İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin olunması məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı" qəbul edilmiş və hazırda icra olunur.
Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 12 milyard manatadək vəsait yönəldilmiş, mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilmiş, onlarca yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə 1276 ailə və ya 5042 nəfərin məskunlaşması təmin edilmişdir.
2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaqdır.
Böyük Qayıdışa dair Dövlət Proqramı
Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.
Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Böyük Qayıdış strategiyası
Strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.
Böyük Qayıdışın hədəfləri
* Ərazilərin minalardan təmizlənməsinin davam etdirilməsi;
* Təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili;
* Ərazilərdə müasir yaşayış məntəqələrinin - şəhər, qəsəbə və kəndlərin tikintisi;
* Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması;
* Əhalinin geri qayıdışının və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bu məqsədlə ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası;
* Ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası;
* Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi.
Reallığa çevrilən Zəngəzur dəhlizi
Yeni nəqliyyat infrastrukturu "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
Ərazilərin bərpası və yenidən qurulması
* "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb.
* 2022-ci ilin 19 iyul tarixindən etibarən 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) ümumilikdə 1276 ailə olmaqla 5042 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.
* İşğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Füzuli şəhərində Özbəkistan Respublikası tərəfindən inşa edilən orta məktəb 2023-cü ilin 23 avqust tarixində istismara verilmiş, Qazaxıstan Respublikası tərəfindən inşa edilən uşaq musiqi məktəbinin tikintisi isə yekunlaşmaq üzrədir. Həmçinin Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır.
* 5 məktəb binası Füzuli, Laçın şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində istifadəyə verilib.
* Şuşa şəhərində 1 xəstəxananın tikintisi işlərinə başlanılıb.
* Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın və Kəlbəcər rayonlarında İşğal və Zəfər muzeyləri komplekslərinin (cəmi 8 kompleks) layihələndirilmə işləri davam edir.
* Turizmin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində 5 (Şuşa - "Qarabağ", "Xarı bülbül" hotelləri, Şuşa Hotel-Konqres Mərkəzi, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi) hotel və konqres mərkəzləri bərpa və yenidən inşa olunaraq istifadəyə verilib.
* Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi sürətlə davam etdirilir.
* Ümumi uzunluğu 2138 km olan 22 yol layihəsi üzrə 7 yol layihəsinin tikintisi artıq başa çatdırılıb.
* Uzunluğu 47,1 km olan Bərdə-Ağdam və uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam etdirilir.
* Bölgənin enerji təminatı sahəsində: 1 ədəd 330 kV-luq, 11 ədəd 110 kV-luq yarımstansiyalar,
14 su-elektrik stansiyası istismara buraxılıb, ümumi uzunluğu 709 km olan 14 elektrik verilişi xətti istifadəyə verilib.
* 12 su-elektrik stansiyasının tikintisi və ya yenidən qurulması davam etdirilir.
* Suqovuşan və Xaçınçay su anbarları təmir-bərpadan sonra istifadəyə verilib.
* İşğaldan azad edilmiş ərazilərin 115 min hektardan artıq ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
İrimiqyaslı infrastruktur layihələri
Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdək vəsait ayrılıb.
Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq.
Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su-elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq.
İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanın doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqlarının inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaq.
Postmüharibə dövrü üzrə sosial dəstək
* Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramı icra olunur. Bu proqram həmin şəxslərdən ibarət 126 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 326 min xidmət göstərilib.
* Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, postmüharibə dövründə onlara 6000, ümumilikdə ötən dövrdə 14800, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 476 avtomobil, ümumilikdə ötən dövrdə 7600 avtomobil verilib;
* Şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş təyin olunub;
* 11 min nəfərə 56,3 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
* 21 minədək şəxsin məşğulluğu təmin edilib (o cümlədən 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub);
* Müharibə ilə əlaqədar əlilliyi olan 2080 şəxs 50 minədək reabilitasiya vasitəsi (o cümlədən 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə) təmin olunub;
* Vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 104 min şəxsə xidmətlər göstərilib.
Keçmiş məcburi köçkünlərə qayğı
2010-2020-ci illərdə 59 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Beləliklə, 31 min məcburi köçkün ailəsinin, yəni 118 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 16 fin tipli qəsəbədən sonuncusu 2016-cı ildə ləğv edilib.
2010-2020-ci illər ərzində qaçqın və keçmiş məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 5,7 milyard manat vəsait ayrılıb. Ötən 10 ildə keçmiş məcburi köçkünlər arasında yoxsulluq həddi 23 faizdən 8 faizə düşüb. 2010-2020-ci illərdə keçmiş məcburi köçkünlərə verilmiş vahid aylıq müavinətin məbləği 1,8 milyard manat olub.
Keçmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Prezident İlham Əliyev tərəfindən iki dəfə sərəncam imzalanıb, müavinətin məbləği müvafiq olaraq 10% və 50% artıb.
Hörmətli seçici!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırıb. Prezident İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
İnanırıq ki, yaranmış yeni reallıqlar fonunda bu mürəkkəb missiyanın həyata keçirilməsi üçün siz cənab İlham Əliyevi dəstəkləyəcək, bununla da gələcək tərəqqi və rifahımıza dəyərli töhfənizi verəcəksiniz.