03 Noyabr 2026 08:10
349
SİYASƏT
A- A+
Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır


Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqi beynəlxalq münasibətlər sisteminin üzləşdiyi fundamental problemlərin, xüsusilə beynəlxalq hüququn selektiv tətbiqinin, ikili standartların və dövlətlərin suveren hüquqlarına münasibətdə nümayiş etdirilən fərqli yanaşmaların mahiyyətini bir daha gündəmə gətirir. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın 30 il davam etmiş işğal təcrübəsinin siyasi-hüquqi qiymətləndirilməsi ilə yanaşı, həm də müasir beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi ilə əlaqədar prinsipial suallara cavab axtarışıdır.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında dedi ki, Prezidentin çıxışında yer alan qlobal əhəmiyyətli məsələlərdən biri beynəlxalq hüququn mövcudluğu ilə onun icrası arasındakı ziddiyyətlərin olmasıdır. Beynəlxalq münasibətlər sistemində hüquqi normaların qəbul edilməsi, qətnamələrin və bəyanatların verilməsi özlüyündə ədalətin təmin olunması anlamına gəlmir. Əksinə, bəzən "ədalətli münasibət" görüntüsü yaratmaq diqqətin real məzmundan yayındırılmasına xidmət edir. Mahiyyət etibarilə, əgər qəbul edilmiş qərarların icrasını təmin edən təsirli mexanizmlər mövcud deyilsə və hüquqi öhdəliklərin yerinə yetirilməsi siyasi maraqlardan asılı vəziyyətə düşürsə, beynəlxalq hüququn tənzimləyici funksiyası zəifləyir. Belə şəraitdə dövlətlərin hüquq qarşısında bərabərliyi prinsipi formal xarakter almaq, beynəlxalq institutların nüfuzu isə ciddi sınaqlarla üzləşmək təhlükəsi ilə qarşılaşır.

Deputat qeyd etdi ki, Azərbaycanın təcrübəsi bu problemin real nəticələrini göstərən nümunələrdəndir: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın təcavüzkar qüvvələrinin çıxarılması tələbini irəli sürsə də, uzun illər ərzində icra olunmadı. Nəticədə beynəlxalq hüququn müdafiəsi üçün yaradılmış institusional mexanizmlərin imkanları ilə onların praktik nəticələri arasında kəskin fərq və ziddiyyət yarandı. Məsələnin prinsipial tərəfi ondan ibarətdir ki, Təhlükəsizlik Şurasının qərarları beynəlxalq sülh və təhlükəsizliyin qorunması sistemində xüsusi hüquqi əhəmiyyətə malikdir. BMT Nizamnaməsinin 25-ci maddəsi üzv dövlətlərin Təhlükəsizlik Şurasının qərarlarını qəbul etməsini və yerinə yetirməsini nəzərdə tutur. Nizamnamənin 39-cu maddəsi şuraya sülhə təhdid, sülhün pozulması və ya təcavüz aktının mövcudluğunu müəyyənləşdirmək, 41-ci maddəsi isə silahlı qüvvədən istifadəni nəzərdə tutmayan tədbirlər barədə qərar qəbul etmək səlahiyyəti verir. Deməli, beynəlxalq təhlükəsizlik sisteminin əsas problemlərindən biri yalnız hüquqi qərarların qəbul edilməsi deyil, onların həyata keçirilməsi üçün siyasi iradənin və institusional imkanların təmin olunmasıdır. Uzunmüddətli işğal şəraitində qəbul edilmiş qətnamələrin icrasını təmin etmək üçün təsirli beynəlxalq tədbirlərin görülməməsi beynəlxalq ictimaiyyətin ardıcıllığı və kollektiv təhlükəsizlik mexanizmlərinin səmərəliliyini şübhə altına alır".

Deputat bildirdi ki, Prezident İlham Əliyevin ikili standartlarla bağlı mövqeyinin nə dərəcədə mühüm əhəmiyyətə malik olması da məhz bu kontekstdə üzə çıxır. Beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə münasibətdə ümumi xarakter daşımalıdır. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi onların iqtisadi imkanlarından, hərbi gücündən, konkret zaman kəsiyində beynəlxalq siyasi münasibətlər sistemində tutduğu mövqedən, əhalisinin sayından, ərazisinin böyüklüyündən asılı olmamalıdır. İkili standartlar problemi yalnız müəyyən münaqişələrə münasibətdə fərqli mövqelərin nümayiş etdirilməsi ilə məhdudlaşmır. Onun daha geniş təzahürü dövlətlərin suveren hüquqlarına və müstəqil seçimlərinə münasibətdə müşahidə olunur. "Hər bir dövlət beynəlxalq hüququn çərçivəsində öz siyasi, iqtisadi və sosial inkişaf modelini müəyyənləşdirmək, xarici siyasət prioritetlərini formalaşdırmaq və beynəlxalq əməkdaşlıq istiqamətlərini seçmək hüququna malikdir. Bu hüquqların siyasi maraqlar naminə məhdudlaşdırılmasına cəhd göstərilməsi, bir dövlətin seçimlərinə hörmətlə yanaşıldığı halda digər dövlətin analoji seçimlərinin təzyiq vasitəsinə çevrilməsi selektiv yanaşma problemini daha da dərinləşdirir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndində təsbit edilmiş suveren bərabərlik prinsipi, eləcə də Baş Assambleyanın 1970-ci ildə qəbul etdiyi 2625 saylı qətnamədə əksini tapmış dövlətlərin sərbəst seçimlərinə hörmət prinsipləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipi onların konstitusiya quruluşunu, siyasi sistemini və milli inkişaf prioritetlərini müstəqil müəyyənləşdirmək hüququnun qorunmasına xidmət edir", - deyə o əlavə etdi.

E.Mirzəbəyli dedi ki, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət yalnız diplomatik etiket məsələsi deyil, dövlətlərin bərabərhüquqlu tərəfdaşlar kimi qəbul edilməsinin əsas şərtidir. Hansısa bir dövlətin öz siyasi modelini, yaxud hansısa dövlətin rəsmisinin öz ideoloji baxışlarını universal ölçü kimi təqdim edərək digər xalqların seçimlərini ikinci dərəcəli hesab etməsi beynəlxalq əməkdaşlığın ruhuna uyğun gəlmir. Əgər dövlətlərdən qarşılıqlı hörmət və əməkdaşlıq gözlənilirsə, bu münasibətlərin əsasında suveren bərabərlik və hüquqi öhdəliklərə sadiqlik dayanmalıdır.

Deputat vurğuladı ki, Azərbaycanın təcrübəsi çox mühüm nəticəni ortaya qoyur və tamamilə obyektiv əsaslarla müəyyən edir ki, beynəlxalq hüququn səmərəliliyi yalnız onun normalarının mövcudluğu ilə deyil, həmin normaların həyata keçirilməsi üçün real mexanizmlərin işləməsi ilə ölçülür: "Əgər beynəlxalq təşkilatların qərarları uzun müddət kağız üzərində qalırsa, münaqişə tərəfləri hüquqi tələblərinin icrasız qalmasının ciddi nəticələr doğurmayacağı qənaətinə gələ bilərlər. Bu isə gələcəkdə oxşar pozuntuların qarşısının alınmasını çətinləşdirir və beynəlxalq təhlükəsizlik sisteminin çəkindirici imkanlarını zəiflədir. Bu gün dünyada mövcud olan münaqişələrin də səbəbləri ikili standartların və selektiv yanaşmaların uzun illər ərzində doğurduğu nəticələrdir. Prezident İlham Əliyevin çıxışında yer alan digər mühüm məqam Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərin, istisnasız olaraq milli iradə və xalqın zəhməti ilə bağlı olmasıdır. İşğal, dağıntılar və ağır sosial-iqtisadi çətinliklərlə üzləşmiş ölkənin inkişaf, iqtisadi tərəqqi və beynəlxalq əməkdaşlıq istiqamətində irəliləməsi dövlətin müstəqil qərarvermə qabiliyyətinin əhəmiyyətini göstərir. Azərbaycanın təcrübəsi milli inkişafın əsas şərtlərindən biri kimi siyasi müstəqilliyi, institusional imkanları və uzunmüddətli strateji məqsədlərə sadiqliyi ön plana çıxarır".

Deputat bildirdi ki, Prezident İlham Əliyevin forumun açılışındakı nitqi beynəlxalq münasibətlərdə hüquqi bərabərlik, qarşılıqlı hörmət və məsuliyyət məsələlərini bir daha gündəmə gətirdi. Bu çıxışın əsas mesajı ondan ibarətdir ki, beynəlxalq hüquq siyasi maraqlara uyğun seçilən vasitə deyil, bütün dövlətlərin əməl etməli olduğu ümumi davranış çərçivəsidir. Onun nüfuzu yalnız qəbul edilmiş sənədlərin sayı ilə deyil, həmin sənədlərin icrasının təmin olunması, hüquqi prinsiplərin ardıcıllığı ilə və dövlətlərin suveren hüquqlarına hörmətlə müəyyənləşir. Beynəlxalq ictimaiyyət yalnız bu prinsiplər əsasında ortaq mövqe formalaşdıra bildiyi halda münaqişələrin qarşısının alınması, beynəlxalq institutlara etimadın bərpası və dövlətlərarası əməkdaşlığın genişləndirilməsi üçün daha əlverişli şərait yarana bilər. "Prezident İlham Əliyevin fikirləri dövlətlərin suveren bərabərliyi prinsipinin müdafiəsi və beynəlxalq münasibətlərdə siyasi diktəçilik cəhdlərinin yolverilməzliyinə dair prinsipial mövqenin ifadəsidir. Heç bir dövlət özünü digərindən üstün tutaraq müstəqil ölkələrin daxili və xarici siyasətinə müdaxilə etmək, onların inkişaf modelini müəyyənləşdirmək və milli maraqlarına uyğun qərarlarına istiqamət vermək üçün müstəsna mənəvi və siyasi hüquqa malik deyil. Beynəlxalq münasibətlərdə həqiqi tərəfdaşlıq qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır. Azərbaycanın mövqeyi də məhz bu prinsiplərdən qaynaqlanır. Ölkəmiz öz suverenliyini və milli maraqlarını heç bir xarici diktənin predmeti hesab etmir, digər dövlətlərin də müstəqil seçimlərinə hörmətlə yanaşır. Suverenlik başqalarının iradəsinə tabe olmaq deyil, öz taleyini müstəqil müəyyənləşdirmək hüququdur. Bu hüquqa hörmət tələb etmək isə hər bir müstəqil dövlətin legitim mövqeyi və beynəlxalq hüququn fundamental prinsiplərindən irəli gələn haqqıdır", - deyə E.Mirzəbəyli əlavə etdi.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ZƏFƏR gündəliyi    

08:40
03 Noyabr

Bəşəriyyətin qənimi - müharibələr

08:35
03 Noyabr

Şəhid İbrahim Lələyevin xatirəsi anılıb

08:30
03 Noyabr

Kükrəyən qəlblər, susan məzarlar

08:25
03 Noyabr

Azərbaycanın humanitar diplomatiyası

08:20
03 Noyabr

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

08:15
03 Noyabr

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

08:10
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!