Mənim adım Pradipdir və Nepaldan gəlmişəm. Nepalda iqlim dəyişikliyi ilə bağlı layihədə çalışıram. Bu, mənim beşinci COP konfransımdır. Bu konfransda gündəlikdə duran bir neçə mühüm mövzular müzakirə edilir. Onlardan biri maliyyə ilə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı nepallı iştirakçı Pradip Bhattaray deyib.
O qeyd edib ki, dünya ictimaiyyəti maliyyə məsələsində tərəflərin hansı razılığa gələcəyini maraqla gözləyirlər.
“COP29-dan gözləntilərim odur ki, inkişaf etməkdə olan ölkələr, o cümlədən Nepal, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün zəruri maliyyə resurslarına malik olsunlar. Bir çox ölkə, o cümlədən Nepal iqlimlə bağlı müxtəlif problemlərlə üzləşir. Bu problemlərlə mübarizə aparmaq, adaptasiya tədbirləri görmək və eyni zamanda bir neçə azaldıcı layihəni həyata keçirmək üçün maliyyəyə ehtiyac var. Ümid edirəm ki, bu COP konfransı inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməklə iqlim ədalətinə nail olacaq. Maliyyə ilə yanaşı, karbon emissiyalarının azaldılması üçün də addımlar atılmalıdır. Ümid edirəm ki, inkişaf etmiş ölkələr emissiyaların qlobal miqyasda azaldılması üçün birgə fəaliyyət göstərəcək. Yalnız birgə səylərlə daha yaşıl və davamlı bir gələcək üçün çalışa bilərik”, - deyə nepallı iştirakçı vurğulayıb.
Tədbirin təşkilatçılığından söz açan iştirakçı bildirib ki, burada lazım olan yerləri tapmaq üçün kifayət qədər yönləndirici işarələr var: “Xüsusilə könüllülər çox yardımsevərdirlər və onlara verdiyimiz bütün suallara cavab verməyə çalışırlar. Bundan əlavə, Azərbaycan xalqını da çox mehriban və qonaqpərvər hesab edirəm. İnsanlar bizə yardım etmək üçün əllərindən gələni edirlər. Bakı şəhəri isə çox gözəl və cazibədardır. Konfransın keçirildiyi məkan geniş və səliqəlidir. Hər hansı bir otağı və ya məkanı tapmaq asandır. Bəzi yerlərdə çox gəzmək lazım gəlsə də, ümumi təşkilatçılıq yüksək səviyyədədir”.