Zəfər seçkiləri İlham Əliyevin xalq tərəfindən Xilaskar Lider kimi qəbul edildiyini bir daha təsdiqlədi
* 72 beynəlxalq təşkilat;
* 89 ölkədən gəlmiş 790 beynəlxalq müşahidəçi;
* 190 xarici media qurumunun 200-dən artıq aparıcı media nümayəndəsi;
* 14 siyasi partiyanın 50 mindən artıq müşahidəçisi;
* 109 beynəlxalq media təşkilatlarından 216 jurnalist;
Zəfər seçkilərində xalqın mütləq əksəriyyətindən, yəni 92,12 faiz səslə və ya 4 milyon 567 min 458 nəfər vətəndaşdan etimad mandatı almaqla yenidən İlham Əliyevin prezident seçilməsi dünyaya göstərdi ki, Azərbaycanda Zəfər Komandanının alternativi yoxdur. İlham Əliyevin digər namizədlər arasında səs fərqinin 40 dəfədən çox olması bunu təsdiqləyən reallıqdır.
Bu səçkilər dünyaya göstərdi ki, xalq İlham Əliyevi Xilaskar Lider kimi qəbul edir və Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli məzununun Azərbaycana hələ çox zəfərlər, qələbələr qazandıracağına bu gün də inanır, güvənir. Elə 7 fevral günü bir sıra seçki məntəqələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurdakı seçki məntəqələrində seçicilərin 100 faizinin öz səslərini İlham Əliyevə verməsi də buna bir misaldır. İlham Əliyevin ətrafında səfərbər olan xalq Azərbaycanın yüksəlişinin davamına səs verdi.
Xalqın inandığı, etimad etdiyi İlham Əliyev bu güvəni 20 ildə həyata keçirdiyi tam müstəqil, qətiyyətli, prinsipial siyasətlə qazanıb. 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən əlini Konstitusiyaya və "Qurani-Kərimə" basaraq and içən İlham Əliyev 20 ildə verdiyi bütün vədləri gerçəkləşdirməyi bacardı. Əlbəttə ki, yeni əsrin yeni liderinin qazandığı uğurlar təkcə gerçəkləşdirilən vədlərdən ibarət deyildir. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçdi. İlham Əliyev tam müstəqil siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxararaq ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdi.
İlham Əliyev cəmi 20 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı tərəfdaş, sözünə və vədinə sadiq lider, ən arzuolunan dövlət başçısı, qlobalmiqyaslı layihələrin müəllifi və əsl komandan kimi tanıtmağa müvəffəq oldu. Bu, ilk növbədə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən 4 dövlət proqramı (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023) Azərbaycanın, xüsusən də onun bölgələrinin simasını büsbütün dəyişdi. Bir vaxtlar özünün təbii sərvətləri olduğu halda enerjiyə olan təlabatını idxal hesabına ödəyən dövlətimiz az keçmədi ki, dünyaya enerji ixrac etməyə başladı.
Son 20 il ərzində ümumi daxili məhsul dörd dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə on dəfədən çox artdı. Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olsa da, hazırda bu göstərici ölkədə 5,5 faiz təşkil edir. Son 20 ildir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin cərgəsindədir.
İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Diplomatik məharəti hesabına İlham Əliyevin son 20 il ərzində ölkəmizin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində etdiyi çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Azərbayan Avropanın enerji xəritəsini dəyişdi və bu gün qüdrətli dövlət kimi mühüm transmilli layihələr reallaşdırmaqla nüfuzunu gündən-günə yüksəldir.
İlham Əliyev atasının yolu ilə addımlayaraq uca şəxsiyyətin yarımçıq qalan taleyüklü işlərini, planlarını gerçəkləşdirmək istiqamətində misilsiz işlər gördü. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyev həm də adını Azərbaycan tarixinə Zəfər sərkərdəsi kimi yazdırdı. 2023-cü ildə isə 200 illik erməni xülyasını birdəfəlik məhv etdi.
Əminliklə deyə bilərik ki, İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar İlham Əliyevin tam müstəqil siyasətinin təntənəsidir. Çünki dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 20 il ərzində Azərbaycan xalqı həmişə prezidentinə güvənib, ona ən güclü dayaq olub. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"