03 Noyabr 2026 08:20
305
SİYASƏT
A- A+
Azərbaycanın humanitar diplomatiyası

Azərbaycanın humanitar diplomatiyası


Leyla xanım Əliyevanın fəaliyyəti bu diplomatiyanın getdikcə daha geniş coğrafiyada həyata keçirildiyini göstərir


Mədəniyyətə münasibət, humanitar təşəbbüslər, ətraf mühitin qorunmasına verilən töhfələr, fərqli dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqi müasir dünyamızda dövlətlərin beynəlxalq imicinin formalaşmasında mühüm yer tutur. Mədəniyyət diplomatiyası xalqlar arasında etimadın möhkəmləndirilməsi, ortaq dəyərlərin müəyyənləşdirilməsi və uzunmüddətli tərəfdaşlıqların qurulması üçün əhəmiyyətli vasitə rolunu oynamaqdadır. 

Azərbaycanın bu istiqamətdəki fəaliyyətində Heydər Əliyev Fondunun təşəbbüslərinin xüsusi əhəmiyyəti var. Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın təkcə bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda və dünyanın müxtəlif ölkələrində iştirak etdiyi tədbirlər, keçirdiyi görüşlər, dəstəklədiyi təşəbbüslər bu fəaliyyətin neçə geniş istiqamətdə inkişaf etdiyini göstərir və bir-birini tamamlayan əsas xətti diqqətə çatdırır. Bu xətt milli-mədəni irsimizin beynəlxalq təqdimatı, ümumbəşəri humanitar dəyərlərin təşviqi, ekoloji problemlərə diqqətin artırılması, sosial həssas qrupların dəstəklənməsidir.


Vatikan səfəri yeni imkanlara yol açdı


Sentyabrın 29-da Leyla xanım Əliyevanın Vatikanda keçirdiyi görüşlər və iştirak etdiyi mədəni tədbirlər Azərbaycanla Müqəddəs Taxt-Tac arasında formalaşmış humanitar əməkdaşlığın davamlılığını nümayiş etdirirdi. Həmin gün "Səmavi dinlər" layihəsi çərçivəsində iudaizm, xristianlıq və islam dinlərinə həsr edilmiş Azərbaycan xalçalarının sərgisi açılmışdı. Sərginin ideyası özlüyündə mühüm məna daşıyırdı: fərqli dini ənənələr Azərbaycan xalçaçılıq sənətinin dili ilə təqdim olunurdu. Burada xalça dekorativ-tətbiqi sənət nümunəsi olmaqla yanaşı, eyni zamanda fərqli inanclar arasında dialoqun, mədəni yaddaşın və ortaq insani dəyərlərin bədii ifadəsi rolunu oynayırdı. Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti Raffaella Petrini də açılış mərasimində sərginin müxtəlif dinlər, xalqlar və mədəniyyətlər arasında dialoq imkanları yaratdığını vurğulamışdı. 

Belə tədbirlərin Azərbaycan üçün əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Əvvəla, milli sənət nümunələrinin beynəlxalq dini və mədəni məkanda nümayişi Azərbaycan mədəniyyətinin tanıdılmasına şərait yaradır. Digər tərəfdən, müsəlman əhalinin çoxluq təşkil etdiyi Azərbaycanın üç səmavi dinin ortaq dəyərlərini bir mədəni layihədə birləşdirməsi ölkəmizin dinlərarası dialoq sahəsində təqdim etdiyi yanaşmanı əyani şəkildə ifadə edir.

Leyla Əliyevanın Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü də bu baxımdan diqqətəlayiq idi. Görüşdə mədəniyyət, din və insani dəyərlər ətrafında əməkdaşlığın genişləndirilməsi, gələcək birgə proqramlar müzakirə olundu. Kardinal Azərbaycandakı dinlərarası həmrəylik təcrübəsini yüksək qiymətləndirdi. 

Vatikan səfərinin digər mühüm istiqaməti mədəni irsin qorunması ilə bağlı idi. Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüşdə katakombaların bərpası, gələcək restavrasiya layihələri və bu işlərə tələbə və mütəxəssislərin cəlb olunması imkanları müzakirə edildi. Raffaella Petrini ilə görüşdə isə Müqəddəs Pavel Bazilikasının və oradakı abidələrin bərpası, eləcə də "Bambino Gesu" xəstəxanası ilə pediatriya sahəsində əməkdaşlıq məsələlərinə diqqət yönəldi. Bu yanaşma mədəni irsin yalnız ayrı-ayrı xalqlara və dinlərə yox, bütövlükdə bəşəriyyətə məxsus dəyər kimi qəbul edilməsi prinsipinə əsaslanır.

Beynəlxalq baxımdan bunun əhəmiyyəti ondadır ki, mədəniyyətlərarası dialoq mücərrəd çağırışlarla məhdudlaşmır, tarixi abidələrin mühafizəsi, peşəkar təcrübə mübadiləsi və humanitar əməkdaşlıq kimi konkret fəaliyyət sahələrində davam edir.


Ana təbiətin dili ilə dünyaya ünvanlanan mesaj


Leyla Əliyevanın fəaliyyətində ekologiya mövzusu ayrıca və davamlı istiqamətdir. IDEA İctimai Birliyinin təsisçisi kimi onun təşəbbüslərində təbiətin mühafizəsi ekoloji problemdən daha çox cəmiyyətin mədəniyyətinə, həyat tərzinə və gələcək nəsillər qarşısındakı məsuliyyətinə aid məsələ kimi təqdim olunur. Bunun bariz nümunələrindən biri də MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisidir.

Sentyabrın 9-da Madriddəki Pons Fondunda açılan sərgi müxtəlif ölkələrdən olan rəssamları bir araya gətirərək insanla təbiət arasındakı münasibətlərə diqqət yönəltdi. Yada salaq ki, Leyla xanım Əliyevanın ideya müəllifi olduğu bu layihə ilk dəfə 2024-cü ildə Bakıda COP29 çərçivəsində təqdim edilmişdi. Onun sonrakı illərdə müxtəlif ölkələrdə nümayiş etdirilməsi ekoloji mövzunun beynəlxalq mədəni platforma vasitəsilə gündəmdə saxlanmasına xidmət göstərir. 

Sərginin oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda açılması isə layihənin coğrafiyasını daha da genişləndirdi. Bu tədbir Azərbaycan, Türkmənistan və Özbəkistan nümayəndələrinin iştirakı ilə mədəniyyət və ekologiya mövzularında fikir mübadiləsi üçün platforma yaratdı. 

MAMA layihəsinin fərqləndirici cəhəti ekoloji problemləri elmi hesabatlar, statistik göstəricilər və siyasi sənədlər çərçivəsindən çıxararaq, sənətin emosional dili vasitəsilə təqdim etməsidir. İqlim dəyişikliyi və biomüxtəlifliyin azalması kimi mürəkkəb problemlər incəsənət vasitəsilə daha geniş auditoriyaya çatır, bu isə xüsusilə gənclərin ekoloji maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki ekoloji məsuliyyətin formalaşması insanların təbiətə şəxsi münasibətinin dəyişməsindən çox asılıdır.

Leyla xanım Əliyevanın oktyabrın 19-da Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşündə Xəzər dənizinin səviyyəsinin enməsi problemini gündəmə gətirməsi xüsusi diqqət cəlb edir. Görüşdə su ehtiyatlarının qorunmasına yönələn "Bir damcı" layihəsi də xatırladıldı. 

Xəzərin səviyyəsinin dəyişməsi yalnız Azərbaycanın və ya Türkmənistanın problemi sayılmamalıdır. Bu məsələ sahilyanı ölkələrin ekosistemlərinə, iqtisadi fəaliyyətinə, infrastrukturuna və yerli icmalarına təsir göstərə biləcək regional çağırışdır. Belə bir mövzunun mədəni-humanitar platformalarda gündəmə gətirilməsi elmi və hökumətlərarası əməkdaşlığı əvəz etməsə də, müvafiq mövzulara ictimai diqqəti artırmaq, regional müzakirələrə təkan vermək və vətəndaşların ekoloji məsuliyyətini gücləndirmək baxımından əlavə imkan yaradır. Nəticədə Azərbaycanda formalaşan bir mədəni təşəbbüs həm ölkənin yaradıcı potensialını nümayiş etdirir, həm də qlobal ekoloji gündəliyə ictimai dəstək verməyin mümkün yollarından birini təqdim edir.

Leyla xanım Əliyevanın Türkmənistan və Özbəkistana səfərləri humanitar əməkdaşlığın yeni istiqamətlərini gündəmə gətirdi. Arkadağ şəhərində O.Atabayeva ilə keçirilən görüşdə Azərbaycan və Türkmənistan arasında xeyriyyə fondları səviyyəsində əməkdaşlıq, sosial-humanitar təşəbbüslər və ortaq ekoloji məsələlər də müzakirə olundu. Leyla xanım Əliyeva həmin gün Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə də tanış oldu, xüsusi qayğıya ehtiyac duyan uşaqların sağlamlığına və sosial inteqrasiyasına diqqət yönəltdi. Bu cür səfərlər müxtəlif ölkələrdə tətbiq olunan qayğı və reabilitasiya modellərinin öyrənilməsi, uğurlu təcrübələrin paylaşılması, gələcək birgə layihələrin formalaşdırılması üçün imkanlar yaradır.

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü bu əməkdaşlığın daha geniş regional müstəviyə keçməsi baxımından əlamətdar hadisə idi. Görüşdə uşaqların rifahı, humanitar dəyərlər, ətraf mühitin mühafizəsi və ortaq təşəbbüslərin əhəmiyyəti diqqət mərkəzində oldu. 

Azərbaycanı, Türkmənistanı və Özbəkistanı ortaq tarixi-mədəni köklər birləşdirir. Lakin müasir dövrdə bu yaxınlığın praktik nəticələr verməsi üçün əməkdaşlığın sosial müdafiə, təhsil, səhiyyə və ekologiya kimi sahələri də əhatə etməsi vacibdir. Humanitar təşəbbüslər türk dövlətləri arasındakı münasibətlərdə insan amilini gücləndirir. Bu isə əməkdaşlığın yalnız iqtisadi və siyasi məsələlərlə məhdudlaşmaması, insanların gündəlik həyatına təsir göstərə biləcək layihələrlə tamamlanması baxımından dəyərlidir. 

Leyla xanım Əliyevanın Özbəkistana səfəri çərçivəsində Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış təhsil və reabilitasiya mərkəzləri ilə tanışlığı da həmin fəaliyyət xəttinin davamı idi. Bu səfər uşaqların sağlamlığı, inklüziv təhsil və sosial xidmətlər sahəsində beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini ön plana çıxardı. 


Qlobal humanitar məsuliyyət


Oktyabrın 28-də Bakıda Leyla Əliyevanın iki nüfuzlu beynəlxalq təşkilatın rəhbər nümayəndələri ilə görüşləri Heydər Əliyev Fondunun fəaliyyətinin coğrafi və tematik baxımdan geniş imkanlara malik olduğunu göstərdi. ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşdə Heydər Əliyev Fondu ilə təşkilat arasında elm, təhsil, mədəniyyət və yeni texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu. Bu əməkdaşlığın xüsusilə diqqətəlayiq tərəfi humanitar yardımın yalnız Azərbaycanla və ya yaxın regionla məhdudlaşmamasıdır. Görüşdə 2025-ci ildə Burkina-Faso və Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivliyinin dəstəklənməsi istiqamətində imzalanmış saziş də yada salındı. Eyni zamanda Heydər Əliyev Fondunun təhsil və sosial dəstək layihələrinə görə 2025-ci ildə "Həmdan-ICESCO" mükafatına layiq görüldüyü qeyd olundu. 

Afrikada münaqişələrdən əziyyət çəkmiş qadınların dəstəklənməsinə yönələn bu əməkdaşlıq mühüm sosial məna daşıyır. Çünki münaqişələrin nəticələri yalnız təhlükəsizlik və iqtisadiyyatla bağlı olmur. Təhsil imkanlarının itirilməsi, məşğulluğun azalması və sosial təcrid xüsusilə qadınların və uşaqların həyatına uzunmüddətli təsir göstərir. Qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsinə yönəlmiş proqramlar bu problemlərin azaldılmasına töhfə verir. Burada Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa qatılması həm təcrübə mübadiləsi, həm də müxtəlif regionlardakı sosial problemlərin həllində tərəfdaşlıq imkanları baxımından əhəmiyyətlidir.

Leyla xanım Əliyevanın eyni gündə UNESCO-nun baş direktorunun müavini Asa Regner ilə görüşündə isə mədəni irsin qorunması, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirildi. UNESCO və ICESCO ilə münasibətlər Azərbaycanın mədəni və humanitar təşəbbüslərinin beynəlxalq institutlarla əlaqələndirilməsi baxımından fərqli, amma bir-birini tamamlayan imkanlar yaradır.

Bir tərəfdən UNESCO ilə əməkdaşlıq mədəni irsin qorunması, təhsil və elmi əməkdaşlıq məsələlərini qlobal gündəmlə əlaqələndirir, digər tərəfdən ICESCO ilə tərəfdaşlıq islam dünyasında və ondan kənarda humanitar layihələrin həyata keçirilməsi üçün əlavə platformalar təqdim edir. Bu kontekstdə oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ICESCO-nun Azərbaycana həsr edilmiş "Sülh kitabı"nın üçüncü nəşrinin təqdimatı da diqqətəlayiq hadisə idi. "Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm" adlı nəşr gənclərin baxışları vasitəsilə sülh və birgəyaşayış mövzularını gündəmə gətirdi. Bu təşəbbüslərin ortaq xüsusiyyəti dialoq anlayışına təhsil, mədəniyyət, inklüzivlik və humanitar əməkdaşlıqla əlaqəli bir proses kimi yanaşılmasındadır.

Leyla Əliyevanın son aylara dair fəaliyyətində Alyona xanım Əliyeva ilə birgə Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının, eləcə də Göylər kəndində yeni məktəbəqədər təhsil müəssisəsinin açılışında iştirakı da xüsusi yer tutur. Regionlarımızda məktəbəqədər təhsil müəssisələrinin yaradılması uzunmüddətli sosial inkişaf baxımından əhəmiyyətlidir. Erkən yaşlarda keyfiyyətli təhsil uşaqların idrak, ünsiyyət və sosial bacarıqlarının formalaşmasına dəstək verir, gələcək təhsil həyatına hazırlıq imkanlarını genişləndirir. Bölgələrimizdə məktəbəqədər təhsilə əlçatanlığın artırılması valideynlərin, o cümlədən anaların məşğulluq imkanlarına da müsbət təsir göstərir. 


Azərbaycan mədəniyyətinin himayədarlıq missiyası


Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ölkəmizin mədəni həyatında mühüm hadisələrdən sayılır. Festival Azərbaycan musiqisinin klassik irsinin yaşadılması, milli bəstəkarlıq məktəbinin tanıdılması və beynəlxalq musiqi əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Üzeyir Hacıbəyli irsi Azərbaycan mədəniyyətinin milli xüsusiyyətlərlə dünya musiqi ənənələri arasında əlaqəsini təcəssüm etdirir. Belə bir irsin beynəlxalq festivallar vasitəsilə təqdim olunması həm mədəni yaddaşın qorunmasına, həm də yeni nəsillərin klassik musiqiyə marağının gücləndirilməsinə xidmət göstərir. Bu baxımdan fondun mədəniyyət sahəsində fəaliyyəti təkcə tarixi irsin bərpasını deyil, onun müasir auditoriyalara çatdırılması və beynəlxalq mədəni mübadilədə yaşadılması imkanlarını da əhatə edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın son iki aydakı fəaliyyəti Azərbaycanın mədəni və humanitar diplomatiyasının necə geniş coğrafiyada davam etdiyini, müxtəlif beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirildiyini göstərir. Bunun dəyəri isə onların yaratdığı dialoqun konkret layihələrə, davamlı tərəfdaşlıqlara və insanların həyatında hiss olunan nəticələrə çevrilməsindədir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ZƏFƏR gündəliyi    

08:40
03 Noyabr

Bəşəriyyətin qənimi - müharibələr

08:35
03 Noyabr

Şəhid İbrahim Lələyevin xatirəsi anılıb

08:30
03 Noyabr

Kükrəyən qəlblər, susan məzarlar

08:25
03 Noyabr

Azərbaycanın humanitar diplomatiyası

08:20
03 Noyabr

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

08:15
03 Noyabr

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

08:10
03 Noyabr

Makron vətəndaşların sosial tələblərinə qarşı xüsusi təyinatlıları çıxarır

08:05
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!