COP29 konfransının doqquzuncu günündə rəsmi danışıqların aparıldığı Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən idarə olunan və geniş ictimaiyyətə xitab edən Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir. Noyabrın 19-da COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Dayanıqlı inkişaf üzrə tərəfdaşı “Azersun Holding”in dayanıqlı turizm mövzusunda birgə panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Slou Fud” (Slow Food), zəif effekt: Yerli aqroməhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi” adlı tədbirdə bir araya gələn ekspertlər, dayanıqlılıq tədqiqatçıları, iş dünyasının liderləri və turizm peşəkarları "slou fud" hərəkatı və dayanıqlı kənd təsərrüfatı prinsiplərinin aşağıtəsirli turizmin inkişafında necə rol oynayacağını müzakirə ediblər.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində Dayanıqlılıq və Davamlı İnkişaf Mərkəzinin (CRSD) Təsisçisi və Araşdırma Mərkəzinin direktoru, Kembric Universitetinin Mühəndislik və Torpaq İqtisadiyyatı Departamentinin dosenti dr.Nazia Mintz Habib, uqandalı aqronom və “Slow Food” hərəkatının prezidenti Eduard Mukiibi, “Azersun Holding”in baş direktoru və idarə heyətinin üzvü Mehmet Savaş Uzun, COP29-un dayanıqlı inkişaf üzrə baş məsləhətçisi Marina Olşanskaya, dayanıqlı kənd təsərrüfatı layihələrinin təşəbbüskarı Fərid Axundov iştirak ediblər. Panel iştirakçıları yerli kənd təsərrüfatı məhsullarının və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin qida sənayesinin karbon emissiyalarını azaltmaq və ekoloji cəhətdən uyğun turizm təcrübələrini təşviq etməkdə oynayacağı rolu müzakirə ediblər. Müzakirə zamanı vurğulanıb ki, yerli kənd təsərrüfatı məhsullarına üstünlük verərək və dayanıqlı kənd təsərrüfatı təcrübələrini dəstəkləyərək, turizmin yaratdığı karbon emissiyalarını azaltmaq, səyahət təcrübəsini zənginləşdirmək və daha yaşıl, eyni zamanda, dayanıqlı bir gələcəyə töhfə vermək mümkündür.
Qeyd edək ki, adıçəkilən panel müzakirəsi ilə yanaşı, Yaşıl Zonada gün ərzində digər tədbirlər də keçirilib. Bu tədbirlər çərçivəsində iqlim fəaliyyətində özəl sektorun iştirakı, Xəzər hövzəsinin təbii irsinin qorunub saxlanmasına üstünlük verərək, Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatında qabaqcıl təşəbbüsləri və keyfiyyətli qidaya çıxışla bağlı aktual problemlər, iqlim dəyişmələri və kənd təsərrüfatı üzrə ixtisaslaşmış beynəlxalq təşkilat və qurumlarla strateji əməkdaşlığı kimi mövzuların müzakirəsində yerli və xarici ekspert iştirak ediblər.