilometrlərlə uzaqda yaşayan havadarlarının pis məsləhətlərinə qulaq asmağın Ermənistan üçün yaxşı nələrsə vəd etmədiyini, əksinə, onu təhlükələrə sürüklədiyini anlayan İrəvan da son dönəmlərdə, necə deyərlər, qurtuluşunun yalnız sülh müqaviləsinin imzalanmasından keçməsini anlayır. Buna görədir ki, xüsusilə 2024-cü ildə bölgədə sülh istiqamətində müəyyən müsbət tendensiyalara nail olunub.
Qeyd edək ki, bu il il fevralın 28-29-da Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqlar aparıblar. Mayın 10-11-də isə XİN rəhbərləri Qazaxıstanda görüşüblər. Almatıda nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.
Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların doqquzuncu görüşü keçirilib və bu görüş də vacib əhəmiyyəti ilə diqqət çəkib.
Azərbaycanın sülh səyləri nəticəsində nəhayət ki, onilliklərin ardından bölgədə silah səsləri susub. Məsələlər danışıqlar yolu ilə həll edilir, problemlər masa arxasında çözülür. İki ölkənin sadalanan müsbət inkişaf tempini heç bir vasitəçiyə ehtiyac duymadan yaxalaması isə bir başqa mühüm nailiyyətdir.
Göründüyü kimi, ölkəmizin davamlı sülh təşəbbüsləri və bu yöndə atdığı real addımlar nəinki Ermənistan-Azərbaycan münasibətlərinin getdikcə normallaşmasına, ümumilikdə Cənubi Qafqazda tamamilə təhlükəsizlik, sülh vəd edən tarixi şəraitə yol açıb.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"