Onlar 13 nəfər idilər. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsinin 13 məzunu. Azərbaycanın görkəmli teatr, kino rejissoru, aktyor-pedaqoq Adil İsgəndərovun kursunu bitirən kimi onların hamısını təyinatla Lənkərana teatr açmağa, daha dəqiq desək, bu cənub şəhərində vaxtilə fəaliyyət göstərmiş Dövlət Dram Teatrının işini bərpa etməyə göndərmişdilər.
İki-üç ildən sonra Lənkərana teatr açmağa gələnlərin əksəriyyəti əyalət şəhərinin çətinliklərinə dözməyərək paytaxt Bakıya qayıtdı. Onlardan cəmi 3 nəfər - sədaqətli ömür-gün yoldaşları olan respublikanın Xalq artisti Böyükxanım Əliyeva ilə Əməkdar artist, "Tərəqqi" medallı Təvəkkül Əliyev və bir də uzun müddət bu sənət ocağına rəhbərlik edən Əməkdar artist Elşad Zeynalov həmişəlik öz talelərini Lənkəranla bağladılar. Onlar istər həyat yollarında, istərsə də sənətdə əldə etdikləri nailiyyətləri məhz Lənkəranda qazandılar. Buradaca ailə qurub, ev-eşik və ad-san sahibi oldular. Elşad Zeynalov 2006-cı il yanvarın 5-də 55 yaşında haqq dünyasına qovuşdu. Ondan 11 il sonra, 2017-ci ilin 23 yanvarında isə Təvəkkül Əliyev də bu dünyanı tərk edərək əbədiyyətə qovuşdu...
Təvəkkülü Lənkəranda hamı tanıyır və sevirdi. O da qarşılıqlı olaraq bu diyara qəlbən bağlanmış, özünə çoxlu dost qazanmışdı. Söhbət düşəndə bəzən zarafatyana Talış dağlarını göstərib: "Odur ey, oralıyam - Barzavuluyam", - deyərdi.
Onu teatrda aktyor kimi işə başladığı dövrdən tanıyırdım. İndiki kimi yadımdadır. 1973-cü il dekabrın 6-da yenicə fəaliyyətə başlayan Lənkəran Dövlət Dram Teatrının tamaşa zalına iynə atsaydın yerə düşməzdi. Tamaşaçılar kəndli-şəhərli hamı teatrın ilk tamaşasına baxmağa gəlmişdi. Onların arasında Bakıdan dəvət olunan tanınmış sənətçilər, ziyalılar, şair və yazıçılar, o cümlədən "Yaxşı adam" əsərinin müəllifi Mirzə İbrahimovla onun ailə üzvləri də vardı. Gənc aktyor Təvəkkül Əliyev teatrın pərdəsini açaraq titrək addımlarla səhnənin qarşısına çıxdı və özünəməxsus gur səslə Lənkəran Dövlət Dram Teatrının fəaliyyətə başlaması münasibətilə tamaşaçıları təbrik etdi. Daha sonra sürəkli alqışlar altında tamaşa başlandı. Həmin gün gənc aktyorların hamısı rollarının öhdəsindən layiqincə gələ bildilər. Təvəkkül Əliyev isə Azər rolunun ifası ilə teatra parlaq fərdi xüsusiyyətlərə malik olan qeyri-adi bir aktyorun gəldiyini nümayiş etdirdi. İllər ötdükcə aktyor xaraktercə bir-birindən fərqli rollarda çıxış etdi, tamaşaçılarını gah güldürdü, gah düşündürdü, gah da göz yaşları axıtmağa sövq etdi. Tamaşadan-tamaşaya özü də inkişaf etdi, püxtələşdi, müdrikləşdi.
Onu Lənkəranda saxlayan tamaşaçı məhəbbəti idi
Təvəkkül məsuliyyətli aktyor idi. Rolunun üzərində az qala əsirdi. O, istənilən obrazı sadəcə səhnədə ifa etməklə işini bitmiş hesab etmirdi. Hələ məşq prosesində rolun məxsus olduğu tarixi şəraiti, mühiti, mənsubiyyətini öyrənib mənimsəyərdi.
Söhbət düşəndə deyirdi ki, məni Lənkəranda saxlayan tamaşaçı məhəbbəti və qayğısı olub: "Bəzən Böyükxanımla (aktyorun ömür-gün yoldaşı, Azərbaycanın Xalq artisti Böyükxanım Əliyeva - A.B) bir neçə günlüyə Bakıya getmişik, amma Lənkəran üçün, tələbkar tamaşaçılarımız üçün darıxdığımızdan müddətdən əvvəl geri qayıtmışıq. Qürur hissi keçirirəm ki, məhz Lənkəran teatrının səhnəsində öz sözünü demiş, püxtələşmiş aktyor səviyyəsinə ucala bilmişəm. İndinin özündə belə yolda, küçədə tamaşaçılarla qarşılaşarkən onlar bizə oynadığımız rolların adları ilə müraciət edirlər. Belə tamaşaçını necə sevməyəsən? Belə şəhəri, belə teatrı necə tərk edəsən?"
Doğrudan da, o, ömrünün sonuna kimi əhdinə sadiq qaldı, Lənkəranı tərk edib heç bir yerə getmədi. Teatrın səhnəsində isə 100-dən artıq rolda çıxış etdi. Onları sadalamaqla qurtaran deyil: Aydın (C.Cabbarlı "Aydın"), İldırım Bəyazid (H.Cavid "Topal Teymur"), Anton Antonovıç (N.Qoqol "Müfəttiş"), Aleksey (Bs.Vişnevski "Nikbin faciə"), Ezop (Fiqereydo "Ezop"), Nəcəf bəy (Ə.Haqverdiyev "Dağılan tifaq"), Şeyx Nəsrullah (C.Məmmədquluzadə "Ölülər"), Əmir Teymur (T.Zülfüqarov "Kəklikli qəfəs"), Azər (M.İbrahimov "Yaxşı adam"), Zaur (Anar "Təhminə və Zaur"), Mahmud (Elçin "Mahmud və Məryəm"), Polya Luici ("Dəmir sinif", A.Nikolai)...
Əlbəttə ki, bu obrazların hər biri ayrılıqda bir tədqiqat materialı səviyyəsindədir və biz onların hamısının təhlilini vermək fikrindən uzağıq. Amma bununla belə aktyorun yaratdığı bir neçə rol üzərində dayanmağı məqsədəuyğun hesab edirik.
Qismətinə baş qəhrəman obrazını yaratmaq düşmüşdü
Xalq şairi Nəbi Xəzrinin "Sən yanmasan" əsərinin tamaşasında T.Əliyevin ifa etdiyi Eldar obrazı barədə Lənkəranın yaşlı tamaşaçıları bu gün də xoş xatirələrlə söz açırlar. O, obrazın daxili aləmini özünəməxsus cizgilərlə açaraq, təkcə müsbət xarakterini deyil, eyni zamanda həm də mənfi xüsusiyyətlərini göstərməyi bacarırdı. Aktyor Eldarın simasında daxilən çürük, buqələmun kimi rəngdən-rəngə girən tiplərin ümumiləşdirilmiş obrazını yaratmışdı.
Yazıçı Məmmədhüseyn Əliyevin "Ana fəryadı" tamaşası da Lənkəran teatrının tarixində xüsusi yer tutur. İkinci dünya müharibəsinin xalqımızın həyatından izsiz ötüşmədiyini və minlərlə ailəyə bədbəxtlik gətirdiyini əks etdirən bu səhnə əsərində "qara kağızı" gəlmiş İlyasın (rolda Təvəkkül Əliyev) on beş ildən sonra doğma yurda qəfil qayıdışı onun doğmalarının həyat tərzini tamam alt-üst edir. Belə ki, İlyasın arvadı onun anası Bəyimin təhriki ilə artıq xalası oğluna ərə gedib. Mövcud vəziyyətdən hamı çaş-baş qalıb. Bütün ailə İlyasın yanında özünü günahkar saydığından onun gözündən qaçır. Belə məqamda İlyas üzünü görmədiyi doğma qızı Mirvari ilə söhbətləşib dərdləşir. Daha sonra İlyas tənhalığa qapılır, fonoqramma ilə səhnədən onun daxili monoloqu ucalır. Beləcə aktyor, sözün həqiqi mənasında, bu monoloqu yaşantılarla ifa edir. Onun sifətindəki cizgilər qəhrəmanının müharibədə necə böyük əzab-əziyyətlərdən keçdiyini, göz yaşları isə İlyasın acı taleyi üçün daxilən necə yandığını göstərir. Bu obrazı ilə T.Əliyev özünü həm də səhnənin mahir ifaçısı kimi sübuta yetirir.
Aktyor məhz belə müsbət keyfiyyətləri ilə C.Cabbarlının "Aydın" tamaşasında böyük arzularla yaşayan, lakin əli heç bir yerə çatmayan Aydını, H.Cavidin "Topal Teymur"unda başı eyş-işrətə qarışmış, xalqın vəziyyəti ilə maraqlanmayan hökmdar Yıldırım Bəyazidi, Anarın "Şəhərin yay günləri"ndə hər şeyi pulla həll etməyə çalışan Ağarəfini, S.Vurğunun "Fərhad və Şirin" dramında öz sevgisi uğrunda Xosrovla baş-başa gələn, bunun üçün hətta dağları parçalayan Fərhadı və onlarla müxtəlif xarakterli obrazları yaratmaqla tamaşaçıların rəğbətini qazanmışdı.
Təvəkkülün son ifası isə Əli Vəlioğlunun "Əsrlərin harayı" tamaşasında Midiya hökmdarı Astiaq obrazı oldu. Aktyor qanı-canı bahasına bu obrazı yaratmışdı. İstedadının bütün coşğunluğu ilə Astiaqın ziddiyyətlərlə dolu həyatını açıb göstərməyi bacarmışdı. Ölümündən cəmi üç gün əvvəl də bu obrazda səhnəyə çıxmışdı.
Yanvarın 23-də bir daha 43 ildən bəri canından da çox sevdiyi səhnəyə qayıdışı oldu. Amma budəfəki - sonuncu tamaşanın müəllifi də, ifaçısı da özü idi. Yenə də qədirbilən dostları, pərəstişkarları Təvəkkülün yanında idilər, onu alqışlayırdılar. Amma bu alqışlar göz yaşlarına qarışmışdı. Tamaşaçılar sevimli aktyorlarını son mənzilə yola salırdılar...
Təvəkkül Əliyev Əməkdar artist fəxri adına layiq görülmüşdü, "Tərəqqi" medalı ilə təltif olunmuşdu. Xalq artisti adını almasa da, xalqın artisti idi. O, bu adı qazanmışdı və buna mənəvi haqqı da var idi. Bu barədə söz düşəndə deyirdi: "Postsovet dövrünün bəzi naqis xüsusiyyətləri öz diktəsini etməkdədir. O vaxt belə bir qayda vardı: ərlə arvad, yaxud da ata ilə uşaqları bir idarədə, bir müəssisədə işləyə bilməzdilər. "Qohumbazlıq" deyilən bir məfhum yaranmışdı. Bizim işimiz də buna oxşayır. Söz düşəndə deyirlər ki, Böyükxanımla siz ər-arvadsınız, ikinizə də eyni bərabərlikdə yerimək olmaz. Əslində, belə şeylər gərək yaradıcı insanlara şamil edilməsin. Mənimlə Böyükxanımın bir-birindən fərqli dəst-xətimiz var. Amma bunun fərqinə varmırlar. Belə çıxır ki, Böyükxanım xalq artisti olduğundan bu şərəfə mən layiq görülə bilmərəm. Əslində, bunun mənim üçün elə bir əhəmiyyəti də yoxdur. Əməkdar artist olsam da, Xalq artisti səviyyəsində çalışıram".
Ürəyində bir arzusu vardı: Kral Liri oynamaq
Teatrda hazırlanan tamaşaların əksəriyyətində baş qəhrəmanı oynamaq Təvəkkülün qismətinə düşmüşdü. Ürəyində bir arzusu da var idi: Kral Liri oynamaq. Amma ömür ona bu arzusunu gerçəkləşdirməyə imkan vermədi.
Son illər o, həm də kino aktyoru kimi tanınmışdı. Bir sıra bədii filmlərdə, teleseriallarda maraqlı rollarda çəkilmişdi. Ümumilikdə isə Təvəkkül 15 filmdə müxtəlif səpkili rolları ifa edib. Onun kinoda axırıncı işi "Əli və Nino" filmində olub. Burada aktyor məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin obrazını yaradıb. Daha bir neçə filmə də dəvət almışdı...
Qeyd edək ki, Təvəkkül Əliyev özünü həm də rejissorluq sahəsində sınayıb. Əsasən də uşaqlar üçün tamaşalar hazırlayardı. İş prosesində onun necə tələbkar sənətçi olmasının şahidi idik. "Mən hər şeydən əvvəl aktyoram, həm də peşəkar aktyoram. Amma ara-sıra teatrda tamaşa hazırlamaq isə mənim təcrübəmdən irəli gələn bir işdir. Rejissor vəzifəsinin məsuliyyəti böyükdür və mən belə bir yükün altına girməyə cürət etmərəm. Ötən onilliklər ərzində çoxlu rejissorla işləmişəm, hərəsinin dəst-xətindən müəyyən qədər bəhrələnmişəm", - deyirdi.
T.Əliyev həmçinin gənc aktyorların hamisi idi. Biliyini, təcrübəsini heç kimdən əsirgəmirdi. Onun gözünün qabağında onlarla aktyorun püxtələşməsinə, sənətin sirlərini əxz etməsinə uşaq kimi sevinərdi.
Ömrünün müdrik çağında da məhsuldar fəaliyyətini davam etdirən Təvəkkül Əliyev sübut etmək istəyirdi ki, hələ ürəyində kifayət qədər deyilməmiş sözü vardır. 65 illik ömrünün 43 ilini səhnə sənətinə həsr edən Təvəkkül Əliyev həm də gözəl ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, mehriban ata və baba idi. O, nəvələrini özünün ən böyük var-dövləti hesab edirdi.
Heyif ki, ölüm onu aramızdan tez apardı. Lənkəran tamaşaçısı düz səkkiz ildir ki, onsuz qalıb. Teatr özü də onun məsləhətlərinə, göstərişlərinə möhtacdır. Amma əziz xatirəsi unudulmur və illər, qərinələr keçsə belə, yenə unudulmayacaq. Təvəkkül Əliyev bir-birindən gözəl, rəngarəng səhnə obrazları, kinofilmlərdəki rolları ilə əbədi yaşayacaq.
Ağaddin BABAYEV,
Lənkəran