Göygöl kənd təsərrüfatı və turizm sahəsində zəngin potensiala malik olmaqla yanaşı, həm də üzümçülük və şərabçılıq ənənələri ilə seçilən rayondur. Tarixi alman irsi ilə iç-içə olan Göygöl şəhəri bu sahədə illərdir formalaşmış istehsal mədəniyyəti və məhsul keyfiyyəti ilə tanınır.
Göygöldə şərab istehsalının ilkin tarixi 1860-cı ilə təsadüf edir. Bu tarix Azərbaycanda genişmiqyaslı şərabçılıq sənayesinin yaranmasının və onun sonrakı inkişafının başlanğıcı hesab olunur. Azərbaycanda ilk konyak zavodunun 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhəri) Forer qardaşları tərəfindən təməli qoyulmuşdur. 1895-ci ildə isə Hummel qardaşları tərəfindən Helenendorfda konyak zavodu açılmışdır.
Bu gün də bölgənin aparıcı istehsalçıları həm ənənəvi istehsal üsullarını qorumaqla, həm də müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın brendi kimi və konyak istehsalında lider mövqelərini qoruyub saxlayır, məhsul keyfiyyəti ilə beynəlxalq bazarlarda tanınırlar.
Bu dəyərli irsin qorunması, inkişafı və yerli məhsulların tanıdılması məqsədilə müxtəlif təşəbbüslər həyata keçirilir. Növbəti belə tədbir rayon icra hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və özəl qurumların tərəfdaşlığı ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında keçirilən "Göygöl Brendi - Konyak Günü" olmuşdur. Tədbirin açılış mərasimində Almaniya Federativ Respublikasının, İsveç Krallığının, Latviya Respublikasının, Avstriya Respublikasının, İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, rayonun Aqrar İnnovasiya Mərkəzinin, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbərləri iştirak etmişlər.
Proqram çərçivəsində müxtəlif brendli konyak və üzüm məhsullarının təqdimatı, dequstasiyası və satış yarmarkalarının təşkili, içki istehsalı üzrə ustad dərsləri və brendi üzrə peşəkar yarışlar keçirilmişdir. Həmçinin tədbir iştirakçılarına zövqlü musiqi proqramları, klassik musiqi axşamları, milli mətbəx guşələri, əl işləri sərgiləri təqdim olunmuşdur.
MDB Oyunları ilə bu tədbirin üst-üstə düşməsi Göygölə gələn yerli və xarici qonaqlara xoş anlar yaşatmaqla yanaşı, yerli məhsulların daha geniş auditoriyaya tanıdılmasına, bölgənin turizm və istehsal potensialının nümayişinə xidmət etmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"