Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “adlı çərşənbə” də deyilir.
AZƏRTAC AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi dosent Şakir Albalıyevin Od çərşənbəsi haqqında qeydlərini təqdim edir.
Novruz bayramı və onun tərkib hissəsi olan ilaxır çərşənbələrinin bir əsrarəngizliyi də ondadır ki, bu zaman insan özünü təbiətlə bir sırada qoyur, özünü təbiətin bir parçası kimi görür və onunla eyniləşdirir. Bu baxımdan Od çərşənbəsində insan həm oda müqəddəs baxışlarını ortaya qoyur, həm od ilə təmasda olmaqla ondan faydalanır, həm də müqəddəs bildiyi odu qoruyub saxlamağı özünə borc bilir.
Od çərşənbəsi odla, istiliklə bağlı olaraq insanların oda inamlarını ifadə edib. Odun, işığın, enerjinin kainatdakı ən böyük və tükənməz mənbəyi Günəşdir. Günəş isə göyü, yeri (yerin altını da) isindirib, qızdırıb həyat enerjisi ilə külli-kainata dirilik bəxş edir.
Təbiətə və təbiətin ayrılmaz parçası olan insanlara həyat enerjisi – dirilik verən odun real həyatdakı funksiyası qədim mifik görüşlərdə də öz əksini tapıb. Mirça Eliadinin bu fikirləri də odun müqəddəs həyatvericilik missiyasını göstərir: “Od hansı təbiətə malik olmasından asılı olmayaraq, insanı “ruha” çevirir: məhz buna görə də şamanlar “odun sahibi” hesab olunur və közərmiş kömür onları yandırmır”.
Odun yandırıb məhv etmək təbiəti olsa da, közərmiş kömür belə şamanları yandırmadığından onlar odun sahibi sayılırlar; çünki müqəddəs od insanı ekstaz halına salır, başqa sözlə, insanı ruha çevirir. Odun insanı ruha çevirməsi isə insana mənəvi güc – enerji verməsi deməkdir. Bu mənada odun enerji – həyat mənbəyi olması özünü bu tərəfdən də nümayiş etdirir. Onu da qeyd edim ki, çərşənbə ocağının (eləcə də Novruz tonqalının) odu mifik şüurda müqəddəsliyi təmsil etdiyindən heç vaxt dağıdıcı fəsadlar (yanğın fəlakəti və s.) törətmir, həmçinin bu od heç vaxt insanları yandırmır, əksinə, insanları mənən yüngülləşdirir.
M.Eliadinin közərmiş kömürün şamanları yandırmaması barədə fikirləri ilə müqəddəs çərşənbə odunun bayram keçirənləri yandırmaması inancı üst-üstə düşür. Od çərşənbəsi insanları “ruha” çevirir, yəni insan ruhən təmizlənir, mənəvi gücə yiyələnir, mənən-ruhən güc toplayır, sağlam ruha yüklənir.
Azərbaycan mifoloji mətnlərindən birində deyilir: “Cinlər, əjdahalar Günəşin düşmənidirlər. Ona hücum edib boğmağa çalışırdılar. O zaman Günəşlə cinlər, əjdahalar arasında bərk dava düşür. Amma Günəş tək, cinlər, əjdahalar çox. Günəşin gücü bu davada tükənməyə başlayır. Onun qüvvəsi qurtardıqca cinlər, əjdahalar Günəşi daha da boğmağa çalışırlar.
Günəşin tək olduğunu, boğulduğunu görən adamlar ona kömək etməyə başlayırlar. Adamların yerdəki hücumunu görən cinlər, əjdahalar qorxub tez Günəşi buraxırlar. O saat da qaçıb dağılışırlar.
Davada Günəş çox boğulduğundan rənginə qızıl qan gəlir. Ona görə də Günəş tutulandan sonra rəngi qıpqırmızı olur”.
Günəşlə bağlı animistik təsəvvürlər aydın görünür. Bu mətn Azərbaycan xalqının mifik təsəvvürünü əks etdirdiyindən mətndəki adamlar da xalqımızı ifadə edir. Deməli, xalqımız Günəşə, oda tapınmaqla onu dirilik mənbəyi hesab etməklə yanaşı, eyni zamanda, Günəşin müdafiəçisi olub, onu canlı simada təsəvvür edib və yad qüvvələrdən qorumağa çalışıb. Bu mənada ilaxır çərşənbələrdən birinin Günəşə, Günəşin bəlgəsi sayılan oda bağlanması da xalqımızın mifik baxışlarını ortaya qoyur.
Od çərşənbəsi xalqımızın təfəkküründə mifik çağlardan bu günədək müxtəlif dini və dünyəvi dünyagörüşləri ilə qovuşub və çarpazlaşıb, mərasim mədəniyyətimizdə, məişətimizdə möhkəmlənib.
Bu günün mərasiminin keçirilməsində başlıca arzu-niyyət yaz gecə-gündüz bərabərliyini gətirən və günəşli günlərin uzanmasına aparan Novruz günəşini, yaz günəşini çağırmaqdan, müqəddəs bildikləri Günəşin hərarətinə isinməkdən və bu istidə yeni həyat nəfəsi qazanmaqdan ibarətdir. Çünki Günəş həyat mənbəyidir, Günəş şüası olmasa, onun hərarəti olmasa təbiətin canına isti keçməz və donmuş təbiət cana gəlməz. Günəş şüası olmasa, təbiətdə bitkilər aləmində həyat, dirilik üçün zəruri amil olan fotosintez prosesi getməz və canlılar aləmi üçün oksigen – təmiz hava yaranmaz. Deməli, od ünsürünün (odun mənbəyi olan Günəşin) olmaması digər bir yaradıcı ünsürün – havanın (dirilik üçün çox vacib olan təmiz havanın, yeni havanın) olmamasına gətirib çıxarar. Deməli, yaradıcı ünsür olan od özlüyündə həm də hava ünsürünün yaranmasını şərtləndirir. Buradan o nəticə çıxır ki, Günəş təkcə odun təmsilçisi deyil, həmçinin havanın yaranması üçün əsaslı zəmin rolunu oynayır.
Beləliklə, Od çərşənbəsindəki od ünsürü mahiyyətcə Günəşlə sıx bağlıdır. Günəş isə həyat, dirilik mənbəyi olmaqla təkcə istiliyi – odu deyil, həmçinin yağışı – su ünsürünü də, hava ünsürünü də, hələ desək, göydən yerə - torpağa nur (od) ələməklə torpaq ünsürünü də canlandırıb hərəkətə gəlməsinə stimul yaradır. Bu məntiqdən hesaba aldıqda, Od çərşənbəsi təkcə bir yaradılış ünsürü ilə məhdudlaşmır, digər yaradılış ünsürləri olan su, yel (hava) və torpağa da stimulverici güc bəxş edir.