BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərinin Rio-de-Janeyroda keçirilən sammitində çıxışı zamanı COP29-un uğurla keçirilməsinin vacibliyini vurğulayıb.
AZƏRTAC xəbər verir ki, o, çıxışında Bakıda keçirilən COP29-un müvəffəqiyyət qazanmasının qlobal iqlim tədbirlərində həlledici rol oynayacağını bildirib: “Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksək ambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik. Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyət planlarının hazırlanmasında ambisiyalar azalar və geri dönüşü olmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq”.
A.Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-un Braziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır. O, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçün güzəştli ictimai maliyyə vəsaitlərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Baş katib qlobal iqlim böhranının kritik həddə çatdığını deyib: “Əgər qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmasaq, fəlakətli nəticələrlə üzləşəcəyik”.
O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı tədbirlər görməyə çağıraraq, G20 ölkələrinin qlobal emissiyaların 80 faizinə cavabdeh olduğunu xatırladıb: “Yeni milli iqlim planları konkret emissiya azaldılması hədəflərini ehtiva etməli, bütün sektorları və istixana qazlarını əhatə etməlidir”.
Bundan əlavə, Baş katib iqlim dezinformasiyası ilə mübarizə məqsədilə BMT, Braziliya və UNESCO-nun “İqlim dəyişikliyi üzrə məlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs” adlı yeni layihəyə start verəcəyini elan edib.
Sonda A.Quterreş bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin, iqtisadiyyatların şaxələndirilməsinin və ədalətli keçidin təmin olunmasının vacibliyini vurğulayıb.